İranda hökumətlə xalq arasında fikir ayrılığı mövcuddur Dünya

İranda hökumətlə xalq arasında fikir ayrılığı mövcuddur

Paraq Xanna: "Tehranda gecə saatlarında təşkil olunan ev yığıncaqları əxlaqsızlıqları ilə məşhurdur"

Cavid

Sinqapurda yerləşən Li Kuan Yu İctimai Siyasət Məktəbində Asiya və Qloballaşma üzrə Mərkəzin baş elmi işçi, "İkinci Dünya" (2008) ("The Second World") və "Dünyanı necə idarə etməli?" (2011) ("How to Run the World?") adlı kitabların müəllifi Paraq Xanna İrana etdiyi səfərin təəssüratlarını qələmə alıb.
CNN-ə istinadən müəllifin yazdıqlarını təqdim edirik.
…1979-cu il inqilabından bu yana İranın dini rəhbərliyi özü-özünü təmin etməsi ilə fəxr edib. 1998-ci ildə Hindistan və Pakistanda nüvə sınaqları keçirildikdən sonra hər iki ölkənin İranın sanksiyalar qarşısında irəliləməsi və yerli sənaye sahələrinin qurulmasına heyranlıq duyduğu məlum olmuşdu. İran daxilində isə, əlbəttə, məhdudiyyətlər arasında işləməli olan xalqı və gənclərini (əhalinin üçdə ikisinin yaşı 35-dən aşağıdır) cəzalandıran elə dövlətin özüdür. Tehranda bir həftə keçirməyiniz kifayət edər ki, vaxtı gələndə İranın, həqiqətən də, nüvə silahları ilə yox, beyni və bazarları ilə regionda üstünlüyü ələ alacağına şübhəniz olmasın.
İran Amerikanın həm təcridetmə gücünün ən çox hiss edildiyi, həm də hər şeyin bir-birilə əlaqədə olduğu dünyada rəqabət aparmaq üçün lazımi planının olmadığı ən çox görünən yerdir. Bir il əvvəl hadisələrin gedişatı müharibə ehtimalı ətrafında cərəyan edirdi, bugün isə dünyanın ən sürətlə inkişaf edən bazarına sahib olan ölkə ilə iş görülməsində üstünlüyü ələ almaq uğrunda mübarizə güclənməkdədir.
Avropa sanksiyaları qaldırmaq üzrədir, belə ki, Fransa və Almaniya təyyarə və dəzgahlar satmağa çalışır, Çin Tehran və Xəzər dənizi arasındakı Əlburz dağ silsiləsi boyu dəmir yolları və tunellər çəkir. Amerikanın "Boeing" və "GE" şirkətlərinə məxsus təchizat və avadanlıqlar yenidən satılmaqdadır. Coca-Cola isə artıq spirtisz içki bazarında öndə gedir.
İran 50 milyard dollar sərmayəyə malik olan Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən yaradılan anlaşmanın qərb tərəfidir. Avropa və Türkiyədən çəkilən dəmir yolları, Pakistan və Hindistana gedən qaz kəmərləri, Ərəbistan dənizində yeni limanlar və Şərqi Asiyadan birbaşa uçuşları qarşılayan genişləndirilmiş aeroport terminalları İranı qonşuları ilə yenidən əlaqələndirən iri layihələrin sadəcə bir neçəsidir. Bu cür mərkəzi yer tutan bir ölkənin təcrid edilməsi axıra qədər davam edə bilməzdi.
Xarici İşlər Nazirliyində rəsmilərlə saatlarla müzakirə apardıqdan sonra diplomatlardan biri məni bu sualı ilə çaşdırmağa çalışdı: "Əgər Ayətullah olsaydınız, siz nə edərdiniz?" O, mənim cavabımın nə olacağını bilirdi, çünki özləri artıq bunu edirdilər: İranı yeni İpək Yolunun mərkəzinə çevirərdim.
Tehrana gələndə məni apardıqları ilk yerlərdən biri Ayətullah Xomeyninin ev muzeyinin yerləşdiyi Camaran mahalının dar küçələri oldu. Ayətullah Xomeyninin 1979-cu ildə ən qızğın çıxışlarını etdiyi kürsü parçaya bükülmüş şəkildə boş eyvanda saxlanılır, çıxışları qeydə alan kamera isə hələ də tripod üzərində qurulu vəziyyətdə saxlanılır. Şəhərin mərkəzində yerləşən ABŞ səfirliyində 52 nəfər amerikalı girov saxlanan zaman Xomeyni kiçik guşəsindən bütün dünyanı girov saxlamışdı.
