“Prezidentlərin görüşü buna görə baş tutmur...” Dünya

“Prezidentlərin görüşü buna görə baş tutmur...”

Rusiya son zamanlar təşəbbüsü ələ almaqla sanki Dağlıq Qarabağ münaqişəsinin həllini öz boynuna götürməyə çalışır. Putin bununla da regionda nüfuz sahibi olmaq üçün bir sıra addımlar atır.
Bu sözləri politoloq Arzu Nağıyev deyib. Politoloq son zamanlar Moskvanın Qarabağda sülhməramlıların yerləşdirilməsi ilə bağlı planlarının daha aydın qabarmağa başladığını qeyd edib:
"İstər Sankt-Peterburq, istərsə də Vyana görüşündə Qərb Rusiyanın bu işdə daha maraqlı olmasını tələb etdi. Eyni zamanda, Qərb belə bir eyham da vurdu ki, Rusiya münaqişənin yatırılmasında mütləq rol oynamalıdır. Yəni Moskvanın Qarabağla bağlı atacağı müsbət addım Qərbin Rusiyaya qarşı sanksiyalarını azalda bilər. Lakin Kremlin öz istəkləri var və Qarabağda sülhməramlıların yerləşməsi ilə bağlı Rusiyanın planları artıq daha aydın qabarmağa başlayıb. ATƏT-in Minsk Qrupunun bütün üzvləri, Türkiyə və həmsədr dövlətlər də bu işdə öz maraqlarını büruzə verirlər. Əsas məram böyük qlobal iqtisadi məsələləri həll etmək üçün regionun stabilliyi və təhlükəsizliyinin təmin olunmasıdır. Məhz buna görə də Lavrov və ya Putin planı ortaya çıxır".
Ermənilərin yenidən status məsələsinə qayıtdığını deyən politoloq onların ortaya çıxan yeni xülyalarının bu dəfə də nəticəsiz qalacağını deyib:"Həmsədrlər prezidentlərin növbəti görüşünü planlaşdırır. Ancaq görüş naminə görüşlər Azərbaycan üçün heç məqsədəmüvafiq deyil. Məlumdur ki, bu gün Sərkisyanın hakimiyyətdə qalması əsasən Qarabağ klanı ilə bağlıdır. Klanın da əsas tələbi Dağlıq Qarabağın müstəqilliyidir. İstər Kazan protokolları, istər Madrid prinsipləri, istərsə də Sankt-Peterburq görüşündə ilk növbədə Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılması və sonrakı mərhələ protokollar vasitəsilə hər iki tərəflə razılaşdırılıb. Lakin Ermənistan əks bəyanatlarla çıxış edir. Prezidentlərin gözlənilən avqust görüşünün baş tutmaması da məhz bundan irəli gəlir".