İran parlamentinin deputatı: “Urmiya gölü qurusa, Təbriz tamamilə yaşana bilməyəcək vəziyyətə gələcək” Güney Azərbaycan

İran parlamentinin deputatı: “Urmiya gölü qurusa, Təbriz tamamilə yaşana bilməyəcək vəziyyətə gələcək”

"Əgər Urmiya gölü quruyarsa, onun duzları İranın bütün ərazisinə ziyan vuracaq, eyni zamanda Təbriz şəhəri tamamilə yaşana bilməyəcək vəziyyətə gələcək".
APA-nın AZOH-a istinadən verdiyi məlumata görə, bunu İran parlamentində Təbriz, Azərşəhr (Tufarqan) və Üskü şəhərlərini təmsil edən azərbaycanlı deputat Əlirza Monadi bildirib.
Onun sözlərinə görə, Urmiya gölü ölür: "Bu gün bunu bir daha bəyan edirəm. Ancaq bununla belə, indiyədək sözlərimizin heç bir əməli nəticəsi olmayıb. Halbuki Urmiya gölünün xilası məsələsi müqavimət iqtisadiyyatının icrasının mühüm göstəricilərindən biri olmalıdır".
Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70%-i 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.