Yael Lerman Mazar: “Azərbaycan İsrailə olan ümidimi bərpa etdi” Dünya

Yael Lerman Mazar: “Azərbaycan İsrailə olan ümidimi bərpa etdi”

"StandWithUs" təşkilatının hüquqi işlər üzrə direktoru Yael Lerman Mazar müsəlman, demokratik bir ölkənin yəhudi dövlətinə olan inancını necə bərpa etdiyi haqqında məqalə yazıb

Cavid

Biz uşaqlarımızın yəhudi olaraq öz vətənlərinin bir hissəsi olduqlarını və ivrit dilini öyrənmələri üçün Los-Ancelesdən İsrailə getdik. Ancaq bizi orda rekord həddə qum fırtınası, yüksək hava temperaturu və bıçaqlama hücumları qarşıladı. Orda keçirdiyimiz həftələr ərzində uşaqlarımız qəribə iki ziddiyətli vəziyyətdə qaldılar: həyatlarında ilk dəfə şəhər avtobusları ilə təkbaşına məktəbə getməyin verdiyi müstəqillik hissi və avtobus dayanacağında gözləyərkən cihadçılardan ehtiyatlı olmalarının verdiyi narahatlıq hissi.
Təəssüf ki, övladlarımın fələstinli müsəlmanlar haqqında ilk təəssüratları qorxu və zorakılıqdan ibarət oldu. Ancaq bu yaxınlarda Los-Ancelesdə yerləşən "Sinay Məbədi"nin yəhudi icmasının 50 nümayəndəsi ilə nisbətən az tanınan müsəlman ölkəsi Azərbaycana səfər etdik. Verdiyimiz ilk sual isə bu ölkəyə səfər etməyin təhlükəsiz olub-olmadığı idi.
Biz Azərbaycana gedəndə bu ölkə və xalqı haqqında heç nə bilmirdik. Bir həftə sonra isə bu ölkəni və gözəl insanlarını xoş təəssüratlarla, müsəlman və yəhudilərin, həqiqətən də, bir yerdə yaşaya biləcəkləri ümidi ilə tərk etdik.
Azərbaycana gəldikdən sonra ölkə haqqında başqa heç bir yerdə eyni anda mövcud olmayan bəzi əsas faktlarla tanış olduq. Birincisi, Azərbaycan müsəlman və demokratik bir ölkədir. İkincisi, bu ölkədə heç vaxt dini, etnik və ya siyasi mənsubiyyətinə görə hər hansı bir qrupa qarşı qırğın törədilməyib. Burda insanlar ölkədə mövcud olan plüralizm və etnik icmalarla fəxr edirlər. Üçüncüsü, hökumət və xalq açıq şəkildə İsrail dövlətini dəstəkləyir. İsraildən gəldiyimizi dediyimiz insanlardan yalnız xoş münasibət gördük.
Bundan başqa, həm İsrail, həm də Azərbaycanda İslam fundamentalizmi təhlükə doğurur. Bu ölkələrin hər ikisi təhlükəli ölkələrlə əhatələnmiş qədim, kiçik ölkələrdir. Hər iki ölkənin əhalisi din və etnik mənsubiyyət baxımından fərqlidir – İsrailin ərəb vətəndaşı İsrailin Ali Məhkəməsində fəaliyyət göstərə bildiyi kimi yəhudi bir qadın da Azərbaycanın Ali Məhkəməsində fəaliyyət göstərir.
Azərbaycanlılar öz mədəniyyətlərini sevirlər. Azərbaycan hökuməti tərəfindən nümayəndələrimizin şərəfinə keçirilən çoxsaylı ziyafətlərin birində qonaqlar – müsəlman və yəhudilərlə birgə milli musiqi sədaları altında rəqs etdilər. Musiqiyə olan sevgi bütün mümkün fərqliliklər arasında bir növ körpü saldı.
Azərbaycan 1500 illik tarixi olan yəhudi icmasına arxa çıxır. Tövrat təqdim edilməsi mərasimində təkcə yəhudilər yox, Parlamentin müsəlman üzvləri də iştirak etdi. Qubanın qədim küçələrində gəzərkən evlərin çölündə Davud Ulduzu və Menoraları gördük. Vandalizmə məruz qalmaq qorxusu olmadan Los-Ancelesdəki evimi rahatlıqla yəhudilərin məşhur simvolları ilə bəzəyə biləcəyimi desəm, doğru olmaz. Bəli, hətta Los-Ancelesdə belə.
Səfərimizin sonuna yaxın 9 yaşlı qızım tur bələdçimizin hansı dinə etiqad etdiyini soruşdu. Onun müsəlman olduğunu dedikdə isə bir qədər fikirləşib: "Mən onu sevdim" – deyə cavab verdi. Həmin an Azərbaycanın bu qədər fikir ayrılığının mövcud olduğu bir dövrdə yəhudi və müsəlmanların bir yerdə mehriban şəraitdə yaşadığı bir ölkə kimi bütün dünyaya nümunə ola biləcəyini düşündüm. Azərbaycan mükəmməl bir ölkə olmaya bilər – heç bir ölkə mükəmməl deyil – ancaq uşaqlar, musiqi və ən qədimdən bəri insanların fərqli cəhətləri ilə birgə qəbul edilməsi bu ölkənin əsl plüralizm nümunəsi olduğunu göstərir.
Terrordan necə sağ çıxmalı?

