Trumpın seçki qərargahı rus hökuməti ilə əlaqədə olub Dünya

Trumpın seçki qərargahı rus hökuməti ilə əlaqədə olub

Rusiya rəsmiləri D.Trumpın çevrəsiylə kontaktda olublar. Bu barədə "The Independent" qəzeti yazır. Qəzetin yazdığına görə, Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov bu barədə "Interfax" xəbər agentliyinə danışıb, Trumpın ətrafındakı nüfuzlu şəxslərlə əlaqələrinin olduğunu təsdiqləyib. "Hamısını demirəm, amma onların çoxu Rusiya təmsilçiləriylə əlaqəyə tərəfdar idilər", – deyə S.Ryabkov əlavə edib.
ABŞ-ın ilk qadın dövlət katibi Madeleine Albrayt noyabrın 10-da "Radio 4"ə müsahibəsində Trumpı Rusiya prezidenti Vladimir Putinə qoşularaq Avropadan uzaqlaşmamağa çağırıb. D.Trumpın seçki kampaniyası zamanı Rusiya prezidentini dəfələrlə təriflədiyi hamıya məlumdur. Buna görə M.Albrayt Trumpı bir dəfə hətta Putinin "yararlı səfehi" adlandırmışdı.
"Radio 4"ə müsahibəsində M.Albrigt deyib: "O, hər şeydən öncə Birləşmiş Ştatların prezidenti olduğunu və bizim Rusiya qarşısındakı maraqlarımızın vacibliyini unutmamalıdır. Mərkəzi və Şərqi Avropadakı müttəfiqlərimizin və dostlarımızın bizimlə çoxdan müttəfiq və dost olduqlarını yaddan çıxarmamalıdır".
Xanım Albrayt Trumpın seçki kampaniyası zamanı səsləndirdiyi bəzi fikirlərin ABŞ-a təhlükə yaratdığını bildirərək, Trumpı məsləhətlərə qulaq asmağa çağırıb: "Ümid edirəm ki, kəşfiyyat məlumatlarını alandan, ya da xarici siyasətdən başı çıxan diplomatları dinləyəndən sonra Trump həmin bəyanatlarının Birləşmiş Ştatlardan ötrü nə qədər təhlükəli olduğunu anlayacaq".
Rusiya liderlərinin Trumpın gözlənilməz qələbəsini sevinclə qarşılaması, hətta Rusiya parlamentinin seçkinin nəticələrini uzun-uzadı alqışlaması diqqətlərdən yayınmayıb. Rusiya prezidenti Vladimir Putin isə Trumpa "isti" təbrik teleqramı göndərib. Kremlin bəyanatında deyilir ki, Putin Trumpa Rusiya-Amerika əlaqələrini birlikdə və yeni istiqamətdə inkişaf etdirməyə ümidli olduğunu bildirib.
Trumpın prezident seçildiyi gün çıxış edən Putin korlanmış münasibətləri bərpa edəcəklərinə inandığını, Moskvayla Vaşinqton arasında konstruktiv dialoqun baş tutacağına əminliyini vurğulayıb. Putin Trumpı hələ dekabrda "parlaq və istedadlı şəxsiyyət" adlandırıb, D.Trump isə bu tərifin onun üçün böyük şərəf olduğunu bildirmişdi. Seçki kampaniyası zamanı Trump Putini "güclü lider" adlandırmış, çıxışlarının birində "məncə, onunla yola gedərəm" demişdi. Putini təriflərinə görə rəqibi Hillary Klinton Rusiyanın onu Ağ Evdəki marionetinə çevirmək niyyətində olduğunu söyləmişdi.
Trump həm də ABŞ rəsmilərinin Rusiyanın seçki sənədlərinə müdaxiləsiylə bağlı ittihamlarına qoşulmurdu. H.Klintonu isə Rusiya mətbuatında ölkənin əleyhinə sərt və aqressiv mövqeli, Rusiyaya qarşı hərbi planları olan şəxs kimi təsvir edirdilər. Dövlət katibi olanda Klinton həqiqətən də Rusiyaya qarşı sərt mövqeyi ilə yadda qalmışdı.