“Klinton prezident seçilərsə, Azərbaycan və ABŞ əlaqələri bütün sahələrdə inkişaf edəcək” Dünya

“Klinton prezident seçilərsə, Azərbaycan və ABŞ əlaqələri bütün sahələrdə inkişaf edəcək”

Asim Mollazadə: "Amerikanın yeni seçiləcək prezidentinin kimliyi mühüm əhəmiyyət kəsb edir"

Mübariz Əhmədoğlu: "Klintonun seçilməsi Azərbaycan üçün daha faydalıdır"

"Klinton prezident seçilərsə, Azərbaycan və ABŞ əlaqələri bütün sahələrdə inkişaf edəcək". Bu sözləri ABŞ-da keçirilən prezident seçkiləri, namizədlərin xarici siyasətləri və nəticələrin ABŞ-Azərbaycan münasibətlərinə təsiri barədə danışan millət vəkili Asim Mollazadə deyib. Deputat bildirib ki, Azərbaycanın ərazi bütövlüyü və regionda sülhün əldə olunması baxımından Amerikanın yeni seçiləcək prezidentinin kimliyi mühüm əhəmiyyət kəsb edir:

"İki ölkə arasında təhlükəsizlik sahəsində ciddi əməkdaşlıq var və Azərbaycan antiterror koalisiyasının fəal üzvüdür. Azərbaycan bir sıra enerji layihələri ilə uzun müddətdir ki, ABŞ-ın maraq dairəsindədir və ölkəmizin bir çox üstünlükləri bu kontekstdə önəmli rol oynayır. Bundan başqa, Azərbaycanın ABŞ ilə NATO hərbi qüvvələrinə ciddi lojistik dəstəyi yüksək qiymətləndirilir. Hesab edirəm ki, yeni prezident nəinki Azərbaycanla əməkdaşlığı gücləndirməli, ərazi bütövlüyümüzün təmin olunması istiqamətində ciddi addımlar atmalıdır. Bu, Azərbaycan-ABŞ tərəfdaşlığı üçün olduqca önəmlidir".
Millət vəkili bildirib ki, Klintonun prezident seçilməsi Azərbaycan-ABŞ əlaqələrini daha da irəliyə aparacaq: "Azərbaycanın enerji strategiyasının dəqiqləşdirilməsində Bill Klinton böyük işlər görüb. Ona görə də ABŞ-da Klinton komandasının yenidən hakimiyyətə gəlməsi Avropanın enerji təhlükəsizliyi baxımından planlaşdırılan bir sıra layihələrin reallaşdırılması istiqamətində mühüm addımların atılmasına gətirib çıxaracaq".
Politoloq Mübariz Əhmədoğlu isə deyib ki, ABŞ-dakı prezident seçkilərində Hillari Klintonun qələbə qazanmaq şansı çoxdur: "Klinton həm təcrübəli dövlət adamıdır, həm də seçkiyə partiya ilə birlikdə qatılıb". O qeyd edib ki, Klintonun seçkisi Demokrat Partiyasının seçkisidir: "Demokratlar bu gün hakimiyyətdədir. Respublikaçılar partiyası Trampın seçki kampaniyasında o qədər fəal iştirak etmir. Əvvəldən onun namizədliyi ilə bağlı partiyada ikifikirlilik var idi. Qadınlarla bağlı məsələ üzə çıxanda respublikaçıların tanınmış üzvləri bəyan etdi ki, Trampa dəstək verməyəcəklər".
Politoloq bildirib ki, hakimiyyət resursları da Klintonun tərəfindədir: "Hesab edirəm ki, Klintonun seçilmək şansı böyükdür". M.Əhmədoğlunun fikrincə, Klintonun seçilməsi Azərbaycan üçün daha faydalıdır: "Çünki Azərbaycan müstəqilliyə qədəm qoyanda ilk illər demokratların hakimiyyəti dövründə təsadüf etdi. Biz o zaman çox ciddi uğurlar əldə etdik. Əsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan layihəsinin sənədləşməsi həmin dövrdə oldu. BMT TŞ-da Dağlıq Qarabağla bağlı 4 sənəd qəbul edildi. Bu demokratlar partiyasından olan prezidentlə Azərbaycanın işbirliyinin nəticəsi idi."
Politoloq əlavə edib ki, ABŞ-la bizim münasibətimizdə 907-ci düzəliş məsələsi də var. Amma müqayisə edəndə demokratların Azərbaycana faydası daha çoxdur, nəinki mənfi tərəfi.
M. Əhmədoğlu bildirib ki, Klintonun seçilməsinin 2 vacib prizmadan əhəmiyyəti var. Hazırda ABŞ-ın Cənubi Qafqaz siyasəti demək olar ki, ölüb: "Aİ-nin Şərq Tərəfdaşlığı proqramı, GUAM bunlar hər ikisi ABŞ tərəfindən dəstəklənirdi, indi iflasdadır. Klinton hakimiyyətə gələn kimi çalışacaq ki, Cənubi Qafqazda mövqeyini gücləndirsin. Ona görə ki, Qafqaz Suriya və Ukraynanın arasındadır. Yəni bu orta coğrafiyadır. ABŞ Cənubi Qafqazda sağlam siyasət qurmaqla həm Suriyada, həm də Ukraynadakı proseslərə təsir etmək üçün sağlam rıçaq əldə edəcək".
Politoloq əlavə edib ki, ABŞ-da bilirlər ki, Azərbaycan heç bir dövlətin sözü ilə qonşu dövlətlərin əleyhinə siyasət aparan deyil. ABŞ-ın sözü ilə Rusiya və İrana qarşı çıxası deyilik.
M. Əhmədoğlu deyib ki, artıq ABŞ-ın regionda həm erməni mərkəz, həm də gürcü mərkəz siyasəti olub: "Bir dövr oldu ki, ABŞ demokratları ermənilərə dəstək verdilər, elə bir dövr oldu gürcülərə dəstək verdilər. Onların heç birisi alınmadı. Hökmən Azərbaycan mərkəz siyasət aparmalıdırlar. Klinton Azərbaycanla münasibətləri istiləşdirəcək ki, Qafqazda möhkəmlənsin. Bu yolla Suriyada, Ukraynada gedən proseslərə əlavə rıçaq əldə edəcək".
Politoloq bildirib ki, Dağlıq Qarabağ məsələsinə gəlincə, ABŞ-dakı ermənilər həmişə demokratların elektoratı hesab edilib. Amma Barak Obama ikinci seçkisində erməniləri özündən uzaqlaşdırdı: "Klinton da ermənilərin şərtlərini qəbul etmədi. Ermənilər həm Klintona, həm də Trampa müraciət etdi ki, bizim proqramımızı qəbul edin və bizi seçki kampaniyalarınıza qoşun. Tramp buna heç fikir vermədi. Klinton isə ermənilərin müraciətin şüurlu şəkildə rədd etdi. Çünki Klinton bilir ki, erməni soyqırımı, Dağlıq Qarabağ məsələsi nədir".
Politoloq sonda qeyd edib ki, Klinton ABŞ-dakı ermənilərdən imtina etməsi şüurlu və siyasi imtinadır: "O Azərbaycan və Türkiyə ilə münasibətləri istiləşdirəcək. Hesab edirəm ki, Klintonun qələbə çalması Azərbaycanın marağındadır".