Rusiya Cenevrə razılaşmasına əməl edəcəkmi? Dünya

Rusiya Cenevrə razılaşmasına əməl edəcəkmi?

Obama Moskvanın 7 saat davam etmiş gərgin danışıqlardan sonra əldə olunmuş konsensusa əməl edəcəyinə şübhə ilə yanaşır
Lavrov isə Ukraynanı regionların iştirakı ilə təxirə salınmadan dialoqa başlamağa çağırıb

Cenevrədə (İsveçrə) Ukrayna ilə bağlı dördtərəfli danışıqlarda razılaşma əldə olunub. ABŞ dövlət katibi Con Kerri, Rusiya xarici işlər naziri Sergey Lavrov, Avropa İttifaqının ali komissarı Ketrin Eşton və Ukrayna xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşitsanın gərgin danışıqlarından sonra birgə bəyanat qəbul olunub.
Razılaşmaya görə, Ukraynada bütün tərəflər hər cür zorakılıqdan, ayrı-seçkilikdən imtina etməli, qanunsuz silahlı birləşmələr tərksilah olunmalı, zəbt olunmuş binalar, küçə və meydanlar boşaldılmalıdır. Silahı könüllü təhvil verən, tutulmuş dövlət binalarını öz xoşu ilə tərk edənlərə (ağır cinayət törətmiş şəxslərdən savayı) amnistiya vəd olunur. Razılaşmaya riayət olunmasına ATƏT-in xüsusi monitorinq missiyası nəzarət edəcək.
Amma bəyanatda Rusiyanın işğalı altında olan Krım bölgəsi ilə bağlı bir kəlmə də deyilmir.
ABŞ Dövlət Katibi Con Kerri Ukraynadakı böhranın tənzimlənməsi üzrə baş tutan danışıqları "yaxşı iş günü" adlandırıb.
Danışıqlardan sonra Rusiya XİN başçısı Sergey Lavrov bildirib ki, qəbul olunan sənəd təxirə salınmadan Ukrayna regionlarının iştirakı ilə mükaliməyə başlamaq çağırışını da ehtiva edir. Lavrov təsdiqləyib ki, bütün qeyri-qanuni silahlı birləşmələr tərksilah olunmalı, bütün qeyri-qanuni tutulan binalar legitim sahiblərinə qaytarılmalı, bütün işğal olunmuş küçələr, meydanlar və başqa ümumi istifadə olunan yerlər azad olunmalıdır.
Danışıqlarda iştirak edən tərəflər qeyd ediblər ki, Ukrayna böhranını ukraynalıların özləri tənzimləməlidir. Bu faktı Rusiyanın XİH rəhbəri də görüşün başlıca yekunu kimi qiymətləndirib.
Lavrovdan sonra çıxış edən ABŞ dövlət katibi Con Kerri bəyan edib ki, tərəflər Ukraynada güc tətbiq etməkdən çəkinməyə çağırıb və hər hansı irqçilik və dini dözülməzlik təzahürünü pisləyirlər. Son bəndin daxil edilməsində Moskva təkid edib.
Kerri həmçinin bəyan edib ki, Ukraynanın şərqində rusiyaprəst qüvvələr Cenevrə razılaşmalarının müddəalarını yerinə yetirməsələr, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırdır. Dövlət katibi ABŞ-ın bu razılaşmanın Ukrayna tərəfindən necə yerinə yetirildiyini də izləyəcəyini qeyd edib: "Tamamilə aydındır ki, indi başlıca məsələ sözlərin hərəkətə çevrilməsidir. Biz kağız üzərində həkk olunmuş prinsiplərin gerçəkləşdiyini görməyincə, iş baş tutmamış olacaq".
Məlumata görə Cenevrə danışıqları "İntercontinental" hotelində yeddi saatdan artıq davam edib. Qeyd olunur ki, tərəflər Ukraynada vəziyyətin tənzimlənməsi üzrə sənədin mətnini razılaşdıra bilmirmişlər. Tərəflərin mövqeləri üst-üstə düşmədiyi səbəbindən cümə axşamı konsensus əldə ediləcəyi çoxlarına şübhəli görünürdü.
