“PFL-in imkanı olsa...” İdman

“PFL-in imkanı olsa...”

Ramin Musayev: "Mən də istərəm ki, bizim klublar süni ot örtüyünə "yox" desinlər, meydançaları təbii örtüklü olsun"

Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin apasport.az saytına müsahibəsi
- Klublar Komitəsinin iclasında AZAL klubu təklif edib ki, Premyer Liqada sonuncu yeri tutan komanda I divizionun üçüncüsü ilə pley-off oyunları keçirsin. PFL prezidenti olaraq, siz bu ideyanı dəstəkləyirsizmi?
- Xeyr, dəstəkləmirəm. Əvvəla, bu, Premyer Liqa komandalarında arxayınlıq yarada bilər. Düşünərlər ki, onsuz da, sonuncu yeri tutsaq belə, I divizionun üçüncüsündən səviyyəcə üstün olacağıq. I divizionda 3-cü yerə çıxan komanda isə ruhdan düşə bilər. Bir də ki, bunu nə PFL, nə də Klublar Komitəsi təyin edir. Həmin məsələ İcraiyyə Komitəsində müzakirə olunacaq. İnanmıram ki, bu məsələ ilə bağlı müsbət rəy verilsin.
- Bu ideya hazırda Premyer Liqada sonuncu pillədə qərarlaşan və elitanı tərk etməyə ən real namizəd olan AZAL-ın özünü sığortalamaq xarakteri daşımır?
- Elə deməzdim. Hələ qarşıda neçə tur var. Bu, tək AZAL-ın fikri deyil.
- İclasda Premyer Liqa təmsilçilərinin meydançalarının vəziyyəti də müzakirə olunub. Xüsusən, "Qarabağ" və "Qəbələ" bununla bağlı narazılıqlarını dilə gətirərək, 8 komandadan 5-nin meydanında futbol oynamağın mümkün olmadığını bildiriblər. Olmaz ki, növbəti mövsümöncəsi klubların qarşısında meydançalarla bağlı tələblər qoyulsun?
- Vaxtilə bir stadionda 4 komanda oynayırdı. Elə stadionlar var idi ki... "Neftçi"də işləyəndə "Simurq"la görüşdə özüm başda olmaqla, klubun məşqçiləri və futbolçuları "qubka" ilə stadiondan su yığmışıq ki, təki oynayaq. Bəs necə olurdu ki, onda oynayırdıq? Bunu tələb edən klubların indiki vəziyyətləri yaxşıdı, amma keçmiş vəziyyətlərini unutmayaq. Sözüm ondadı ki, hər şeyi birdən həll etmək olmur, öz vaxtı var. Biz bu gün "Kəpəz" klubunun maddi durumunu fikirləşməliyik. Sözsüz ki, yarışları keçirən qurumun rəhbəri kimi, mən də stadionların durumunun daha yaxşı olmağını istəyərəm. Bəli, "Qəbələ"nin, eləcə də "Neftçi" və "Qarabağ"ın stadionuna gedəndə ürəyimiz açılır. Mən də istərəm ki, bizim klublar süni ot örtüyünə "yox" desinlər, meydançaları təbii örtüklü olsun. Peşəkar Futbol Liqası yaranandan bütün klublar hər il eyni toplarla oynayırlar. Bunu ona görə fikirləşdik ki, vaxtilə klublar fərqli toplarla oynayırdılar və nəticədə hər oyunda eyni peşəkarlığı göstərə bilmirdilər.
- Razılaşaq ki, yararsız meydanlarda da futbolçular öz keyfiyyətlərini tam göstərə bilmirlər...
- Sözümü elə ona gətirirəm. Biz klublar üçün narahat idik. Futbolçuların bütün matçlarda peşəkar oyun göstərməkləri üçün eyni toplar aldıq. Çox şükürlər olsun, hazırda bütün komandalar eyni toplarla oynayırlar. Vaxtilə 1 stadiondan 4 komanda istifadə edirdisə, bu gün elə şey yoxdu. Sözsüz ki, bunların hamısı yavaş-yavaş düzələcək. Amma qəti qərar versək ki, məsələn, "Kəpəz" növbəti mövsümdən həmin stadionda oynaya bilməz, bu, klub üçün ağır olar. Biz də bu məsələ ilə bağlı çalışırıq, söhbətlər edirik, danışıqlarımız gedir. İstərdik ki, stadionlarda vəziyyət daha yaxşı olsun. Siz demişkən, normal meydança, normal ot örtüyü olmasa, orda necə peşəkar oyun göstərmək olar? Mən də bunun tərəfdarıyam. PFL-in imkanı olsa, başqa normal sponsorlar tapsaq, həmin puldan da ayıraram. PFL-ə 1 il müddətinə lazım olan pulu saxlayıb, qalanını klubların hesabına keçirə bilərəm ki, stadionlarını düzəltsinlər. Bu, hamımız üçün vacibdi. Həmin stadionlarda təkcə böyüklər oynamır, orda uşaqlar da məşq edirlər. Razıyam, stadionlarını dəyişsinlər, amma imkan daxilində. Artıq "İnter" rəhbərliyi ilə danışmışıq. Onlar bu il qərar qəbul etdilər ki, "İnter Arena"nın ot örtüyünü dəyişəcəklər. Gəncədəki stadionla bağlı da söhbət gedir. "Sumqayıt" və AZAL klublarının meydanlarını da nəzərdə almışıq. Bu gün üçün konkret onu deyə bilərəm ki, "Kəpəz" və "İnter"in stadionları növbəti mövsümdə ürəkaçan vəziyyətdə olacaq.
- Çempionatın cari mövsümü rəqabət və səviyyə baxımından Ramin Musayevi qane edirmi?
- Niyə qane etməsin ki?
- Əksəriyyət komandaların sayının azlığından, eləcə də çempionatda istənilən rəqabətin getməməyindən narazıdı...
- İki klubumuz hazırda Avropa Liqasının qrup mərhələsində iştirak edir. Ən azı, "Qarabağ" bizi sevindirəcək. Sözsüz ki, hər çempionatda nöqsanlar var. Görürsüz ki, Premyer Liqa iştirakçılarının hamısı oyunlara çıxır. Düzdü, klublarımızda maddi vəziyyət eyni deyil. Çox şey də elə bundan asılıdı. Başqa ölkələrə baxanda və bu günü nəzərə alanda "çox şükür" deyirəm. Ancaq çempionatımızın daha yaxşı olmağı üçün maddi durum böyük əhəmiyyət kəsb edir. Təkcə bizdə yox, dünyanın çox yerində maddi durumla bağlı klublarda zəifləmə hiss olunur. Bu nə klub rəhbərlərindən, nə də AFFA və PFL-dən asılıdı.
- Növbəti mövsümdə çempionat konkret neçə komandanın iştirakı ilə keçiriləcək: 10, yoxsa 12?
- Hələ bu məsələ dəqiqləşməyib. Minimum 10 komanda olacaq. Sponsorlar tapılsa və komandalarımızın vəziyyəti yaxşı olsa, istərdik ki, Premyer Liqa 12 komandanın iştirakı ilə keçirilsin.