Filippin prezidenti Obamanı söydü Dünya

Filippin prezidenti Obamanı söydü

"The Guardian" yazır ki, "Filippinin ağzısöyüşlü prezidenti" Rodrigo Duterte ABŞ prezidenti Barak Obamaya "çox pis ana söyüşü" söyüb. Rodrigo Duterte ABŞ liderinə xəbərdarlıq edib ki, onun qeyri-qanuni qətl əmrini sorğu-suala çəkməsin. Məqalədə deyilir ki, Filippin prezidenti Obamanın anası barədə "nalayiq söz" işlətməklə ölkəsinin Vaşinqtonla münasibətlərini daha da gərginləşdirib.
"The Guardian" yazır ki, Fillippin liderinin özünə opponent bildiyi xarici və daxili rəsmilərə söyüş kampaniyası davam edir. Barak Obamaya "fahişə oğlu" deyən Duterte xəbərdarlıq edib ki, Vaşinqton onun narkomaniyaya qarşı mübarizəsinə qarışmamalıdır. O bildirib ki, çərşənbə axşamı Laosda keçiriləcək regional sammitdə Obamanı "bir az ehtiramlı" olmağa çağıracaq. "The Guardian" yazır ki, Duterte narkotik maddə alveri edənlərin qanunsuz və məhkəməsiz öldürülməsinə icazə verdiyinə görə insan haqları müdafiəçiləri, diplomatlar və BMT tərəfindən kəskin tənqid edilir.
Prezident öz icazəsi ilə narkomafiyaya bağlı olan şəxsləri qətlə yetirməyə görə cəza verilməyəcəyini bəyan edib. Rəsmi rəqəmlərə görə təkcə son iki ayda bu səbəblə 2400 nəfər qətlə yetirilib. Məqalədə deyilir ki, qəzəbli Filippin prezidenti onun bu siyasətini pisləyənlərə nalayiq söyüşlər yağdırmaqda davam edir. Bu münvalla o Maniladakı ABŞ səfirini "fahişənin homoseksual oğlu" adlandırıb, katolik kilsəsinə burada deyilməsi mümkün olmayan söyüş söyüb, BMT-ni isə "iyli" bəyanatlar verməkdən çəkinməyə çağırıb.

Obama görüşdən imtina edib

"The Guardian" yazır ki, Duterte bu "ifrat emosional bəyanatları" təyyarəyə minərkən bir jurnalistin ona verdiyi suala cavab olaraq səsləndirib: "Bir az ehtiramı olsun. Sualları, bəyanatları hər tərəfə səpələməsin. Mən onun payını bu forumda verəcəyəm" - deyib Duterte Obama barədə. Obama və Dutertenin sentyabrın 6-da Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının sammitində görüşəcəyi gözlənilirdi.
Lakin "The Guardian" yazır ki, Dutertenin söyüşləri mənzilinə çatdıqdan sonra bu görüşün baş tutacağı şübhələr doğururdu. Barak Obama deyib ki, o öz administrasiyasından belə bir görüşdən fayda olub-olmadığını soruşub.
"Aydındır ki, Filippin xalqı bizim yaxın dostlarımızdan və müttəfiqlərimizdəndir və biz Filippinlə müqavilə əsasında müttəfiqik. Lakin mən həmişə əmin olmağa çalışıram ki, keçirəcəyim görüş konstruktiv olsun və biz nə isə bir iş görək".
"The Guardian" yazır ki, Duterte təkcə Obamanın "anası paklığından" şübhə ifadə etmir. Filippin prezidenti Roma papası Francis, Filippin yepiskopları, qətlə yetirilmiş bir jurnalist və əlbəttə narkotik qaçaqmalçılarının da anaları barədə eyni "iddialar" səsləndirib.

Qətllər baş alıb gedir

Duterete ötən iyun ayında narkotika cinayətlərinə qarşı müharibə elan edəcəyi barədə vədlə prezident seçilib. Duterte inaqurasiya nitqində demişdi: "Əgər narkoman tanıyırsınızsa vurun öldürün, çünki onların valideynlərini buna məcbur etmək çox ağrılı olardı". O seçki kampaniyası zamanı öz antinarkotik mübarizəsi zamanı 100 min adamın öldürüləcəyini və Manila körfəzindəki balıqların meyit yeyib kökələcəyini vəd etmişdi.
Məqalədə deyilir ki, prezidentin bu çağırışı Manila və başqa şəhərlərin küçələrində narkoman olmaqda şübhə doğuran minlərlə insanın polis və ictimai asayişçilər tərəfindən qətlə yetirilməsi ilə nəticələnib. Belə qətlləri bir qayda olaraq "özünümüdafiə" kimi protokollaşdırırlar.
İyun ayında BMT-nin baş katibi Ban Ki-moon Dutertenin çağırışını kəskin pisləmiş və bunun qanunsuzluq olduğunu bəyan etmişdi. Bunun cavabında Duterte BMT-ni "axmaq" adlandırmış və təşkilatdan çıxacağı ilə hədələmişdi. Bu söyüşlərinin pis nəticələrindən qorxub-qorxmadığına dair suala Duterte: "Mən onları heç adam yerinə qoymuram" demişdi.