Tramp milyonlarla seçicinin qanunsuz səs verdiyini deyir Dünya

Tramp milyonlarla seçicinin qanunsuz səs verdiyini deyir

Birləşmiş Ştatlarda səslərin yenidən sayılması xəbəri xeyli səs-küy yaradıb. Qərb mətbuatı yeni seçilmiş prezident Donald Trampın xəbərə reaksiyasından yazır. Keçən həftə Viskonsin ştatının seçki şurası səslərin yenidən sayılması haqda müraciəti qəbul edib. Müraciəti Yaşıllar Partiyasının prezidentliyə namizədi olmuş Jill Stein göndərib, o, Viskonsində "statistik anomaliya" olduğunu bildirib. Şənbə günü isə seçkini uduzmuş namizədin – Hillary Klintonun seçki qərargahı səslərin yenidən sayılması prosesinə qatılacağını elan edib.
Məsələyə münasibətini bildirməkdən ötrü yeni prezident D.Tramp Twitter-də hücuma keçib. "NBC News" D.Trampın tvitlərini yayımlayıb. D.Tramp Twitter çıxışlarında rəqibi H.Klintonun səslərin yenidən sayılması prosesində iştirakını "ikiüzlülük" adlandırıb. D.Tramp səslərin yenidən sayılmasının nəticələri dəyişməyəcəyini, H.Klintonun seçkini artıq uduzduğunu söyləyib.
Digər tərəfdən, D.Tramp səslərin yenidən sayılması üçün öz yardımını təklif edib. Başqa bir statusunda isə yeni seçilmiş prezident seçkidə ciddi saxtakarlıqlara yol verildiyini, Virciniya, Nyu-Hempşir və Kaliforniyada milyonlarla adamın qanunsuz səs verdiyini yazıb, amma ittihamlarını əsaslandırmayıb.
Kaliforniya ştatının katibi demokrat Alex Padilla D.Trampın yazdıqlarını "cəfəngiyat" adlandırıb. "Deyəsən, cənab Trampı amerikalıların çoxunun ona səs verməməsi narahat edib…Onun düşünülməmiş tvitləri prezident seçilmiş adama yaraşmır", - A.Padilla öz Twitter hesabında belə yazıb. Mətbuatı maraqlandıran D.Trampın bu ittihamları hansı əsasla irəli sürməsi, bir də bu qədər ciddi saxtakarlıqlardan xəbəri var idisə, indiyə qədər niyə susmasıdır.
Noyabrın 8-də keçirilən prezident seçkilərində H.Klinton D.Trampdan demək olar ki, 2 milyon səs çox toplayıb. Ancaq ABŞ-da prezidenti Seçki Kollegiyası seçir. Seçki Kollegiyasında isə H.Klintonun 232, D.Trampın 290 seçici səsi olub. Bazar günü yazdığı tvitlərdən birində D.Tramp deyib ki, son qərarı Seçki Kollegiyası deyil, əhali versəydi də, o qalib gələrdi.
Əslində D.Tramp öncədən Seçki Kollegiyasının əleyhinə idi. Hələ 2012-ci il seçkilərində yenə də Twitter hesabında D.Tramp Seçki Kollegiyasının demokratiyadan ötrü fəlakət olduğunu qeyd etmiş, B.Obamanın xalqın deyil, Seçki Kollegiyasının qərarıyla seçildiyini söyləmişdi. "Bu böyük və iyrənc ədalətsizliklə mübarizə aparaq! Dünya bizə gülür", – D. Tramp o zaman belə yazmışdı. Amma "NBC News" B.Obamanın həm 2008, həm də 2012-ci il seçkilərində əhalidən də, Seçki Kollegiyasından da çoxlu səs topladığını qeyd edir.
Twitter hesabında D.Tramp həm də H.Klintonun seçkinin nəticələrini qəbul etməyəcəyinə görə vaxtilə onu qınadığını xatırladıb. Debatlar zamanı H.Klinton demişdi ki, D.Tramp seçkinin nəticələriylə razılaşmazsa, bu, çox dəhşətli olar. Çünki bu, ABŞ demokratiyasına yaraşmaz. "Biz nəticələrdən narazı qalsaq da, onları həmişə qəbul etmişik", - H.Klinton belə demişdi. D.Tramp H.Klintonun bu sözlərini təkrarlamaqla yanaşı, onun seçkidən sonrakı çıxışını da – "Tramp prezident olmağa hazırlaşır, biz ona idarəçilik şansı verməliyik", – sözlərini xatırladıb, proseslərin indiki gedişinin onu kədərləndirdiyini bildirib.
Analitiklərin fikrincə, D.Tramp Twitter hesabından yararlanaraq, baş qatmağa, daha ciddi məsələlərdən, məsələn, "The New York Times"ın D.Trampın maraqlarıyla bağlı araşdırmalarından diqqəti yayındırmağa çalışır.