Kruz Trump üzərində mühüm qələbə çaldı Dünya

Kruz Trump üzərində mühüm qələbə çaldı

Trump isə seçki yürüşlərində ona qarşı hədələrdən sonra güllə keçirməyən jilet geyindi

Cavid

Respublikaçıların Viskonsin ştatında keçirilən həlledici praymerisində Ted Kruz Donald Trumpa qalib gələrək onun "Ağ Evə yürüşünə" ağır zərbə endirib. Bu ştatda keçirilən demokrat praymerisində Hillari Klinton da məğlubiyyətə uğrayıb. Donald Trumpın məğlubiyyəti o deməkdir ki, milyarder artıq iyul ayında keçiriləcək Respublikaçılar Konventinədək ona lazım olan sayda seçki nümayəndəsi toplaya bilməyəcək. Belə olduğu halda ABŞ prezidentliyinə kimin namizəd olmalı olduğunu konvent həll edə bilər.
"The Reuters" yazır ki, Kruzun qələbəsi Respublikaçılar Partiyasından ziddiyyətli milyarder Trumpın namizədliyi barədə təşviş və narahatlıq keçirən vəzifəli partiya üzvlərinə rahatlıq gətirib. Demokratların yarışında Bernie Sanders qalib gələrək Hillari Klintonun bu yarışdakı üstünlüyünü azaldıb. İndiyədək keçirilmiş prayemrilər nəticəsində Trumpın 737, Cruzun isə 481 seçki nümayəndəsi vardı. Prezident seçkilərində namizəd olmaq üçün minimum 1237 nümayəndənin toplanması zəruridir. Hazırda Kruz və Ohayo qubernatoru Con Kasic Trumpu bu məqsədə yetişməkdən məhrum etməklə namizədlik məsələsinin konventə çıxarılmasına çalışırlar.
Reuters yazır ki, mühafizəkar Texas senatoru Kruzun bu prayemeridə qələbəsinə ştatın respublikaçı qubernatoru Scott Valkerin rəsmi dəstəyi kömək edib. Respublikaçılar Partiyasının rəhbərliyi narahatdır ki, Trump rəsmi namizəd olarsa, öz partiyasına seçkidə məğlubiyyət gətirə bilər. Viskonsin praymerisindən əvvəl Donald Trump öz kampaniyasında bir sıra bağışlanmaz taktiki səhvlərə yol vermişdi. Əvvəllər də qadınlar barəsində ziddiyyətli mülahizələr irəli sürən Trump son çıxışında abort edən qadınların cəzalandırılmalı olduqlarını söyləmişdi.
Bu arada onun seçki meneceri də bir qadın jurnalistə qarşı zorakılığa yol vediyinə görə ittihamla üzləşib. Bu səbəblərdən qadın elektoratın Trumpa olan münasibətinin kəskin dəyişdiyi üzə çıxmışdı. Reuters/Ipsosun çərşənbə axşamı keçirdiyi rəy sorğusu Kruzun ölkə miqyasında da Trumpdan irəli çıxdığını göstərib. Halbuki bir ay bundan əvvəl Kruz Trumpdan 20 xal geridə qalırdı. "New York Magazine" jurnalı isə son nömrəsində yazır ki, ABŞ-ın Respublikaçılar Partiyasının prezidentliyə ən şanslı namizədi Donald Trump seçki yürüşlərində ona qarşı hədələrdən sonra güllə keçirməyən jilet geyinməyə başlayıb. Bunu onun seçki kampaniyasına yaxın mənbə bildirib.
"Trumpı tanıyanlar deyirlər ki, heç vaxt onu bu qədər yorğun görməyiblər. Bir neçə ay əvvəl o güllə keçirməyən jilet geyinməyə başlayıb ki, bu da onu yoraraq rahatlığını pozub,"- deyə müəllif yazır. Zirehli jilet barədə söhbətlər Trumpın seçki yürüşləri zamanı qəzəbli etirazlar və zorakılıq hallarından sonra ortaya çıxıb. Keçən ay Çikaqoda Trumpın tərəfdarları ilə etirazçılar arasında dava düşüb, nəticədə kampaniya tədbiri ləğv edilib. Bundan bir neçə gün sonra isə Ohayo ştatının Deyton şəhərindəki yürüş zamanı bir etirazçı podiuma qalxmağa cəhd edib.
Trump müsəlman qaçqınların ABŞ-a buraxılmaması, Meksika ilə sərhədin hasarlanması, oradan ucuz işçi qüvvəsinin ölkəyə daxil olmasının önlənməsi kimi qalmaqallı təkliflərlə çıxış edib. Keçən il məşhur meksikalı narkobaron El Chaponun Trumpın başına 100 milyon dollar pul qoyduğu barədə xəbər yayılıb. Trumpın seçki kampaniyasına yaxın şəxslər onun ən azı fevraldan bəri güllə küçirməyən jilet geyindiyini deyiblər. İndi onu Viskonsin ştatında ağır praymeriz gözləyir. Rəy sorğularının nəticələrinə görə bu ştatda o, rəqibi Ted Kruzdan geri qalır.