Rusiya getdikcə azğınlaşır Dünya

Rusiya getdikcə azğınlaşır

ABŞ və Avropa Birliyi isə hələ də "xəbərdarlıq edir"
Ukrayna rəhbərliyi separatçılara qarşı antiterror əməliyyatlarına başlanıldığını elan edib

Cavid

Amerika hökuməti Ukraynada gərginliyin yenidən artması ilə əlaqədar Rusiyaya xəbərdarlıq edib. Rəsmi Vaşinqton Rusiyanı qonşu ölkədə stabilliyi pozmamağa çağırıb. Ağ Ev rəhbərliyinin mətbuat katibi Cey Karni qeyd edib ki, ötən gün Donetskdə baş verən hadisələr Rusiya hökuməti tərəfindən sifariş olunub. Onun sözlərinə görə, hökumət binalarını zəbt edənlər yerli sakinlər deyil, Rusiya hökuməti tərəfindən pulla tutulan xüsusi qüvvələr olub.
"Ukraynada araqarışdıran qüvvələrin hərəkətləri bizi narahat edir. Bütün bunlar Rusiyanın təzyiqlərinin nəticələridir. Rusiya Ukraynanın şərq hissəsinə istər açıq, istərsə də, gizli şəkildə müdaxilə edərsə, regionda ciddi gərginlik yaranacaq. Biz prezident Putini Ukraynada stabilliyi pozmaq fəaliyyətinə son qoymağa çağırırıq. Bölgəyə hərbi müdaxilədən söhbət belə gedə bilməz".
Onu da qeyd edək ki, ABŞ Dövlət departamentinin rəsmiləri Rusiya xarici işlər naziri Sergey Lavrova Donetsk, Xarkov və Luqanskda hadisələri 24 saat izlədiklərini xəbər veriblər. Dövlət departamentinin mətbuat katibi Cen Saki sözügedən şəhərlərdə baş verən hadisələrin təsadüfü olmadığını qeyd edib. Onun sözlərinə görə, bu, Rusiyanın dəstəyi ilə icra olunan kampaniya fəaliyyətinin nəticəsidir.
Bu arada, Almaniya hökuməti də Rusiyanı növbəti zorakılıqdan çəkinməyə çağırıb. "Ümid edirəm ki, Ukraynanın şərqində yaşanan hasidələr yeni bir gərginliyin başlanğıcı olmayacaq" - deyə ölkənin xarici işlər naziri Frank Volter Ştaynmayer qeyd edib.
Ukraynada prezident səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov isə Donetsk, Xarkov və Luqansk vilayətlərində rusiyameyilli fəallara müraciət edib. O, hazırda Ukraynada baş verənləri Rusiyanın xüsusi əməliyyatının ikinci dalğası kimi qiymətləndirib. Turçinov Ukraynanı bölmək istəyən separatçılara qarşı antiterror əməliyyatlarına başlanıldığını elan edib.
"Rusiya hakimiyyəti Ukraynanın digər bölgələrində Krım ssenarisini təkrarlamaq istəyir. Amma biz buna imkan verməyəcəyik. Hökumət antiböhran komissiyasının yaradılmasına qərar verib. Ölkədə əlinə silah götürərək Ukraynanı bölmək istəyənlərə qarşı antiterror əməliyyatlarına başlanılıb. Artıq daxili işlər naziri Arsen Avakov Xarkova, baş nazirin birinci müavini, general Valentin Nalivayçenko Donetskə, Ukrayna Təhlükəsizlik Xidmətinin katibi Andrey Parubiy isə Luqanska göndərilib", - deyə Turçinov bildirib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərinə mane olmaq istəyir.
Qeyd edək ki, hazırda Ukraynanın şərqi Xarkov, Dontesk, Luqansk vilayətlərində rusiyameyilli fəallar etiraz aksiyaları keçirir. Onlar bölgənin müstəqil respublika olması üçün referendumun keçirilməsini tələb edir.
Ukraynada yaranmış vəziyyət ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasındakı telefon danışığında da yenidən müzakirə olunub. C.Kerri Rusiyanı Ukraynadakı separatçıların və təxribatçıların əməllərini açıq şəkildə qınamağa çağırıb. O, artıq tətbiq olunmuş sanksiyaların genişləndirilə biləcəyinə işarə vuraraq Rusiyanın Ukraynada qeyri-sabitlik yaratmaq cəhdlərini davam etdirməsinin əlavə sanksiyalara səbəb olacağı barədə xəbərdarlıq edib.
