Avropada anti-mühacir əhvali-ruhiyyəsi artır Dünya

Avropada anti-mühacir əhvali-ruhiyyəsi artır

Mühacir qadınlara hücumlar edilir

Cavid

Yeni ildə Almaniyanın Köln şəhərində və başqa yerlərdə mühacirlərin qadınlara hücumları barədə xəbərlərdən sonra mühacir böhranı yeni mərhələyə qədəm qoyub. İsveç rəsmiləri ölkədə baş verən buna oxşar hadisələrlə bağlı sualları cavablandırmalıdır. Şimali Afrika, Yaxın Şərq və Asiyadan Avropaya qaşqın axınının davam etdiyi bir vaxt, mühacirləri qəbul edən ölkələrin hökumətləri anti-mühacir əhvali-ruhiyyəsinin qarşısını almağa çalışır.
Almaniyanın sağ cinah təşkilatı LEGİDA-nın yerli millətçi qanadı olan PEGİDA-nın Leyptsiq şəhərində təşkil etdiyi anti-mühacir nümayişlərindən sonra mühacirlərə münasibətdə tolerantlığa çağıran aksiyaya minlərlə insan toplaşdı. Anti-mühacirət qrupları onsuz da Qərbin islamlaşdığını deyərək, bunun əleyhinə çıxış edirdi. Yeni İl gecəsi Kölndə və digər şəhərlərdə qadınlara hücumlar barədə xəbərlər bu əhval-ruhiyyəni daha gücləndirdi.
"Bu müsəlman qaçqınlar ümumi terrora, ağ, sarı saçlı alman qadınlarına hücumlara başlayıb" deyə, PEGİDA-nın lideri Tatyana Fisterling bildirir.
Keçən bazar günü gecə Pakistan, Suriya və Afrikadan olan mühacir kişilər ksenofob kütlə tərəfindən hücumlara məruz qaldı. Lakin buna cavab olaraq, çox sayda qadın zorakılıq əleyhinə küçələrə çıxdı.
"PEGİDA-nın bu gün törətdikləri məni qəzəbləndirir. Biz bilirik ki, nə PEGİDA, nə də küçələrə toplaşan xuliqanların fikri qadınların haqlarını qorumaq deyil. Onlar həmişə buraya xariciləri döymək üçün gəlir. Onlar buraya seksizmlə mübarizə deyil, təbliğat aparmaq üçün toplaşır" deyə, ultra-sağçılara qarşı olan Emili Miçel bildirir.
Bununla yanaşı, İsveç mediasının məlumatlarında deyilir ki, polis bayram zamanı həyata keçirilən hücumların çoxunun arxasında mühacirlərin olduğunu gizlədib. Polis rəisi Den Elison hadisələrlə bağlı təhqiqatlar aparılacağını bildirib:"Biz bunların kökünə qədər getməliyik. Əgər hansısa məlumat təsdiq edilərsə, buna qarşı tədbir görülməlidir."
Almaniya kansleri Angela Merkel nəzarətsiz qaçqın axınının qarşısının alınmalı olduğunu deyib. "Biz insanları qaçmağa məcbur edən səbəblərlə mübarizə aparmalıyıq. Yalnız bu yolla qaçqın sayını azalda bilərik. Bundan əlavə, bu insanların inteqrasiyasını təmin etməliyik. İnteqrasiya dedikdə bunun nə yaxşı yolu nədir? Kölndə baş verən dəhşətli hadisələrdən sonra bilirik ki, inteqrasiya açıq cəmiyyət tələb edir. Lakin qaçqınlar eyni zamanda bizim qanunlar və dəyərlərimizə riayət eməlidir."
Lakin qarışıqlıq və zorakılığın mövcud olduğu şəraitdə boya-başa çatan bəzi insanlar üçün belə bir inteqrasiya asan olmayacaq.