Ukraynanın şərqində vəziyyət yenidən gərginləşdi Dünya

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşdi

Rəsmi Kiyev Rusiyanın Cenevrə razılaşmasını pozduğunu bəyan etdi
Aleksand Turçinov: "Mövcud şərtlər altında Ukrayna hakimiyyəti adekvat addımlar atacaq"

Cenerədə keçirilən ABŞ-Avropa Birliyi-Rusiya-Ukrayna dördtərəfli görüşündə əldə olunan razılaşma kağız üzərində qaldı. Ukraynanın şərqində vəziyyətin nizama salınması ilə bağlı birgə bəyanatın mürəkkəbi qurumamış yenidən qan tökülüb.
Moskvanın məxfi təlimatı əsasında Cenevrə razılaşmasını tanımadığını bəyan edən rus separatçılar ötən gün Donetsk vilayətində Ukrayna ordusunun desant hərbi hissəsinə hücum ediblər. Ukrayna Təhlükəsizlik Xidmətinin anti-terror mərkəzinin yaydığı məlumatda bildirilir ki, desant qüvvələri hücum edənlərə cavab atəşi açıblar. Hücum edən tərəfdən 1 nəfər yaralanıb, qalanları isə saxlanılıblar.
Anti-terror mərkəzindən bildiriblər ki, separatçıların hər dəfə bu cür hücumlarından sonra Rusiya telekanalları Ukrayna hərbçilərinin yerli sakinləri güllələməsi kimi göstərir.
Qeyd edək ki, ötən gün Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) əks-kəşfiyyat idarəsi Rusiya xüsusi xidmət orqanlarının ölkənin beynəlxalq imicinə zərbə vurmaq məqsədilə hazırladıqları təxribatın üstünü açıb.
UTX-nin yaydığı məlumata görə, 2012-ci ildə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) polkovniki Aleksey Aleksandroviç Çepik Ukrayna vətəndaşını ələ alıb. 2014-cü ilin yanvar-fevral aylarında Çepik ələ aldığı şəxsə Ukrayna Milli Assambleyası və Ukrayna Xalq Özünümüdafiə təşkilatının rəhbərliyi və fəalları ilə əlaqə qurmağı və FSB-nin nəzarəti altında silahları Rusiya Federasiyasına keçirməyi tapşırır. Məlumatda bildirilir ki, Rusiya xüsusi xidmət orqanlarının planı bundan istifadə edərək Ukraynanı Rusiyada terror aksiyaları həyata keçirmək üçün bu ölkəyə silah keçirməkdə ittiham etmək olub.
Rusiya xüsusi xidmət orqanlarından dəstək alan silahlı separatçılar Donetsk vilayətinin Kramatorski şəhər milis şöbəsini də ələ keçiriblər. Separatçılar milis əməkdaşlarından tərkisilah olmalarını tələb ediblər. Daha sonra milis rəisi girov götürülərək, naməlum istiqamətə aparılıb.
Bu arada ATƏT-in xüsusi monitorinq missiyasının nümayəndələri Ukraynanın Slavyansk şəhərinin "xalq meri" Vyaçeslav Ponomaryov ilə görüş keçiriblər. İki saatlıq görüşdə şəhərdəki vəziyyət müzakirə olunub.
ATƏT nümayəndələri separatçılar tərəfindən Slavyansk şəhərində girov götürülən kiyevli jurnalist İrmo Kratla da görüşüblər.
Xatırladaq ki, jurnalist İrmo Krat Slavyanskidə reportaj hazırlayarkən, separatçılar tərəfindən Ukrayna xüsusi-xidmət orqanlarına casusluqda ittiham olunaraq, girov götürülüb.
Ukraynanın Odessa şəhərində də gərginlik son həddə çatıb. Burada rus separatçılar "Yeni Rusiya Xalq Respublikası"nın yaradıldığını elan ediblər.
Separatçı "respublika"ya Ukrayna hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmiş və Rusiyaya qaçmış Pravoslav Vətəndaşları İttifaqının lideri Valeri Kaurov rəhbərlik edəcək. Bununla bağlı qərarı o, Rusiyanın "LifeNews" kanalına verdiyi müsahibəsində deyib. Valeri Kaurov hazırda Odessadakı separatçıları Moskvadan idarə edir. Kaurov bildirib ki, "Yeni Rusiya" ilə Ukraynanın birgə gələcəyi yoxdur.
