Təbrizdə sorğulanan bakılı: “Ermənicə, rusca…” Güney Azərbaycan

Təbrizdə sorğulanan bakılı: “Ermənicə, rusca…”

Bakıdan Təbrizə gedən futbol azarkeşi Famil Salehoğlu saxlanıb

Axar.az xəbər verir ki, azərbaycanlıların "Traktorsazi" komandasının oyununa baxmağa gedən azarkeş problemlə qarşılaşıb. Bunu Komanda.az-a danışan F.Salehoğlu deyib ki, matçdan bir gün əvvəl "Traktor"un atributlarını alıblar:
"Həmçinin, üzərində türk dilində "Hər kəs sevər, biz ölürüz" sözləri yazılmış şərf də aldıq. Elə hər şeyə səbəb də bu yazı oldu. Nə isə, getdik stadiona. Hətta üzümüzə "T" hərfi yazdırdıq ki, xalis azarkeş olaq. Bir nəfər mülki geyimli şəxs, səhv etmirəmsə, ləhcəmə görə mənə yaxınlaşdı. Boynumdan asdığım şərfə baxmaq istədiyini söylədi. Mən də göstərincə, daha bir nəfər yaxınlaşdı və onlarla getməli olduğumu söylədi. Stadionun girişində ofis idi, nə idi, bilmədim, məni ora apardılar. Başladılar sorğu-suala. Səbəb kimi onu göstərdilər ki, türk dilində yazılmış şərfin boynumdan asılması qeyri-qanuni imiş. Erməni, rus və digər dillərdə yazı yazılsa olar, bircə türk dili olmazmış, qardaş. Məni düz iki saat sorğu-sual etdilər".
Mülki geyimli şəxslər onun azarkeş olduğuna inanmayıblar:
"Tərslikdən pasportlarımız da oteldə qalmışdı. Otelin kartını verdim, zəng edib dəqiqləşdirdilər. Dedilər, səni buraxacağıq, amma futboldan sonra. Başladım səs-küyə ki, mən futbola gəlmişəm, imkan vermirsiz baxım. Birinci hissənin başa çatmasına 15-20 dəqiqə qalmış məni bir şərtlə buraxdılar ki, oyundan sonra təkrar qayıdım onların yanına. Orda Əli adlı bir dostum var, onun dilindən iltizam alıb buraxdılar oyuna baxmağa. Yanıma da bir nəzarətçi qoşdular. Telefonumu və üzərimdəki pulu-zadı da girov götürdülər ki, qayıdanda verəcəyik. Oyundan sonra sorğu-sual yenə davam etdi. Axırda biri dedi ki, səni buraxırıq, amma bir şərtlə ki, stadiona bir də belə şərf gətirmə. Soruşdu ki, yenə gələcəksən? Dedim, bu dəfə Azərbaycanın bayrağını gətirəcəm. Fikrini dəyişdi, dedi, onda otur çay iç, qoy rəisimiz gəlsin, o buraxsın səni. Sorğu-sual təzədən başladı. Dedilər, bəlkə qaçaq gəlmisən? Dedim, a kişi, qaçaq Amerikaya, Avropaya gedərlər.
Axırda rəis dedikləri Fazil adlı adam gəldi. O da bir qədər sorğu-sual etdi. Dedi, get, ancaq şərfi bir də gətirmə. Mən də şərfi boynuma asıb çıxdım ordan".