Ukrayna antiterror əməliyyatlarını bərpa etdi Dünya

Ukrayna antiterror əməliyyatlarını bərpa etdi

Aleksandr Turçinov: "Donetsk bölgəsi silahlı separatçılar tərəfindən tamamilə nəzarətə götürülüb və orada insanlara işgəncə verir və öldürürlər"
"Bu quldurlar cinayətləri Rusiyanın birbaşa dəstəyi ilə həyata keçirirlər"

Cavid

Bir qədər əvvəl Ukraynada gərginliyin aradan qaldırılmasına dair İsveçrənin Cenevrə şəhərində əldə olunan razılaşmaya baxmayaraq, rus separatçıları təxribatlara və mərkəzi hakimiyyətə qarşı silahlı qarşıdurmaya ara vermirlər. Luqansk şəhərində separatçılar artıq iki həftədir ki, hökumət binasını əllərində saxlayırlar.
Özlərini "Donetsk Xalq Respublikası" adlandıran separatçılar Yenakiyeve şəhərində də şəhər şurasının binasına rus bayrağı asıblar. Donetsk əyalətində ötən gecə də etirazlar davam edib.
Luqansk şəhərində 5 nəfərin ölümü ilə nəticələnən atışmalar isə Qərb diplomatlarının ciddi narahatlığına səbəb olub və onlar istisna etmirlər ki, baş verənlər bölgəyə hərbi müdaxilə etmək üçün Rusiyanın əlində bəhanəyə çevrilə bilər.
Qeyd edək ki, ABŞ Ukraynanın Slavyansk şəhərində 5 nəfərin ölümü ilə nəticələnən atışma faktı ilə bağlı araşdırma aparır. Ağ Evin mətbuat katibi Cey Karni deyib ki, cinayətkarın kimliyini müəyyən etmək hələlik mümkün olmasa da, Rusiyanın Ukraynada vəziyyəti gərginləşdirməkdə rolu olduğu açıqdır. ABŞ Dövlət Departamenti isə Ukraynanın şərqində hərbçilərin fotoşəkillərini yayımlayıb. Fotoşəkildəki hərbçilərin Rusiya hərbi qüvvələrinin əskərləri olduğu bildirilir.
Bu arada ABŞ-ın vitse-prezidenti Co Baydenin Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya səfəri başlayıb. Ukrayna liderlərilə görüşən Co Bayden bu ölkəyə Birləşmiş Ştatların texniki yardımı məsələsini müzakirə edib. Birləşmiş Ştatların rəsmisi Ukraynanı bundan sonra da dəstəkləyəcəyini gizlətməyib: "Ukrayna heç bir zaman Rusiyanın Krıma müdaxiləsini tanımayacaq".
O, Rusiyanın Krımdan geri çəkilməsi üçün verilən vaxta az qaldığını bildirib: "Rusiya Krımdan öz ordularını geri çəkməlidir. Daha sonra diplomatik razılaşmalar əsasında konfliktin həll prosesinə başlanılmalıdır. Biz Rusiyanı maskalı insanlara dəstək verməməyə çağırırıq. Artıq verilən vaxta az qalıb. Biz müsbət irəliləyiş görmək istəyirik".
Bayden ölkənin müvəqqəti prezidenti Aleksandr Turçinovla görüşü zamanı deyib: "Siz hazırda ciddi problemlər yaşayırsınız. Hətta demək olar ki, alçaldıcı şəkildə hədə-qorxu da olunur. Amma vahid Ukraynanın yaratmaq və dirçəltmək sizin əlinizdədir. Biz sizin partnyorunuz, həyata keçirilən layihələrdə dostunuz olmaq istəyirik və sizə hər cür yardım göstərməyə hazırıq".
ABŞ dövlət katibi Con Kerri Ukrayna ətrafında vəziyyətin gərgin və mürəkkəb olduğunu deyib. Onun sözlərinə görə, dünya indi daha mürəkkəb olub. "Əvvəllər, yəni "soyuq müharibə" dövründə indikindən daha asan idi". Yaxud daha düzünü desək, sadə idi. Seçim daha az müxtəlif, daha az mürəkkəb idi. "Soyuq müharibə"də vəziyyət kifayət qədə aydın və parlaq seçilirdi - demokratiya və kommunizm, Qərb və Şərq. Dünya ikiqütblü idi".
O, misal kimi Balkanları və Yaxın Şərq regionunu göstərib və regionda radikal İslam, islamçılıq ideologiyasına söykənən qüvvələrin önə çıxdığını deyib.
C.Kerri Vaşinqtonun özündə də idarəetmə ilə bağlı ciddi problemlər meydana çıxdığını bildirib. O, maliyyə-büdcə məsələləri və digər məsələlərlə bağlı Ağ Evlə Konqres arasında tez-tez qarşıdurmanın yarandığını xatırladıb. Dövlət katibi deyib ki, "soyuq müharibə" dövründə ABŞ uğursuz qərarlar qəbul edə, ancaq istənilən halda uda bilirdi. Çünki dünyada yeganə iqtisadi güc idi.
"Ancaq indi belə deyil. Biz bir çox nəhənglərin yüksəlişdə olduğu bir dünya ilə qarşı-qarşıyayıq" - deyə o, bildirib.