Rəsmi Vaşinqtonun Rusiyaya qarşı sanksiyalara imza atacağı bir yana, hətta hərb dili ilə də hədələməsi Putini geri çəkməyib.
Moskva Dövlət Universitetinin keçmiş professoru Andrey Zubov gazeta.ru-ya müsahibəsində deyib ki, Krım presedenti bütün beynəlxalq hüquq sisteminin dağılmasına gətirib çıxardı. II dünya müharibəsindən sonra oturuşan sistem çökdü. Məlum oldu ki, güclü olan haqlıdır. Qeyd edək ki, Krımla bağlı fərqli fikirlərini açıq bölüşdüyünə görə professor universitetdən xaric olunub. O, postsovet dövrünün dünyada ən təhlükəli bölgələrdən biri olduğu fikrindədir. Çünki burada çoxlu tanınmamış "respublikalar" var.
Zubovun sözlərinə görə, əgər bu şəkildə separatizm yayılarsa, bütün Avropa dövlətləri parçalana bilərlər.
"Biz bu Pandora yeşiyini açsaq, III dünya savaşına gətirib çıxara bilərik. Bu, hamının hamıya qarşı savaşı olacaq" - deyə professor vurğulayıb.
Professor istisna etmir ki, Rusiyanın iştahı Krımla yatmayacaq və o, bu siyasəti davam etdirəcək.
"Krımın ilhaqına inanmırdım. Amma bu, oldu. Siyasi cəhətdən tamamilə ağılsız bir addım idi və çox ağır nəticələrə gətrib çıxara bilər. Materik Ukraynasının ərazisinə girmək ağılsızlıq olacaq. Xeyli qan axacaq" - deyən Zubov bildirib ki, Krımın ilhaqlından sonra savaş ehtimalı xeyli artıb.
Qeyd edək ki, Ukraynanın şərqində vəziyyət aprelin 6-da gərginləşib. Həmin gün Rusiyaya dəstək verən qüvvələr Xarkov, Luqansk və Donetskdə kütləvi aksiyalar keçirib. Hər üç mitinqdə bölgələrin statusu ilə bağlı referendumlar təyin etmək, Ukraynanı federallaşdırmaq tələb olunub.
Donetsk və Xarkovda vilayət administrasiyalarının binaları, Luqanskda isə Ukrayna Təhlükəsizlik Xidmətinin regional idarəsi, Milli Bankın filialı ələ keçirilib.
Aprelin 7-də separatçılar "Donetsk Xalq Respublikası" və "Xarkov Xalq Respublikası" adlı qondarma qurumlar yaradaraq Rusiyaya birləşmək referendumu keçirməyə çağırış ediblər.
Xarkovda yerli administrasiya binasını tutan separatçılar "Xarkov Xalq Respublikası"nın "xalq soveti"ni elan edib. Bəyanatda deyilir ki, Xarkov vilayətinin inzibati sərhədləri daxilində yaradılan "Xarkov Xalq Respublikası" suveren respublikalarla bərabər münasibətlər qurmağa hazırdır. Həmçinin separatçılar devrilmiş prezident Viktor Yanukoviçə müraciət edərək bu qərarı və qəbul edilmiş sənədləri legitimləşdirməyi xahiş ediblər.
Lakin dünən Ukrayna rəhbərliyinin göstərişilə güc strukturları Xarkov şəhərində terror əleyhinə əməliyyat aparıb. Xarkov Vilayət Administrasiyasının binası separatçılardan tamamilə təmizlənib, 70 nəfər tutulub. Ukraynanın daxili işlər naziri Arsen Avakov aprelin 8-i səhər tezdən yaydığı açıqlamada bildirib ki, separatçıların binada törətdiyi yanğın söndürülüb. Nazir əməliyyat zamanı odlu silahın tətbiq olunmadığını vurğulayıb.
Xatırladaq ki, 2013-cü il noyabrında Rusiyanın basqılarına dözməyən Ukrayna hökuməti Avropa Birliyi ilə assosiativ saziş imzalanmasına hazırlıq prosesini dayandırmaq qərarı verib. Bunun ardınca ölkədə müxalifətin davamlı etiraz aksiyaları keçirilib. Zaman-zaman toqquşmalar olub və 100 nəfərdən çox adam ölüb. Fevralın 22-də müxalifət prezident Viktor Yanukoviçi devirib. Hakimiyyət Qərb meylli qüvvələrin əlinə keçəndən sonra isə Rusiya ölkənin cənub-şərq bölgəsində Moskvaya bağlı qüvvələri onların üstünə qaldırıb və Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib.