Rusiya tərəfinin isə tədbirdə iştirak edəcəyi yalnız cümə axşamı günü səhər məlum olub. Moskvanın danışıqlar masası arxasında əyləşməsində Çinin də Rusiyaya son günlər Ukrayna məsələsilə bağlı göstərdiyi təzyiqlərin rolunun böyük olduğu bildirilir.
Halbuki danışıqlardan öncəki gün Rusiyanın XİH rəhbəri bəyan etmişdi ki, Kiyevin ölkənin şərqində və cənub-şərqində "antiterror əməliyyatı" keçirmək qərarı belə bir danışıqların keçirilməsini qeyri-mümkün edir, çünki "bir əllə danışıqlara çağırmaq, o birisi ilə cinayətkarcasına ordudan öz xalqına qarşı istifadə etmək əmrini vermək olmaz".
Hətta Lavrov təhqiramiz formada Cenevrə görüşünü "bir daha bizim amerikalı və avropalı tərəfdaşlara onların hakimiyyətə gətirdiyi adamları qandırmağın zəruriliyini birbaşa demək üçün o qədər də faydasız olmayan format" adlandırmışdı.
Bu səbəbdən Böyük Britaniyanın xarici işlər naziri Rusiyanı bilərəkdən Ukraynanı "uçuruma" dümsükləməkdə suçlamışdı.
Cenevrədə isə Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın heç də Ukrayna ərazisinə qoşun yeritmək niyyətində olmadığını bəyan etdi.
Düzdür, sənəddə xüsusilə münaqişənin bütün tərəflərinə güc tətbiq etməkdən çəkinməyə çağırış var. Lakin ABŞ prezidenti Barak Obama Rusiyanın boynuna götürdüyü öhdəliyi yerinə yetirməyə hazırlığı barədə şübhələri var. Danışıqlardan sonra Obama bəyan edib ki, Avropa liderləri ilə birgə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq etməyi planlaşdırır. Bundan əvvəl isə Rusiya hakimiyyəti ona qarşı beynəlxalq sanksiyaları keyfiyyətsiz adlandıraraq onlara qeyri-ciddi yanaşıb.
Obama Ağ Evdə təşkil edlən brifinqdə cərəyan edən hadisələrlə bağlı müxbirlərin suallarını cavablandırarkən deyib ki, Cenevrədə Ukrayna ilə bağlı müzakirələr zamanı əldə edilən razılığı yüksək qiymtələndirib. O deyib ki, Rusiya bu razılığa imza atıb: "Lakin biz Rusiyanın növbəti addımlarının nə olacağını görmək istəyirik".
ABŞ dövlət başçısı bildirib ki, Ukrayna iqtisadiyyatını dirçəltməli, demokratiya yolunda irəliləməklə ölkədəki vəziyyəti sabitləşdirməlidr: "Biz Rusiyanın lazımı addımlar atmadığı təqdirdə, o ölkəyə qarşı ölçülər götürülməsini həftələrdir müzakirə edirdik. Biz Ukrayna hökumətinə yardım səylərimizi davam etdirəcəyik. Əvvəlcə də dediyim kimi Rusiyanın əməlləri onların özünə ziyan vurur. Artıq sanksiyalar təsirini göstərməkdədir. Belə getsə Rusiya iqtisadiyyatına ciddi ziyan dəyəcək. Ukraynanın müstəqilliyi və suverenliyinin qorunması olduqca mühümdür."
ABŞ prezidenti Ukraynanın islahatlar yolu ilə irəliləməməsi, seçkilər və dialoq yolu ilə sabitliyi bərqərar etməsinin vacibliyini vurğulayıb. O, Rusiyanın mövqeyini dəyişməsinin mühümlüyünü önə çəkib.

TURQUT