Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası İdman

Con Kerrinin Konqresdəki ofisindən idarə olunan anti-Azərbaycan kampaniyası

Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı "qara piar" aparması həvalə olunmuş təşkilatların, KİV-in və şəxslərin adı bu yazıda!

I Avropa Oyunlarının başlanmasına bir ay yarımdan da az vaxt qalır. Azərbaycan ümumavropa ailəsinin tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Qısa dövr ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri, kompleksləri yaradılıb, Azərbaycana səfər edəcək idmançıların, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində bildirib ki, "belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı". Bu ilin yanvarında Davosda "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatı mərasimində çıxışı zamanı isə cənab Hikki demişdi ki, ""Bakı-2015" Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər".
Patrik Hikkinin də fikrindən görünür ki, Azərbaycan həm qısa müddət ərzində böyük idman tədbirinə hazırlıq dövrünü başa çatdırmaqla rekorda imza atıb, həm də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacarıb. Ən azından buna görə l Avropa Oyunlarını qəbul etməyə, oyunların yüksək səviyyədə keçirilməsi üçün genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu işə səfərbər etməyə dəyərdi. Bu, ümumilikdə, Azərbaycan dövlətinin və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş müasir Azərbaycanı dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsətdir.
Çox təəssüf ki, 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək, növbəti dəfə bu fürsəti Azərbaycanın əlindən almaq niyyətini açıq şəkildə ortaya qoyublar. Təsadüfi deyil ki, hazırda insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdilir, l Avropa Oyunlarını "boykot" çağırışları edilir, möhtəşəm idman yarışlarının "əhəmiyyətsizliyi", Avropanın diqqətindən "kənarda qaldığı" rəyinin formalaşdırılmasına cəhdlər olunur. Belə demək mümkündürsə, l Avropa Oyunlarını siyasiləşdirmək, onun ətrafında birtərəfli informasiya vakkuumu yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək və son nəticədə artıq bəzi dövlətlərə qarşı istifadə olunmuş və effekt vermiş təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək planı həyata keçirilir. Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur. Çünki yaxın keçmişdə MDB məkanında digər ölkələr də Qərb dairələri tərəfindən təşkil olunmuş belə kampaniyalara məruz qalıblar. Bu fəaliyyətin əsl motivləri bəlli olsa da, həmin dairələr onu ciddi-cəhdlə gizlətməyə, qondarma iddialarla öz niyyətlərini ört-basdır etməyə çalışırlar. Konkret olaraq Azərbaycana gəldikdə, əsas motiv kimi uzun illərdir Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasında fəal iştirak edən, ölkə qanunlarını kobud şəkildə pozan, konkret cinayət halları törətdiklərinə baxmayaraq, öz himayədarlarının dəstəyi sayəsində cavabdehlikdən yayınan, lakin sonda məsuliyyətə cəlb olunmuş "5-ci kolonu"n üzvlərini müdafiə etmək məqsədi dayanır. Bir neçə gün əvvəl etibarlı mənbədən əldə etdiyimiz sənədlər planlı, məqsədyönlü şəkildə həyata keçirilən həmin fəaliyyətin əsas hədəflərini, miqyasını, konturlarını, iştirakçılarını, istifadə olunan metod və resurslarını müəyyənləşdirməyə imkan vermişdir. Azərbaycan ictimaiyyətinin də böyük marağına səbəb olacağını nəzərə alaraq, həmin sənədlərin təfsilatını açıqlamağı məqsədəuyğun hesab etdik.
ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for Democracy təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda "5-ci kolon"un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı "tərəfdaş" QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb.
Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, "Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir". Bu ayın əvvəlində Freedom House təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, "5-ci kolon"un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Onun qapalı hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində "milli şura" adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Con Kerrinin islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi tanındığını və bir çox belə təşəbbüslərin müəllifi olduğunu nəzərə alaraq, bu məlumat heç də təəccüblü görünməməlidir. Bu fakt, sadəcə olaraq ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı xətt çəkir.
"İnsan hüquqları naminə idman" kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni "qara piar" layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda l Avropa Oyunlarının, parlament seçkilərinin, "Formula 1" yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürtsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir.
Qeyd edilməlidir ki, bu il yanvarın 15-16-da Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü keçirilib. Həmin görüşdə ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need, həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human Rights Watch, vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın İnternational Media Support, həmçinin Platform London, Netherlands Helsinki Committee, İndex on Gensorship, Article XlX, İnternational Partnership for Human Rights, YouAid Foundation və digər təşkilatların nümayəndələri iştirak ediblər. Layihənin icrasına Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü, İnsan Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat Ofisi və başqa qurumların cəlb olunmasının zəruriliyi rəyi ifadə edilib.

APA Analitik Mərkəzi