Türkiyə və Rusiya prezidentləri Astanada görüşəcək - YENİLƏNİB Dünya

Türkiyə və Rusiya prezidentləri Astanada görüşəcək - YENİLƏNİB

Rusiya xarici işlər naziri Sergey Lavrov Vladimir Putin və Rəcəb Tayyip Ərdoğanın Astanada görüşəcəklərini təsdiqləyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Lavrov bunu “Rossiya 1” kanalının efirində təsdiqləyib.

“Artıq ilk dəfə deyil ki, tərəfdaşlarımız hansısa təşəbbüsləri ictimailəşdirirlər. Buna diqqəti cəlb edirlər, lakin sonra buna kimin necə reaksiya verəcəyinə baxmağa başlayırlar. Mənim üçün aydındır ki, əgər türkiyəli həmkarlarımız bu haqda düşünüblərsə, onların bu həftə gözəl imkanları olacaq. Putinlə Ərdoğanın Astanada görüşü zamanı onlar bizim qarşımızda bu cür məsələləri qoya bilərlər. Biz hələ ki, ictimailəşdirilmiş elandan başqa heç nə eşitməmişik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

***

12:41

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstanın paytaxtı Astanada görüşü gözlənilir.

APA “France-Presse”ə istinadən xəbər verir ki, görüş oktyabrın 12-də keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində baş tuta bilər.

Xatırladaq ki, daha öncə Kremlin mətbuat katibi Dmitri Peskov da iki ölkə prezidentinin 12 oktyabr görüşünün keçirilməsini istisna etməyib. Peskov həmçinin, onu da qeyd edib ki, Vladimir Putinin Astanaya səfəri planlaşdırılıb.

Kreml rəsmisi həmçinin onu da əlavə edib ki, rəsmi Moskva Türkiyə ərazisində Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-la mümkün ola biləcək danışıqlar barədə konkret təkliflər almayıb, amma bu məsələ Astanada Ərdoğanla görüş zamanı müzakirə oluna bilər.