Artıq o da məlum olub ki, ATƏT isə Ukraynada müşahidəçilərin sayını 500 nəfərədək çatdırmaq niyyətindədir. Müvafiq qərar aprelin 17-də Rusiya, ABŞ, AB və Ukrayna XİN rəhbərləri tərəfindən əldə olunmuş Cenevrə sazişinin icrasını təmin etmək məqsədilə qəbul olunub. Bu barədə ATƏT nümayəndəsi Adam Koberatski bildirib.
Xatırladaq ki, martın 21-də ATƏT Daimi Şurası Ukraynaya 6 ay müddətinə xüsusi monitorinq missiyasını göndərməyi qərara alıb.
Rəsmi Kiyev Ukraynanın şərqində antiterror əməliyyatlarının aktiv fazasının başlanmasına yenidən start verib. Baş nazirini birinci müavini Vitaliy Yaremanın sözlərinə görə, prezidentin səlaiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinovun sərəncamına əsasən, ölkənin şərq hissəində antiterror əməliyyatları davam etdirilir: "Pasxa bayramı ilə əlaqədar olaraq bu əməliyyatlara müəyyən fasilə verilmişdi, bu gündən isə bu əməliyyatların aktiv fazası yenidən bərpa edilib. Hüquq-mühafizə orqanları Donetsk və Luqansk vilayətlərinin Slavyansk, Kramatorsk və digər şəhərlərində bütün hərbiləşdirilmiş qrupların ləğv edilməsi istiqamətində əməliyyatları davam etdirirlər".
Prezidentin səlahiyyətlərini icra edən A.Turçinov isə deyib ki, Donetsk bölgəsi silahlı separatçılar tərəfindən tamamilə nəzarətə götürülüb və orada insanlara işgəncə verir və öldürürlər: "Bu quldurlar cinayətləri Rusiyanın birbaşa dəstəyi ilə həyata keçirirlər".
O bildirib ki, Ukrayna böhranını aradan qaldırmaq üçün Cenevrə görüşündə əldə olunan razılaşma nəticəsiz qalıb: "Danışıqlarda tərəflərin silahı yerə qoymasına çağırış edilmişdi, lakin Ukraynanın şərqindəki silahlı ruslar buna getmədilər. Bu, isə Rəsmi Kiyevi ciddi addımlar atmağa vadar edir".
Qeyd edək ki, rus separatçılar tərəfindən qaçırılaraq, öldürüldüyü bildirilən iki şəxsin cəsədi aşkarlandıqdan sonra Ukraynanın müvəqqəti prezidenti Aleksandr Turçinov antiterror əməliyyatlarının davam etdirilməsini əmr verib. Prezidentin bəyanatına görə, Slavyanskda tapılmış həmin cəsədlərin üzərində işgəncə izləri aşkarlanıb. Xüsusi amansızlıqla öldürüldüyü bildirilən şəxslərdən biri şəhər administrasiyasının rəsmisi, digəri isə Turçinovun partiyasının üzvü olub.
Ukrayna prezidentliyinə namizəd Yuliya Timoşenko da Donetskin öz müqədərratını təyin etmə ilə bağlı referendumun qanunsuz olduğunu bildirib. Donetskdə şərqlə-qərb tərəfdarlarını barışdırmaq üçün vasitəçilik edən sabiq baş nazir, həm rəhbərlik etdiyi Batkivşina partiyasının, həm də hökumətin rusiyayönümlü etirazçıların tələblərini dinləməyi, o cümlədən regionlara daha geniş səlahiyyətlərin verilməsinə, regionlarda müstəqil büdcələrin yaradılmasına hazır olduqlarını qeyd edib.
Ekspert Hüseynbala Səlimovun fikrincə, Ukrayna ilə bağlı dördtərəfli siyasi məsləhətləşmələri özündə ehtiva edən Cenevrə danışıqları hələ bir müddət də diqqətdə olacaq, baxmayaraq ki, əldə olunmuş ilkin razılaşmalara rəğmən Ukraynanın şərqində gərginlik hələ də davam edir.
Ekspertə görə, Donetsk və Luqanskda vəziyyəti gərginləşdirməklə Rusiya özünün məqsədinə qismən nail oldu: "Ukraynanın şərqində baş verən proseslər müvəqqəti də olsa Krım məsələsini arxa plana keçirdi. Düzdür, Rusiya şərqi Ukraynada baş verən proseslərdə özünün hər hansı iştirakı olmasını qətiyyətlə inkar edir, amma danılmaz faktdır ki, şərqdə etirazların önündə gedənlər adi, mülki insanlara qətiyyən bənzəmirlər".
Ekspertə görə, Ukrayna rəhbərliyi ölkənin bir hissəsində fövqəladə vəziyyət elan edə bilmir, çünki bu, may ayında keçiriləcək prezident seçkilərinin legitimliyini şübhə altına alardı. Bu baxımdan Ukraynada vəziyyətin normallaşması üçün bu seçkilərin müstəsna əhəmiyyəti var. Ölkənin siyasi və iqtisadi inkişafı əhəmiyyətli dərəcədə həmin seçkilərdən asılıdır.