İŞİD terror hücumlarını davam etdirəcək Dünya

İŞİD terror hücumlarını davam etdirəcək

Təkcə Ramazan ayında 5 mindən çox insan öldürülüb

Cavid

"İslam dövləti" (İŞİD) terror qruplaşmasının döyüşçüləri müqəddəs Ramazan ayında aparılan "döyüş əməliyyatları"nın gedişatında 5,2 min insanı öldürüb və ya şikəst edib. "The Independent" xəbər verir ki, bu barədə İŞİD-in həftəlik jurnalı olan "Al-Nab" nəşrində deyilir. Nəşr bildirir ki, hücumların qurbanları arasında — 2 min şiə, min kürd, 600 Suriya ələvisi və 300 xaçpərəst var. Terrorçuların sözlərinə görə, Ramazan ayı ərzində 14 ölkə ərazisində hücumlar həyata keçirilib.
Terror qruplaşması "müvəffəqiyyətləri" arasında ABŞ-ın Orlando şəhərində homoseksualların olduğu gecə klubuna hücumu (Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb – red.), Banqladeşin paytaxtı Dəkkə şəhərinə oteli hücum nəticəsində 22 nəfərin öldürülməsi və İraqın paytaxtı Bağdadda minalanmış avtomobillərin partladılması nəticəsində 300-ə yaxın adamın ölməsini göstərib.
"The Independent" qeyd edir ki, İŞİD İstanbulun Atatürk aeroportunda törədilən terror aktını "nailiyyət" hesab etmir. İyunun 28-də üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həlak olub, 237 nəfər yaralanıb.
Bu arada xəbər yayıldı ki, İŞİD terror təşkilatı ABŞ-ın başına 5 milyon dollar qoyduğu Ömər Şişani adı ilə tanınan Tarkan Tayumurazoviç Batiraşvilinin öldürüldüyünü təsdiqləyib. BBC-nin verdiyi xəbərə görə, bu barədə terror təşkilatının orqanı sayılan "Amag" agentliyi məlumat yayıb. Şişaninin İraqın Mosul vilayətinin cənubunda atışma zamanı məhv edildiyi bildirilir. Pentaqon daha əvvəl bir neçə dəfə 30 yaşlı terrorçunun öldürüldüyünü açıqlasa da, İŞİD bu məlumatları təkzib edib.

İŞİD-in "müharibə naziri" sayılan Şişani Gürcüstanda anadan olub. Çeçenistanda Rusiyaya qarşı döyüşlərdə iştirak etdiyi üçün ona "Çeçen Ömər" ləqəbi verilib. ABŞ 2014-cü ildə onun adını beynəlxalq terrorçular siyahısına salıb və başına 5 milyon dollar mükafat qoyub.
İŞİD-lə bağlı digər bir məlumat "Washington Post" qəzetində dərc olunub. Məlumatda qeyd olunub ki, "İslam dövləti" (İŞİD) terror qruplaşması "xəlafət"in düşəcəyi ehtimalını nəzərə alaraq öz davamçılarını hazırlamağa başlayıb. "Suriyada verdiyi son mesajlar və son hərəkətlərlə döyüş mövqelərini itirən terror qruplaşmasının sonrakı dövrə hazırlaşdığı hiss olunur. Eyni zamanda İŞİD təkid edir ki, öz hədəflərindən əl çəkməyəcəklər. Terrorizmlə mübarizə üzrə ixtisaslaşan Amerika ekspertləri hesab edirlər ki, son aylar İstanbul və Bağdadda İŞİD-in hücumları İraq və Suriyada hərbi yerdəyişdirmələrə cavab idi", - nəşr yazıb.
Qəzet analitiklərə istinadən bu cür terror hücumlarının davam edəcəyini, hətta güclənəcəyini ehtimal edir. Ekspertlərə görə, tutulmuş ərazilərdə minimum 3 "kvazi dövlət" və səpələnmiş şəbəkələr olacaq. Daha əvvəl öz məruzəsində ABŞ-ın IHS şirkətinin analitikləri bildiriblər ki, "İslam dövləti" son aylar ərzində İraq və Suriyada işğal etdiyi ərazilərin dörddə birini itirib. İtirilən ərazi ölçüsünə görə İrlandiyanın ərazisi ilə müqayisə edilə bilər.