Prezident Obamanın Vyetnam səfərinə reaksiyalar Dünya

Prezident Obamanın Vyetnam səfərinə reaksiyalar

Obamanın səfəri hər iki ölkənin keçmiş yaralarını sağaldıb, tarixdə yeni bir səhifə açacaq...

Cavid

ABŞ prezidenti Barak Obama bu ayın sonu Vyetnamı ziyarət edəcək. Obama 2000-ci ildə prezident Bill Klintonun Vyetnama səfər etməsindən bəri oraya gedən üçüncü ABŞ prezidenti olacaq. Vyetnam Birləşmiş Ştatlarla daha yaxın münasibət qurmaq istəyir. Buna səbəbin Çinlə artan gərginlik olduğu ehtimal edilir. Bir çox vyetnamlı amerikalı, əsasən də gənc nəslin nümayəndələri Obamanın səfərinin iki keçmiş düşmən arasında barışığın əldə olunmasına yardım edəcəyinə nikbinliklə baxır.
İlk baxışda bura Amerikada mağazalarla dolu adi məhəlləyə bənzəyir. Amma daha yaxından baxanda küçələrdə Vyetnam bayraqları, kiçik bizneslərin mövcud olduğu Vyetnam icmasını görmək mümkündür. "Vyetnam icması buradadır və biz buranı sevirik,"- deyə Sonni Vin bildirir. Vyetnamda anadan olub, ABŞ-da boya-başa çatan Sonni Vin "Little Saigon"-un mərkəzində yerləşən 7 Leaves kafesinin sahiblərindən biridir. Little Saigon Vyetnamdan kənarda ən çox vyetnamlının yaşadığı ikinci yerdir. 7 Leaves kafesində Qərb dizaynı ilə Asiya mətbəxi bir araya gəlir. Əksəriyyəti gənc vyetnamlı amerikalılardan ibarət müştərilər bu vəhdəti özündə birləşdirir. Onların çoxu prezident Obamanın Vyetnam səfərinin müsbət nəticələr gətirəcəyinə ümid edir.
Gənc nəsil Vyetnam müharibəsinin və daha sonra kommunist rejimin hakimiyyəti ələ keçirməsi ilə yaranan keçmiş yaraları sağaltmağın vacib olduğunu deyir. "Biz hər şeyi itirdik, ona görə də valideyinlərimin yaşıdlarının nəsli üçün bu xatirələr daha canlıdır",- deyə Sonni Vin bildirir.
Yaşlı nəslin bəzi nümayəndələri Veytnamda hər hansı dəyişikliyin baş verəcəyinə inanmır və onlar hətta iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsindən narahatdır. Amma Vyetnamdan kənarda Vyetnam dilində nəşr olunan ən böyük qəzet olan Nguoi Viet-in redaktoru Dzung Do bildirir ki, gənc vyetnamlı amerikalılar gələcəyə daha çox ümidlə baxır. "İnternet və daha çok imkanlar sayəsində Vyetnam əsilli bir çox gənc xeyriyyə işləri üçün Vyetnama getmək istəyir, ona görə də onlar dili öyrənir,"-deyə o bildirir.
Kaliforniyalı Alvin Bui Vyetnam dilini inkişaf etdirmək üçün ölkəyə səfər edib. O, öz düşüncələrini Amerikanın Səsi ilə bölüşüb. "Vyetnamda daha yaxşı gələcək qurmaq məqsədilə vyetnamlı gənclərlə necə əlaqə yaratmaq olar? Bunun üçün onların düşüncələrini öz dillərində dinləmək, onların nə düşündüyün öyrənmək lazımdır." Sonni Vin də Vyetnam üçün gözəl gələcək arzulayır.
"Mən vyetnamlıyam və Vyetnamın hələ də Üçüncü Dünya ölkəsi olduğunu bilirəm. Orada insanların çoxu yoxsuldur. Mən isə dünyada bir dəyişiklik etmək istəyirəm və yardım etmək istədiyim bir qrup insan varsa, o da vyetnamlılardır. Məncə bunu etməyin yeganə yolu da barışıqdır,"- deyə Sonni bildirir. Gənc vyetnamlı amerikalıların razılaşdığı bir məsələ odur ki, Obamanın səfəri hər iki ölkənin keçmiş yaralarını sağaldıb, tarixdə yeni bir səhifə açması üçün bir imkandır.