
Britaniya mətbuatı İrandakı seçilərdən yazdı
Cavid
"The Guardian" qəzeti yazır ki, İranda keçirilmiş seçkilər ölkənin mötədil prezidenti Ruhaniyə Qərblə daha geniş dialoq imkanı yaradacaq.
Seçkilərin ilkin nəticələri prezident Ruhani tərəfdarlarının ciddi uğurlar qazandığını göstərir.
Qəzet yazır ki, parlament və Ekspertlər Şurasına seçkilərdə davamiyyət o qədər yüksək olub ki, səsvermə müddətini bir neçə saat artırmaq lazım gəlib.
Ekspertlər hələ seçkidən əvvəl yüksək iştirakın islahatpərəstlərin xeyrinə işləyəcəyini söyləyirdilər.
Rəfsəncani liderdir
İlkin məlumatlara görə, prezident Ruhaninin əsas müttəfiqi ayətullah Əli Əkbər Haşemi Rəfsəncani Üləmalar Şurasına Tehran üzrə seçkidə liderlik edib.
Daxili İşlər Nazirliyi bildirib ki, 55 milyon səsin artıq 33 milyonu sayılıb, lakin yekun nəticələr yalnız bazar ertəsi bəlli olacaq.
Seçicilərin iştirakı proqnozlaşdırıldığı kimi 70 yox, 60 faiz olub.
Parlamentə seçkilərin ilkin nəticələri göstərir ki, 290 yerlik Milli Məclisdə rəqabət aparan iki düşərgədən heç biri həlledici çoxluğa malik olmayacaq.
Lakin bu, hər halda 2004-cü ildən bəri islahatpərəstlər üçün ən böyük uğur sayıla bilər.
Fars, Mehr, habelə Associated Press agentliklərinin məlumatlarına görə seçkilərdə ən böyük uğursuzluğa sərt xətti-hərəkət tərəfdarları düçar olublar.
İranın dünyanın 6 gücü ilə bağladığı nüvə sazilşindən sonra ilk dəfədir ki, keçirilən bu seçki üçün islahatpərəstlərin xeyli hissəsinin namizədliyi qeydə alınmamışdı.
Bu seçki həm də texniki baxımdam prezident Ruhaniyə lazım idi, çünki o gələn il ikinci müddətə prezident seçilmək üçün mübarizə aparacaq.
Nə qələbə, nə məğlubiyyət
Tehran Universitetindən Sadeq Zibakəlam deyib ki, mötədillər və islahatpərəstlər parlament yerlərinin ən azı üçdə birinə sahib olacaqlar.
"Biz deyə bilmərik ki, ultramühafizəkarlar məğlub olublar, lakin mühafizəkarlar da deyə bilməzlər ki, onlar uğur qazanıblar" – deyib professor.
İranda ziddiyyətli 2009-cu il prezident seçkisindən sonra keçirilmiş parlament seçkiləri islahatpərəstlər tərəfindən boykot edilmişdi.
Həmin il prezident seçkisində nəticələr prezident Mahmud Əhmədinejadın xeyrinə saxtalaşdırılmışdı. Onun rəqibləri, yaşıl hərəkatdan Mir Hüseyn Musəvi və Mehdi Kərrubi hələ də ev dustağıdırlar.
Fars və Təsnim agentlikləri qaliblərin ilkin siyahılarını dərc ediblər və burada adların əksəriyyətinin mühafizəkarlara məxsus olduğu görünür. Fars agentliyi isə Üləmalar Şurasına seçki qaliblərindən 30 nəfərinin adlarını dərc edib və onların da əksəriyyəti mühafizəkarlardır.
Lakin bu agentliklərin hamısı mühafizəkar yönlü hesab edilir.
Namizədlər qarpız kimidir
Parlamentin formalaşması üçün hələ bir qədər də gözləmək lazım gələcək. Bu seçkidən əvvəl bir çox müstəqillərin və mötədillərin namizədlikləri təsdiq edilməyib.
Bundan başqa mühafizəkarların öz arasındakı mövqelər də hələlik tam aydın deyil, beləki onlardan bəziləri prezident Ruhanini dəstəkləyirlər.
"Bəzi namizədlər qarpız kimidir, - deyib islahatpərəst siyasi şərhçi Səid Laylaz, - Kəsməsən içləri bilinməz".
Lakin ekspertin fikrincə, yeni parlamentin tərkibi onun prezidentlə qarşıdurmasını xeyli zəiflədəcək.
Tehran üzrə nəticələr xüsusilə mühüm hesab olunur. Buradan parlamentə 36 mandat qazanılmalıdır.
Seçkilərdə 5000 min namizəd iştirak edb, onlardan 500-ü qadınlardır.
Bir kəndin bütün kişiləri edam edilib?