Qəribəsi odur ki, İslam inqilabı ilə sosial cəhətdən liberal bir cəmiyyəti islamlaşdırmağa çalışırdılar. Yarım əsr əvvəl də Mustafa Kamal Atatürk Türkiyənin əksəriyyəti dindar olan cəmiyyətə dünyəviliyi yeritdi. Əslində, canlı və kosmopolit bir şəhər olan İstanbul özlərini dindar hesab edən türklərin əksəriyyəti üçün bir istisnadır. İranlı gənclərin isə yalnız üçdə biri belə düşünür ki, din xadimləri siyasətdə rol oynamalıdırlar. Ancaq təbii ki, 1979-cu ildən bu yana onların çox da seçim şansı olmayıb.
Başqa bir ölkə təsəvvür etmək olmur ki, orda hökumət və xalq arasında fikir ayrılığı İranda olduğundan daha böyük olsun. Ramazan ayında ictimai yerlərdə restoranlar bağlanır, halbuki bütün Tehranda insanlar gün boyu yemək yeyir. Dövlət rəsmi şəkildə Qəbr mədəniyyətini pisləyir. Tehranın özündə isə gecə saatlarında təşkil olunan ev yığıncaqları əxlaqsızlıqları ilə məşhurdur. İranın böyük şəhərlərində evli olmayan cütlüklərin bir evdə yaşamaları da artıq qeyri-adi bir hal deyil.
Xomeyninin Camaran istinadgahı Tehranın mərkəzinə, yəni Təcrişə çox yaxındır. "SAM Center" kimi yüksək səviyyəli ticarət mərkəzlərində iranlıların "sağ ol" yerinə "merci" deməyə üstünlük vermələri fransız üslubda dekorasiya edilmiş kafelərlə uyğunlaşır. Parisdən Tokioya qədər müxtəlif şəhərlərdə yaşamış iranlı rəssamlar "Ariana" və "Mohsen" kimi qalereyalarda layiqli rəsm əsərləri nümayiş etdirirlər. On il əvvəl Tehranın cənubunda beynəlxalq və yerli sərgilərin nümayiş etdirilməsi və ingilis dilinin tədrisi üçün müxtəlif filiallarla "Bahman House" kompleksi açıldı. Monedən Polloka qədər Qərbə məxsus ən böyük müasir incəsənət kolleksiyalarından birinin saxlanıldığı Müair İncəsənət Muzeyi də yenilənib. Bu ilin əvvəli isə şəhərdə yol boyu İran-İraq müharibəsində həlak olmuş şəhidlərin şəkilləri olan lövhələr Rembrandt və Pikassoların lövhələri ilə dəyişdirilib.
Şəhərin gözəlləşdirilməsi ilə bağlı plan siyasi coğrafiya üzrə elmlər namizədi olan və 2013-cü ildə prezident seçkilərində Həsən Ruhaniyə ikinci yerdə məğlub olan mer Məhəmməd Baqer Qalibafın ideyasıdır. Onun 1990-cı illərdə sələfi və çox güman ki, həm Qumda ruhani kimi, həm də İtaliyada memar kimi təlim görmüş yeganə insan olan Qulamhüseyn Kərbasçı İran-İraq müharibəsindən sonra Tehranı canlandırmaq üçün "abadlıq cihadı" başlatmışdı. Demək olar, bütün Tehranı motosikletlə gəzdim, bu da mənə park və bağları, oyun meydançalarını tam görmək imkanı verdi. Bütün bunlar bir daha xatırladır ki, İran sivilizasiyasının kiminsə göstərişinə ehtiyacı yoxdur.
Ərəb Baharından əvvəl Xartum və Dəməşqdə olduğu kimi hazırda Tehranda gedən abadlıq işləri belə bir sual ortaya qoyur: bəs sanksiyalar? İnqilabdan bu yana Tehranda əhalinin sayı hər on ildən bir 1 milyon artdığından Kərbasçının ən pis ad çıxarmış davamçılarından biri olan Mahmud Əhmədinejad şəhərin əhalinin getdikcə artdığı şərqi və qərbində aşağı gəlirli ailələrin evlə təmin edilməsini maliyyələşdirmək üçün "Maskan" bankına daha çox səlahiyyət vermək üçün həm bələdiyyə başçısı, həm də prezident olduğu dövrlərdə səlahiyyətlərindən istifadə etmişdir. İmam Xomeyni aeroportuna doğru cənubda yerləşən məhəllələrdə işsiz gənclərin sayı və heroindən asılılıq halları daha çoxdur. Buna baxmayaraq, burda vəziyyət Qahirədə yerləşən kənar məhəllələrdəki vəziyyətdən qat-qat yaxşıdır.
