
Səccad Əfruzian isə Marağa zindanına salınıb
Azərbaycanlı milli-mədəni fəal İsrafil Soltanian Tehranın Evin zindanından azadlığa buraxılıb. Tehranda fevralın 21-i Dünya Ana Dili Günündə mərasim keçirərkən saxlanılan Soltanian fevralın 26-da sərbəst buraxılıb. Lakin onunla birlikdə tutulan Əkbər Azad, Əlirza Fərşi və Mənsur Fəthi hələ də Evin zindanında saxlanılır.
Tehranda tutulan fəalların durumu ilə bağlı narahatlıq doğuran məlumatlar var. Xatırladaq ki, iki ayağından əlil olan İsrafil Soltanian, Əziz Fərşi, Mənsur Fəthi və Muctaba Musəvi digərlərindən amansızlıqla və işgəncələrə məruz qalıblar. Hətta Mucata Musəvinin durumunun ağır olduğu xüsusi qeyd olunur. Onun işgəncələr nəticəsində ciddi problemlərlə rastlaşdığı və sidiyində qan müşahidə olunduğu bildirilir. M.Musəvinin astma xəstəliyindən əziyyət çəkməsi onun vəziyyətini daha da pisləşdirib.
Məlikanlı milli-mədəni fəal Səccad Əfruzian isə fevralın 25-də Məlikanın ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsindən Marağa zindanına etap edilib. S.Əfruzian fevralın 20-də Məlikanda Kərim Fəyyazi ilə birlikdə tutulub 2 gün polis idarəsində saxlanıldıqdan sonra Marağa zindanı, sonra isə Məlikanın ETTELAAT idarəsinə intiqal edilmişdir. O hazırda aclıq aksiyası keçirrir. ETTELAAT məmurları onun ailəsini təhdid ediblər. Onlara bildiriblər ki, əgər S.Əfruzian aclığa son qoymazsa onun üçün yaxşı olmayacaq.
Lakin milli-mədəni fəal öz ailəsi ilə qısa telefon əlaqəsi saxlarkən bildirib ki, aclıq aksiyasını dayandırmaq fikri yoxdur.
Qeyd edək ki, bundan əvvəl azərbaycanlı fəal Abbas Vəlizadə ilə birlikdə 2012-ci il dekabrın 30-da Məlikan (Məlikkəndi) şəhərində həbs edilən M.Kuxiya marağa həbsxanasından azad edilib. O, "Facebook"da İran hakimiyyətini tənqid edən yazılarına, şəhərin mərkəzi xiyabanındakı körpüdən "Urmiya gölü quruyur" plakatı asdığına və həmin şəkili öz səhifəsində yaydığına görə tutulmuşdu. Milli fəal aprelin 15-də Marağa İnqilab Məhkəməsinin qərarı ilə ailəsinin qoyduğu 40 milyon tümən zəmanətlə sərbəst buraxılıb.
Marağa İnqilab Məhkəməsi hakimiyyətin əleyhinə təbliğat aparmaq, dini inancları, İslam müqəddəslərini və İranın ali dini lideri, ayətullah Əli Xamneyini təhqir etmək ittihamları əsasında M. Kuxiyana bir il həbs cəzası verib. Ancaq azərbaycanlı fəal M.Kuxiyan "Facebook"da fəaliyyətini davam etdirdiyinə görə yenidən 2013-cü il mayın 25-də Məlikkəndi şəhərində öz evində tutulub. Mənzildə axtarış aparılıb, M. Kuxiyana məxsus noutbuk, mobil telefon, kitablar və bir sıra şəxsi əşyalar müsadirə edilib, azərbaycanlı fəalın özü isə döyülüb. Eyni zamanda Marağa İnqilab Məhkəməsi birinci şöbəsi Mehdi Kuxiyanı hakimiyyət əleyhinə təbliğat aparmaqda günahlandıraraq ona həbsdəykən daha bir il həbs cəzası verib. Azərbaycanlı fəal Marağa şəhərinin zindanında ağır psixi və fiziki işgəncələrə məruz qoyulduğundan mədəsində, ağciyərində və böyrəklərindəki nasazlıqdan əziyyət çəkir. O, şəhər xəstəxanasında müalicə almaq üçün yanvarın 25-də 4 günlüyə evə buraxılıb. M.Kuxiyan bundan əvvəl də üç həftəliyə azadlığa buraxılıb, Təbriz xəstəxanalarında müalicə alıb. Azərbaycanlı fəal həbs müddətində aclıq aksiyası da keçirib.