Rusiya Türkiyənin bu şərtlərini qəbul edərsə... Dünya

Rusiya Türkiyənin bu şərtlərini qəbul edərsə...

Rusiya "Türk axını" ilə bağlı Türkiyənin şərtlərini qəbul etməsə də, indi vəziyyət dəyişə bilər. Bu sözləri "Türk axını" layihəsinin yenidən gündəmə gəlməsini şərh edərkən politoloq İlqar Vəlizadə deyib. Ekspertin sözlərinə görə, "Türk axını" layihəsinin məhz payızda gündəmə gəlməsi diqqət çəkir: "Bəlkə də bu bir təsadüfdür, yaxud da burada bir uyğunsuzluq var. Ancaq müşahidələr göstərir ki, "Türk axını" ilə bağlı daha intensiv danışıqlar məhz payız-qış aylarında aparılıb. Məlum Rusiya-Türkiyə böhranından sonra layihə dayandırılsa da, məsləhətləşmələr yenidən başlayıb. Əslində layihə 3 xətdən ibarət olmalı idi. Ancaq indi yalnız bir xəttin çəkilməsi ilə bağlı məsləhətləşmələr gedir. Eyni zamanda, qazpaylayıcı stansiyasının tikilməsi və bunun hansı tərəfə aid olması məsələsi gündəmdədir. Əsas xətt Qara dənizin dibindən başlayaraq Türkiyə-Yunanıstan sərhədinə qədər gedib çıxmalıdır. Hazırda stansiyasının üçtərəfli, yəni müştərək şəkildə istifadəsi və faizlərlə bağlı müxtəlif fikirlər dolaşır. Rusiya istəyir ki, stansiya "Qazprom"un nəzarəti altında olsun. Hər iki tərəf layihəni bərpa etmək niyyətindədir, sadəcə, qeyd etdiyimiz və digər tranzit şərtləri ətrafında müzakirələr gedir".
"Türk axını"nın gerçəkləşməsi üçün həm də külli miqdarda investisiyaların tələb olunduğunu qeyd edən politoloq bildirib ki, Türkiyə bunun bir hissəsini öz üzərinə götürməyə razıdır: "Türkiyə bunun müqabilində Rusiyadan müəyyən güzəştlər istəyir. Moskvanın buna nə dərəcədə hazır olub-olmadığını isə danışıqlar göstərəcək. Çox güman ki, Moskva Ankaranın şərtlərinin bir qismini qəbul edəcək. Rusiya bununla da Türkiyə ilə münasibətlərinin strategiyasında müəyyən dəyişikliklərə gedəcək. Paralel olaraq, Rusiya Türkiyəyə qazın satılması ilə bağlı da müəyyən danışıqlar aparır. Ötən il prinsipial razılığın əldə olunmasına və türk şirkətlərinə güzəştlərin verilməsinə baxmayaraq, yaranmış vəziyyətdə bu məsələnin yenidən gündəmə gəlməsi istisna deyil. Hər şey gedişatdan asılı olacaq".

Politoloq hesab edir ki, əslində, Türkiyə Rusiyanın Avropa qaz bazarına çıxışı üçün bir vasitəçi kimi çıxış etməyə hazırdır: "Ancaq Ankara öz mənafeyini də düşünür. Türkiyə hazırda Rusiya ilə yanaşı, İran, Azərbaycandan da qaz alır. Gələcəkdə yeni qaz yataqlarının kəşf olunduğu İsraildən, eyni zamanda İraqdan da qaz almağa hazırlaşır. Ankara çalışır ki, ölkələrə münasibətdə qaz siyasətində, qiymətlərdə, şərtlərdə prinsipial fərqlər olmasın. Öz ərazisini, infrastrukturunu tranzit layihələr üçün təqdim edən Türkiyə bunun müqabilində maksimum dərəcədə öz maraqlarının təmin olunmasını istəyir. Söhbət birbaşa Türkiyənin hansısa bir paya malik olmasından ibarətdir. Məsələn, TANAP və TAP-da Türkiyənin payı kifayət qədər çoxdur. Türkiyə bu siyasəti "Türk axını"nda da yürüdür. Rusiya "Türk axını" ilə bağlı Türkiyənin şərtlərini qəbul etməsə də, indi vəziyyət dəyişə bilər. Rusiya yaranmış vəziyyətdə bu və ya digər şəkildə Türkiyənin təkliflərini qəbul edə bilər. Çünki Rusiya Avropa bazarlarında, Türkiyənin tranzit inkişafında maraqlıdır".
Qeyd edək ki, Rusiyanın "Qazprom" şirkəti ilə Türkiyənin "Botaş" şirkəti arasında Qara dənizin dibi ilə Türkiyə istiqamətində illik ötürmə gücünün 63 milyard kubmetr olan "Türk axını" qaz borusunun tikintisinə dair saziş 2014-cü ilin dekabrında imzalanıb. Anlaşmaya əsasən, nəql olunacaq qazın 14 milyard kubmetri Türkiyəyə üçün nəzərdə tutulub, 50 milyard kubmetri isə Türkiyə və Yunanıstan sərhədinə çatdırılacaq. Ötən ilin noyabrında Rusiyaya məxsus Su-24 döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra "Türk axını" layihəsinin reallaşdırılması dayandırılmışdı.