Rəsmi Kiyev isə bəyan edir ki, Moskva avantürist siyasətindən əl çəkmək niyyətində deyil. "Rusiya və onun Ukraynadakı terrorçu birləşmələri Cenevrə anlaşmalarını icra etməyəcəklərini nümayiş etdirir. Ona görə də mövcud şərtlər altında Ukrayna hakimiyyəti adekvat addımlar atacaq". Bunu ABŞ vitse-prezidenti Cozef Baydenlə görüşü zamanı Ukrayna Ali Radasının sədri, prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov bəyan edib.
Ukraynanın şərqində gərginliyin artması ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyi bəyanat yayıb. Bəyanatda deyilir ki, Rusiya Cenevrə sazişinin şərtlərini pozaraq yenə təxribatlarına haqq qazandırmağa çalışır. Rusiya Ukrayna regionlarında sabitliyi pozmaq üçün daha çox yeni yollar axtarır. Ukraynanın XİN bildirir ki, Rusiya 17 aprel Cenevrə razılaşmasının şərtlərinə əməl etmir. Əksinə, Ukraynanın şərqində işğalçılıq siyasətini həyata keçirir. Ukrayna Rusiyanı Cenevrə sazişinin şərtlərinə əməl etməyə çağırır.
Yeri gəlmişkən, ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə ABŞ dövlət katibi Con Kerri arasında növbəti telefon danışığı baş tutub. BBC-nin xəbərinə görə, nazirlər Cenevrə razılaşması çərçivəsində Ukraynada gərginliyin azaldılması üçün bir-birilərini konkret addımlar atmağa çağırıblar.
"Ukraynada rusiyameylli qüvvələr tərəfindən zəbt edilən inzibati binalar azad edilməli və bütün məsələlər siyasi yolla həll olunmalıdır", - deyə Kerri bildirib.
Öz növbəsində, S.Lavrov Ukraynanın Cenevrə razılaşmasına tezliklə və tam şəkildə əməl etməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, aprelin 17-də İsveçrədə qəbul olunan Cenevrə sazişinə görə Ukrayna münaqişəsinin tərəflərindən zorakılığa, ekstremizmə və təxribatlara son qoymağı tələb edir. Razılaşma şərtlərinə əsasən, qanunsuz qruplaşmalar tərksilah edilməli, qeyri-qanuni yolla zəbt edilmiş binalar azad olunmalı, konstitusiya islahatları üzrə milli dialoq başlanmalıdır.
Ukraynaya müdaxiləyə və Krımı işğal etməsinə görə beynəlxalq təzyiqlərlə üzləşən Rusiya artıq ciddi çətinliklərlə üzləşib. Rusiyanın baş naziri Dmitri Medvedyev çərşənbə axşamı Dövlət Dumasında hökumətin hesabatı ilə çıxış edərkən ilk dəfə olaraq vəziyyətin ciddiliyini etiraf etmək məcburiyyətində qalıb: "Rusiya Krımın birləşdirilməsi ilə əlaqədar mürəkkəb üçqat təzyiq vəziyyətinə düşüb: dünya iqtisadiyyatında qeyri-sabitlik, öz problemlərimiz və sanksiyalar. Bizim qərarımız güclü reaksiya doğurub. Krım sanksiyalar adı altında həyata keçirilən siyasi təzyiq üçün bəhanə olub. Mahiyyət etibarilə, son dərəcə mürəkkəb vəziyyət yaranıb. Rusiya ilk dəfə üçqat təzyiq vəziyyəti ilə üzləşib. Bir tərəfdən, bu, haqqında danışdığım qeyri-sabit dünya iqtisadiyyatı ilə, digər tərəfdən də bir sıra ölkələrin düşmənçilik siyasətilə bağlıdır. Hökumət qarşımızda dayanan çağırışların və bununla bağlı baş qaldıran məsələlərin ciddiliyini çox gözəl anlayır".
Qeyd edək ki, ABŞ, Avropa İttifaqı və onlarla bir sıra tərəfdaş ölkələr Rusiyanın Krımla bağlı mövqeyinə və yarımadanın Rusiyaya birləşdirilməsinə cavab olaraq bir neçə Rusiya siyasətçisi, parlament üzvü və sahibkar barəsində sanksiyalar tətbiq edərək onların aktivlərini dondurub və onlara vizaların verilməsini qadağan edib.
Bununla birlikdə, G7 ölkələri Rusiyanı gələcəkdə Ukrayna ətrafında vəziyyətin gərginləşdirəcəyi halda onun iqtisadiyyatının bir sıra sektorlarına qarşı sanksiyalarla hədələyib.

TURQUT