Araz çayı quruyur? Güney Azərbaycan

Araz çayı quruyur?

İran mətbuatı Araz çayının suyunun azalması və günbəgün quruması ilə bağlı xəbər yazıb.
Panoram.az-ın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, xəbərdə çayda suyun səviyyəsi azaldığından bəzi yerlərin quruyaraq torpağa çevrildiyi, hətta Araz çayı üzərindəki su anbarındakı ehtiyat suyun belə xeyli aşağı düşdüyü qeyd olunub.
İranın Ərdəbil vilayətinin Regional Su Təsərrüfatı İdarəsinin müdiri Davud Nəcəfi məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, bölgənin əsas su mənbəyi olan Araz çayı quruyub: "Mən həmişə bu çayın heç vaxt qurumayacağını düşünmüşəm. Bu gün Araz çayı 400 min nəfərin, xüsusilə kənd təsərrüfatının suvarılmasında, heyvanların və insanların içməli su ilə təmin olunmasında böyük rol oynayır. Bu da çayda və anbarda suyun səviyyəsinin azalmasına gətirib çıxarıb. Əgər yağış yağmasa, suvarma və su təminatı mümkün olmayacaq".
O, Araz çayının suyunun 90 milyon kubmetrinin istifadə edildiyini xatırladaraq, bölgədə 30 min hektar ərazinin qurumaq təhlükəsi ilə üzləşdiyini söyləyib: "Bu çayın mənbəyinin həcmi 45 faiz azalır. Buna səbəb Türkiyədə çay boyunca bəzi layihələrin həyata keçirilməsidir. Hətta bu cür davam edərsə, yaxın gələcəkdə Araz çayı cari ehtiyacları belə təmin edə bilməcək".
Qeyd edək ki, Araz çayı Azərbaycan, Türkiyə, İran və Ermənistanın transərhəd çaylarıdır.