Rusiya pul kisəsini İrəvan üçün açdı Dünya

Rusiya pul kisəsini İrəvan üçün açdı

Moskva yeni silah almaq üçün Ermənistana 200 milyon dollar ayırır

Cavid

Rusiya Ermənistanın, Qırğızıstanın və Tacikistanın ərzaq təhlükəsizliyinin təminatı üçün 6 milyon dollar verəcək. Moskva bu üç kasıb ölkəyə kömək adı altında marağını sürdürmək üçün 2015-2017-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Fonduna (FAO) 6 milyon dollar daxil edəcək. Rusiya Federasiyasının bu barədə qərarı hökumətin rəsmi informasiya portalında yerləşdirilib.
Könüllü ödəmə bu ölkələrin hökumətlərinə ərzaq təhlükəsizliyinin və qidalanmanın təminatında xərclərin maliyyələşdirilməsinə, həmçinin kənd təsərrüfatının davamlı inkişafına texniki köməyin göstərilməsi məqsədilə olunacaq. Üç il ərzində 2 milyon dollar, sonra isə qalan məbləğ ödəniləcək.
Ermənistan hökuməti iyulun 2-də parlamentin növbədən kənar yığıncağında dövlət ixracat kreditinin erməni tərəfinə verilməsi haqqında Ermənistan-Rusiya hökumətlərarası razılaşma sənədinin təsdiqlənməsini təklif edib. Hökumət aparatının rəhbəri David Artünyan bildirib ki, bu razılaşma yalnız hərbi-texniki əməkdaşlığa aiddir.
Bu il iyunun 27-də Rusiya Federasiyasının nəqliyyat naziri Ermənistan-Rusiya hökumətlərarası komissiyasının həmsədri Maksim Sokolov ilə Ermənistan prezidenti Serj Sarkisyan arasındakı görüşün nəticəsinə görə, yeni silahların alınması üçün Moskva tərəfindən İrəvana 200 milyon dollar məbləğində kreditin verilməsi nəzərdə tutulur.
Ümumiyyətlə, son günlər Rusiya Ermənistana aşırı dərəcədə nəzər-diqqət yetirir. Görünüən odur ki, İrəvanda davam edən etiraz aksiyası Sarkisyan hakimiyyətini ciddi narahat etdiyi kimi, Kremli də qıcıqlandırmağa başlayıb. Kremlin əndişəsi odur ki, özünün forpostu saydığı Ermənistan əldən çıxsa Cənubi Qafqazda aranı qarışdırmaq üçün Kremlin işinə yarayacaq kimsə olmayacaq, bölgədə siyasi məqsədlərini reallaşdırmaq üçün limiti tükənəcək.
Elə bu düşüncə ilə Rusiya prezidenti Vladimir Putin ötən günlərdə 2015-ci ilin sonuna kimi Ermənistana qazın, neft məhsullarının və almazın vergisiz çatdırılmasını uzadan razılaşma protokolunun təsdiqi haqqında qanun imzaladı. Rusiya və Ermənistan hökumətləri arasındakı razılaşma protokoluna əsasən daxili istehlak üçün lazım olan təbii qaz, neft məhsulları və almazın 2016-cı ilə qədər Ermənistana vergi tutulmadan ixrac olunmasının vaxtı uzadıldı. Rusiya qazın qiymətində Ermənistan üçün 25 dollar azaldıb. İndi Ermənistana verilən Rusiya qazının qiyməti min kubmetr üçün 165 dollara başa gələcək. Bundan əlavə, Moskva tərəfindən yeni silahların alınması üçün İrəvana 200 milyon dollar məbləğində kredit verilməsi planlaşdırılır.
Təbii ki, bütün bunlar ölkədə davam edən etiraz dalğasının yatızdırılması, Rusiyanın Ermənistanı Qərbə təhvil verməməsi üçün əhalini ümidləndirən addımlardır. Amma maraqlı odur ki, indi Rusiyanın özü çətin günlərini yaşayır və bu yardımlar davamlı olmayacaq. Bunu yaxşı anlayan və İrəvanın mərkəzi prospektində gecə-gündüz qışqıran insanlar təəssüf ki, ciddiyə alınmır.
İrəvanın mərkəzi Baqramyan prospektində ölkə əhalisinin oturaq piketi 13 gündür davam edir. Onlar elektrik enerjisi tariflərinin artımına qarşı çıxır və "Soyğuna yox", "Talana yox" şüarları səsləndirirdilər. Mitinq edənlər Serj Sarkisyandan qiymətlərin nizama salınması üzrə komissiyanın elektrik enerjisi tariflərinin 6,93 dram artırılması barədə qərarının tam şəkildə ləğvini istəyirlər.