Rusiya XİN isə Ukraynanın şərqində baş verənlərlə bağlı rəsmi bəyanatla çıxış edib.
Bəyanatda Rusiyanın Ukraynanın Donetsk, Luqansk və Xarkov regionlarında baş verənləri "diqqətlə izlədiyini" bildirir.
"Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi kimi, Ukraynada real konstitusion islahatlar aparılmadan, ölkənin bütün regionlarının maraqları təmin edilmədən, onun bloklara qoşulmayan bitərəf statusu təmin olunmadan, rus dilinə xüsusi status verilmədən uzunmüddətli stabilliyə ümid etmək çətin olacaq" - deyə bəyanatda bildirilir.
Rusiya XİN bildirir ki, ukraynalı siyasətçilər bu islahatları həyata keçirmək əvəzinə baş verənlərə görə Moskvanı günahlandırırlar. Bəyanata görə, əgər Ukraynanın indiki hakimiyyətinin "ölkənin taleyinə məsuliyyətsiz münasibəti" davam edərsə, Ukraynanın yeni çətinliklər və böhranlarla qarşılaşması qaçılmaz olacaq.
Hətta məlumatlar sırasında o da yer alıb ki, Ukraynanın devrilmiş prezidenti, hazırda Rusiayaya sığınan Viktor Yanukovi ölkənin şərqində separatizmi dəstəkləmək üçün adambaşına 500 dollar paylayır.
Bu barədə Ukraynanın Regionlar Partiyasından keçmiş deputat Vladimir Landik bildirib.
Əslən Luqanskdan olan Landik deyib ki, bu şəhərdə Təhlükəsizlik Xidmətinin yerli idarəsinin binasına hücum edənlərin hərəsi 500 dollar pul alıb: "Pullar Moskvadan, Yanukoviç ailəsindən göndərilib".
V.Landikin bildirdiyinə görə, Luqanskda separatçı hərəkatın başında Regionlar Partiyasının indiki rəhbəri Aleksandr Yefimov dayanır. O deyib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin Luqansk idarəsi Yefimovun barəsində araşdırma aparırdı və binanın tutulması da bununla bağlıdır.
Ukrayna KİV-lərinin digər məlumatına görə, ölkənin şərqində separatçıları dəstəkləyənlərdən biri də oliqarx Rinat Axmetovdur. R.Axmetov bu günlərdə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Separatçılar arasında çoxlu cinayətkarlar var, onların fəaliyyətini Axmetovun adamları koordinasiya edir.
Rusiya Federasiyasının müdafiə və təhlükəsizlik komitəsinin başçısı Viktor Ozerov isə bildirib ki, Ukraynanın Donetsk vilayətinə Rusiya sülhməramlıları yalnız BMT Təhlükəsizlik Şurasının icazəsi ilə girə bilər: "Cənubi Osetiya və Abxaziya ərazisinə sülhməramlı kontingentin daxil edilməsi nümunələri var, amma bu, MDB çərçivəsində olub. Sadəcə, bizim sülhməramlıları götürərək yerli hakimiyyətin çağırışı ilə Donetskə göndərmək beynəlxalq prinsiplərə və normalara zidd olardı".
Bu arada HATO-dan Kremlə növbəti zərbə Rusiya diplomatlarının alyansın Brüsseldəki mənzil qərargahına girişinə qadağaların qoyulması olub.
Məlumata görə aprelin 8-dən etibarən Rusiya missiyasının nümayəndələri adi ziyarətçilərlə eyniləşdiriləcək və giriş üçün onlardan alyansın xüsusi buraxılış vərəqəsi tələb olunacaq.
Yalnız Rusiya səfiri, missiya rəhbərinin müavini və iki əməkdaşın istisna səlahiyyətləri olacaq. Bu addım təşkilatın xarici işlər nazirlərinin qərarının nəticəsidir. Onlar Ukrayna ətrafında cərəyan edən hadisələrlə bağlı Rusiya ilə mülki və hərbi sahələrdə bütün əməkdaşlığa xitam verilməsinə səs veriblər.