NATO Rusiyanın ətrafına hərbi qüvvə yığır Dünya

NATO Rusiyanın ətrafına hərbi qüvvə yığır

Rasmussen: "Qara dəniz və Baltik dənizinə də əlavə hərbi gəmilər göndəriləcək"

NATO Şərqi Avropanın hava məkanının müdafiəsini gücləndirməyə qərar verib. Belə bir bəyanatla NATO Baş katibi Anders Foq Rasmussen çıxış edib.
Baş katib onu da əlavə edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq Qara dəniz və Baltik dənizinə də əlavə hərbi gəmilər göndəriləcək: "İstənilən vəziyyətə hazır olmaq üçün havada daha çox hərbi təyyarə, sularda isə gəmilər olacaq. Təyyarələr havada patrul xidməti çəkəcək, Baltik, Qara dəniz və digər harada lazımsa orada da gəmilərimiz xidmət çəkəcək".
Baş katib deyib ki, bütün bunlar qısa zaman ərzində təxirə salınmadan həyata keçiriləcək: "Yəni bu o deməkdir ki, yaxın bir-iki gün ərzində praktik məsələləri həll edən kimi biz bunları həll edəcəyik. Biz təxirəsalınmadan bunları etmək barədə qərar vermişik".
Baş katib bildirib ki, Alyans indiki məqamda Şərqi Avropada daimi hərbi baza yerləşdirmək barədə qərar verməyib: "Biz təxirəsalınmaz kompleks tədbirlər məsələsini müzakirə edib addımlar atmaq barədə qərarlarımız var. Amma buna baxmayaraq, bu istiqamətdə iş gələcəkdə də davam etdiriləcək".