İranda tanınmış islahatçı qəzetin nəşri dayandırılıb, baş redaktoruna həbs cəzası verilib Güney Azərbaycan

İranda tanınmış islahatçı qəzetin nəşri dayandırılıb, baş redaktoruna həbs cəzası verilib

İranda tanınmış islahatçı qəzetin nəşri dayandırılıb, baş redaktoruna isə həbs cəzası verilib.
APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, Tehran vilayətinin Cəza Məhkəməsinin 76-cı şöbəsi "Bahar" qəzetinin nəşrinə 6 ay müddətinə qadağa qoyub. Məhkəmə həmçinin iki il müddətinə təxirə salınmaqla qəzeti baş redaktoru olan Səid Purəziziyə 91 gün həbs cəzası verib.
Qeyd edək ki, "Bahar" qəzetinin nəşri İran İslami İrşad və Mədəniyyət Nazirliyinin Mətbuata Nəzarət Şurası tərəfindən oktyabrın 28-də dayandırılıb və işi məhkəməyə göndərilib. Buna səbəb mətbu orqanın oktyabrın 23-də "İmam, siyasi lider və ya iman modeli" başlığı altında məqalə dərc etməsidir. Nəticədə "Fars" xəbər agentliyi və "Keyhan" qəzeti belə bir yazının dərc olunmasını ciddi tənqid ediblər və bunu islahatçıların imamlara hücumu kimi qələmə veriblər. Bundan sonra "Bahar" qəzetinin rəhbərliyi oktyabrın 26-da bildiriş dərc edərək üzr istəmək məcburiyyətində qalıb. Ancaq bu, qəzeti nəşrinə qadağa qoyulması qərarından xilas etməyib. Hətta S.Purəzizi də oktyabrın 31-də saxlanılaraq Tehranın Evin həbsxanasına salınsa da, bir müddət sonra zəmanətlə azadlığa buraxılıb.
Xatırladaq ki, "Bahar" Həsən Ruhaninin avqustun 4-də İranda hökumət başına gəlməsindən sonra nəşri dayandırılan ilk qəzetdir.