HIilari Klinton ilkə imza atdı Dünya

HIilari Klinton ilkə imza atdı

O ABŞ tarixində prezidentliyə nominasiya alan ilk qadın oldu

Cavid

Demokrat partıyasının qurultayının ikinci günü Hillari Klinton ABŞ prezidentliyinə ilk qadın namizəd kimi nominasiya alaraq tarixə düşdü. Amerika Birləşmiş Ştatlarının 200 ildən artıq tarixində ilk dəfə olaraq 2016-cı il prezident seçkilərində aparıcı partiyanın namizədi qadın oldu. Bu, həm ölkənin, həm partiyanın tarixində əlamətdar bir hadisədir. 100 il bundan əvvəl Amerikada qadınların səsvermə hüququnun olmadığı halda bu gün Filadelfiyada Birləşmiş Ştatlar prezidentliyinə ilk dəfə olaraq qadın namizədin nominasiya alması ölkə tarixində olduqca əlamətdar bir gün kimi dəyərləndirilir.
Qurultaya ABŞ-ın bütün ştatlarından gəlmiş nümayəndələrin adbaad səsvermə keçirməsindən sonra Hillari Klinton rəsmən ABŞ president seçkilərində demokrat partiyasının namizədi elan edildi. Demokratların qurultayının ikinci günü əsas diqqət ABŞ-ın keçmiş birinci xanımı, senator və dövlət katibi olmuş Hillari Klintonun siyasi və ictimai fəaliyyətinə yönəlib. Bu gün çıxış edənlər arasında ABŞ Konqresinin Nümayəndələr Palatasının ilk qadın spikeri Nensi Pelozi, ABŞ -in ilk qadın dövlət katibi Madlen Olbrayt və digər tanınmış qadın siyasi xadimlər var idi.
Gecənin əsas məruzəçisi isə keçmiş prezident və Hillari Klintonun həyat yoldaşı Bill Klinton oldu. Bu, Bill Klintonun partiyanın siyasi qurultayında həyat yoldaşı qismində ilk çıxışıdır. Lakin qurultayın proqramlnda bununla yanaşı axşam başqa mühüm çıxşlar oldu. Silahlı zorakılıqlar və polis zorakılığı nəticəsində həyatını itirmiş gənc amerikaliların anaları qurultayın keçirildiyi mərkəzin podiumuna qalxdı. Silahlı zorakılıqlar Amerika ictimaiyyətində dərin fikir ayriliqlarına səbəb olan bir məsələdir və siyasi kampaniyanın gedişində müzakirələrin diqqət mərkəzində olub. Hillari Klinton kampaniyası dövrü problemlə bağlı narahatlığını ifadə edib.
Hillari Klintonun həyatının ən özəl məqamları haqda onun həyat yoldaşı, ABŞ-ın keçmiş prezidenti Bill Klinton danışdı. "Mən 1971-ci ildə bir qız gördüm"- Bill Klinton çıxışını bu sözlərlə başladı. ABŞ-ın 42-ci prezidenti Hillari Klintonla ilk tanışlığı, gənclik illəri və birilikdə ailə həyatı haqda özəl əhvalatlara toxunaraq, onun ictimaiyyətə məlum olmayan cəhətlərini göstərməyə çalışdı. Bill Klinton Hillari Klintonun dəyişikliyə can atan bir lider olduğunu bildirdi.
"Hillari bizi birlikdə daha güclü edəcək. Siz bunu bilirsiniz, çünki o bütün həyatı boyu bunu edir"- Bill Klinton bildirib. Bill Klintonun vermək istədiyi mesaj bu idi: mən Hillari Klintonu tanıyıram, o, dəyişiklik üçün mübarizəsini dayandırmayacaq.
Bill Klinton Demokrat partiyasının qurultaylarında dəfələrlə çıxış edib. O, iki dəfə qurultayda partiyadan nominasiyanı qəbul edən zaman nitq söyləyib. Lakin Bill Klintonun Filadelfiyada etdiyi çıxış indiyə qədər onun söylədiyi heç bir nitqə bənzəməyib. ABŞ-ın keçmiş prezidenti Amerika tarixində prezidentliyə ilk qadın namizəd olan həyat yoldaşı haqda danışıb.