İran mövzusuna "The Independent" qəzeti də müraciət edib.
Qəzet Mehr xəbər agentliyinə istinadən yazır ki, İranın Sistan-Bəlucistan ostanının bir kəndində bütün kişi cinsindən olan sakinlər narkotik maddə ittihamı ilə edam ediliblər.
Məqalədə deyilir ki, kənd kişilərinin eyni vaxtda, yoxsa hər hansı bir müddətdə edam edildikləri bəlli deyil.
İnsan haqları təşkilatları bildirirlər ki, İranda narkotik maddələrlə bağlı edamların sayı ildən-ilə artsa da, problem həll olunmur.
Bütünlükdə isə İran təkcə 2015-ci ildə son 20 ilin ən çox edamını həyata keçirib.
İnsan haqları qrupları BMT-nin Narkotik Maddələr və Cinayətkarlıq Bürosunu, İran edamları dayandıranadək ona avadanlığın və maliyyə yardımının verilməməsinə çağırırb.
2011-ci ildə İranın Ali İnsan Haqları Şurasının məlumatında deyilirdi ki, ölkədə edam edilənlərin 70 faizini narkotik maddə qaçaqmalçılığına görə məhkum edilənlər təşkil edir.
Britaniyanın Reprieve insan haqları təşkilatı isə məlumat verir ki, 2015-ci ildə İranda asmaqla edam edilən 947 nəfərdən 600-ü məhz narkotik maddələrlə əlaqədar cinayətlərə görə məhkum edilmişdilər.
Bu təşkilatın apardığı araşdırmadan bəlli olub ki, BMT bürosundan İran və Pakistana edilən maddi yardımla edamların sayının artması arasında bağlılıq vardır.
Reprieve təşkilatından Maya Foa deyib ki, İranda narkotik maddə ittihamı ilə edam edilənlərin əksəriyyətini yeniyetmələr və gənclər təşkil edir.
Məqalədə deyilir ki, Sistan və Bəlucistan ostanları Əfqanıstan və Pakistanla həmsərhəd olduğundan burada narkotik maddələrlə bağlı cinayətlər də daha tez-tez baş verir.
Avropa İttifaqı Britaniya çaydanından əl çəkdi
"The Daily Telegraph" qəzeti yazır ki, Avropa İttifaqı Britaniyanın təşkilatdan çıxa biləcəyindən ehtiyat edərək daha bir qadağan ideyasından əl çəkib.
Image copyright Getty Image caption Avropa İttifaqı artıq bir neçə ildir ki, çöx güclü çaydan və çörəkqızdıranlara qadağan qoymağı müzakirə edir
Qəzet yazır ki, Avropa İttifaqı Britaniya referendumunda antiittifaq düşərgəsinə bəhanələr verməmək məqsədilə çöx güclü çaydan və çörəkqızdıranlara qadağanı qeyri-müəyyən müddətə təxirə salıb.
Bu referendumda britaniyalılar Avropa İttifaqında qalıb-qalmamağa səs verəcəklər.
Avropa İttifaqının bu cür çaydan və çörəkqızdıranlara qadağan qoyması ideyası enerjidən daha səmərəli istifadə mülahizələrindən doğmuşdu.
Çayımızı verərik, azadlığımızı yox
Avropa İttifaqı üzvlüyünə qarşı olan düşərgədən kampaniyaçı Brian Monteith deyib ki, "onlar bizim çayımızı əlimizdən ala bilərlər, amma azadlığımızı ala bilməyəcəklər".
"Bu nədir belə? Onlar artıq siqaretlərimizdən mentolu çıxarırlar, sonra da deyəcəklər ki, çayımızdakı berqamot xərçəngə səbəb olur və siz Earl Grey çayını içməməlisiniz" – deyib Monteith.
Vote Leave ("Çıxmağa səs ver") antiittifaq kampaniyasından Robert Oxley isə deyib ki, Avropa İttifaqına inanmaq olmaz.
"Elə ki, biz ittifaqda qalmağa səs verdik, bütün qadağanları təkrar masa üzərinə gətirəcəklər" – deyib kampaniyaçı.
UKIP partiyasından David Coburn isə deyir ki, təzə evi üçün elektrik çaydanı və çörəkqızdıran alıb.
O narahatdır ki, gələcəkdə Avropa çaydanı və ya çörəkqızdıranı almalı olsa, qanı əməlli-başlı qaralacaq.
"Onların çörəkqızdıranı, heç qızdırmır, çaydanları isə qaynayanadək adamın ürəyini partladır" – deyib Coburn.
Avropa İttifaqının rəsmiləri bu kimi mülahizələrlə razılaşmırlar. Onlar deyirlər ki, "biz əgər vahid bazarıqsa, hər şeyimiz eyni olmalııdır. Çaydanımız da, çörəkqızdıranımız da".