İnqilabdan bu yana tikintisi tamamlanmamış nəhəng Mosalla məscidi qalır. 2008-ci ildə isə Qalibafın göstərişi ilə "Qəsr" həbsxanası muzeyə çevrilib. Mer Qalibaf 3 ay əvvəl də "Evin" həbsxanasının yerində park salmaq üçün rəsmi şəkildə müraciət edib.
Qalibafın keçmişini nəzərə alsaq, o, tikinti hüquqlarını ticarət baxımından anlayışı olan İnqilabi Qvardiyaya satmaq istəyib. İnqilabi Qvardiyanın nüvə danışıqları kimi strateji qərarlara təsir etmək üçün bir vasitəsi var – bu vasitə, yəni İraqda sünniləri yox etmək üçün şiə silahlı qüvvələrini təşkil etmiş və ABŞ qüvvələrini məhv etmək üçün əl istehsalı partlayıcıları ölkədə yaymış, indi isə İŞİD-ə qarşı İranın quruda əməliyyatlarını yönəldən Qüds Qüvvəsi xarici əməliyyatların keçirilməsinə baxır.
İranda olduğum müddətdə Azadi stadionunda ABŞ və İran arasında keçən kişilərin voleybol oyununu izləyərkən ölkənin daxili və beynəlxalq ziddiyətlərinin yalnız bir neçəsinin şahidi oldum. Rəsmi olaraq, qadınların oyunda azarkeş kimi iştirak etmələrinə icazə verilmir – səbəb kimi isə kişilərin kobud sözlərini eşitməmələri göstərilir – ancaq tribunalarda qadın və qızların sayı heç də az deyildi.
Bu da eyni dərəcədə önəmlidir ki, izdiham himndən tutmuş İran komandası 3-0 qalib gəldikdən sonra əl görüşmələrinə qədər ABŞ komandasına birmənalı şəkildə hörmətlə yanaşdı. Daha çox iranlı tanıdıqca iki cəmiyyət arasındakı oxşarlıqları daha yaxşı gördüm. Növbəti gün insanlar Tehranın ən canlı küçəsi olan Vəliəsr küçəsində amerikalıları avtoqraf almaq üçün ulduz kimi əhatəyə aldılar.
Tehran nadir hallarda səyahət marşrutuna düşən böyük bir şəhərdir. Qlobal araşdırmalara görə, İran dünyanın ən az etibar edilən qüvvələrindən biridir, bu isə onun nüvə danışıqlarında özünə həddən artıq əmin taktikalarının əksidir və bura hər il Kambocaya gedən turistlərdən də az turist gəlir. Ancaq təkcə coğrafiya sanksiyaların qaldırılması ilə birləşdiyi halda zəmanət verir ki, İranın bütün dünya ilə əlaqəsi gələcək illərdə artacaq. Uzun sürən nüvə danışıqlarının nəticəsi necə olur-olsun, ox yaydan çıxıb artıq. İran pərakəndə satış, logistika və neft-kimya sahələrində investisiyanı artırmaq üçün Azad Ticarət Zonaları yaradır və təhlükəsiz bir sivilizasiya kimi təsir yaratmaq üçün tədbirlər görür.
Sabahın Tehranı Avropadan Mərkəzi Asiyaya keçən yük və sərnişinlər üçün Xəzərin cənubunda qovşaq olacaq. İranın növbəti abadlıq işləri bütün İraq, Suriya və Əfqanıstana yayılır və bu ölkələrdə İranın kənd təsərrüfatı milyonlarla qaçqın və məcburi köçkünlər üçün həyat mənbəyidir. Sanksiyaların yerində qalmasına baxmayaraq, İran öz qonşularına bağlıdır.
On il əvvəl Misir Ərəb sivilizasiyasının lövbəri hesab olunur, Türkiyə yeni-Osmanlı qüvvələrini göstərir, İran isə radikal rejim və durğun iqtisadiyyatı ilə donmuş görünürdü. Bu gün isə İran öz gücünü toplamaqdadır.