Böyük Britaniyanın antiterror idarəsi Paris basqınlarının ardınca öz məsləhətlərini dərc edib.
"Özünüzü ölülüyə vurmayın, var gücünüzlə qaçın!" Böyük Britaniyanın antiterror idarəsinin vətəndaşlara tövsiyələrində belə deyilir.
Rəsmi qaydalarda deyilir ki, Paris terror aktlarına bənzər basqınlar zamanı ya qaçıb qurtarmaq, ya da mümkün qədər etibarlı, daş və ya beton divarların arxasında gizlənmək lazımdır.
Bitrləşmiş Krallıq Milli Antiterror Təhlükəsizlik İdarəsi – "Nacsto"nun dərc etdiyi rəsmi tövsiyələrdə "silahlı basqınlar zamanı sürətlə inkişaf edən hadisələrdə" hansı hərəkətlərin edilməsinin zəruriliyi açıqlanır.
"Nacsto"nun tövsiyələrində biznes və şirkətlərin belə vəziyyətlərə hazırlığı üçün lazım olan tədbirlərdən söz açılır.
Özünü ölülüyə vurmaq
Britaniya mətbuatı yazır ki, tövsiyələrdə Parisin Bataclan teatrında baş vermis dramatik hadisələrin təcrübəsi nəzərə alınıb.
Bataclan cəhənnəmindən sağ çıxmış bəzi şahidlər yerə uzandıqlarını və hərəkətsiz qaldıqlarını danışıblar. Bu basqın zamanı 89 nəfər həlak olmuşdu. Bəzi məlumatlara görə terrorçular gülləbarandan sonra yerə yıxılmış insanların üstündən yeriyərək yaralıları öldürürmüşlər.
Məhz buna görə də "Nactso"nun qaydalarında deyilir ki, belə vəziyyətlərdə qaçıb qurtarmaq, başqalarını da buna sövq etmək və şəxsi əşyaların düşüb qalmasına məhəl qoymamaq lazımdır.
Hücum zamanı çıxış yollarının bağlı olduğu təqdirdə "qalın və etibarlı divarların" arxasında gizlənmək tövsiyə edilir.
Sənəddə deyilir ki, gizlənmək üçün etibarlı yer tapdıqdan sonra "sakit qalmaq, mobil telefonu isə səssiz rejimə keçirmək vacibdir".
Qaç, gizlən, xəbər ver
Polisə və başqa təcili xidmətlərə, gizləndiriyiniz yerdə tam "barrikada" olunduğunuz halda zəng etmək olar.
Tövsiyələrdə şirkətlərə öz işçilərini fövqəladə vəziyyətlər üçün müntəzəm təlimləndirmək məsləhət görülür. Gözlənilmədən atışmaya düşmüş şəxslərə qısa tövsiyə verilir: "qaç, gizlən, xəbər ver".
Bu günlər Britaniya qəzetləri rəsmi hökumət tövsiyələrindən başqa psixoloq və fövqəladə hallar ekspertlərinin məsləhətlərini də dərc edirlər.
Onlardan bəzilərində deyilir ki, restoran və barlar kimi gur yerlərə gələndə bütün çıxış qapılarını əvvəlcədən gözəaltı etmək faydalıdır.
Hollivuda çox da inanmayın
Ekspertlər deyirlər ki, Hollivud filmlərindəki həyəcanlı kadrlara baxmayaraq, maşınların arxasında gizlənmək o qədər də yaxşı fikir deyil, lakin gizlənməyə başqa yer yoxdursa, avtomobillər də kara gələ bilər.
Bəzi ekspertlər bildirirlər ki, hadisə yerindən mümkün qədər tez uzaqlaşmağa çalışarkən izdihama qarışmaq, ictimai nəqliyyata can atmaq cəhdi təhlükəli ola bilər. Çünki bəzi hallarda terrorçular ikinci basqını hazır saxlayırlar.
Maraqlıdır ki, bəzi ekspertlər rəsmi tövsiyələri heç də tam etibarlı hesab etmirlər.
Bəziləri deyirlər ki, müəyyən hallarda yerə yıxılıb özünü ölülüyə vurmaq fayda verir.
Elələri də var ki, terrorçulara müqavimət göstərib-göstərməmək məsələsində ortaq məxrəcə gələ bilmirlər.