Ukrayna ordusu hücuma keçdi Dünya

Ukrayna ordusu hücuma keçdi

Rusiyanın silahlandırdığı terrorçu qruplar geri çəkilir

Cavid

Ukraynanın şərqində vəziyyət gərginləşib. Dünən Ukrayna ordusu yerli vaxtla saat 4-də Rusiyanın dəstəklədiyi terrorçu qrupların əlində olan Slavyansk şəhərinə total hücuma keçib. Separatçılara qarşı hərbi əməliyyata vertolyotlar, ağır zirehli texnika cəlb olunub. Şəhərdə atışma gedib.
Donetsk vilayətinin şəhəri olan Slavyansk bir müddətdir separatçıların tam nəzarətinə keçib. Vilayətin mərkəzi şəhəri Donetsk də daxil olmaqla bəzi yaşayış məntəqələri, eləcə də Xarkov və Luqansk vilayətlərinin bir çox nöqtələri silahlı separatçıların əlindədir. Ərazilərdə qondarma respublikalar elan etmiş separatçılar Ukraynanın federasiyaya çevrilməsini tələb edirlər.
Ukrayna hərbçilərinin separatçılardan Karaçun şəhərində yerləşən teleqülləni geri aldıqları bildirilir. Ölən və yaralalanlar haqda məlumat verilmir.
Kremldən himayə olunan separatçı Donbass "özünümüdafiə qüvvələri"nin yaydığı məlumata görə, Slavyansk şəhəri mühasirəyə alınıb, şəhər ətrafında ağır zirehli texnika keşik çəkir. Ukrayna ordusu aviasiyadan da istifadə edir. Artıq separatçılar tərəfindən orduya məxsus 3 helikopterin vurulduğu, 2 pilotun həlak olduğu bildirilib. Slavyanskdakı silahlı rus separatçılarının yaydığı məlumata görə, helikopterlərdən yerə atəş açıdıqdan sonra cavab olaraq yerdən raket buraxılıb.
Məlumata görə, Kiyev rəhbərliyinin əmrini yerinə yetirən ordu qüvvələri ilə terrorçu qruplar arasında toqquşmalar Slovyansk şəhərinin mərkəzində baş verib.
Ukraynalı nüfuzlu hərbi ekspert, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk Slavyansk şəhərinin böyük hissəsinin nəzarətə götürüldüyünü xəbər verib. O, Slavyansk ətrafında terrorçuların blok-postlarının təmizləndiyini və şəhərdəki televiziya mərkəzinin separatçılardan geri alındığını bildirib. D.Tımçuk terrorçu dəstələrin əsas müqavimət ocaqlarının şəhərin cənub-şərq hissəsində olduğunu söyləyib.
Slavyanskda separatçılar tərəfindən "xalq meri" elan edilmiş Vyaçeslav Ponomaryov isə 3 helikopterin vurulduğunu, pilotlardan birinin əsir götürüldüyünü, 2-nin isə öldüyünü deyib.
Ukrayna mənbələri də döyüşlərin şəhərin mərkəzində getdiyini, 2 nəfərin öldüyünü və yaralıların olduğunu, helikopterlər vasitəsilə şəhərə desant endirildiyini açıqlayıb. Ağır texnika isə şəhərin ətrafındadır. Separatçı qüvvələrə məxsus 3 "BTR"in vurulduğu xəbər verilir.
Bölgədən gələn son məlumatlara görə, hazırda atəş səngiyib. Yerli "özünümüdafiə qərargahı"ndan İnterfaks-a bildiriblər ki, atəşin səngiməsi Ukrayna tərəfinin öz qüvvələrini yenidən qruplaşdırması ilə bağlı ola bilər. Slavyansk şəhərindəki silahlı dəstələrin lideri, "İqor Strelkov" adı ilə tanınan və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olduğu bildirilən İqor Girkin Ukrayna hərbçilərinin şəhəri tam mühasirəyə aldığını bildirib: "Bütün yollar bağlanıb, hər tərəfdə hərbi texnika və canlı qüvvə var. Havada 20-yə yaxın helikopter fəaliyyət göstərir. Düşmən şəhərin bütün giriş-çıxışlarını bağlayıb".
Ukraynanın daxili işlər naziri Arsen Avakov da Slavyansk şəhəri ətrafında separatçıların quraşdırdığı 9 blok-postun təmizləndiyini və şəhərin mühasirə həlqəsinə alındığını açıqlayıb. O, əməliyyatda DİN-in qüvvələrinin, Milli Qvardiyanın və Silahlı Qüvvələrin bölmələrinin iştirak etdiyini deyib. Separatçı qüvvələr avtomatlarla yanaşı, qumbaraatanlar, hətta "PZRK" (daşınan zenit-raket kompleksi) ilə silahlanıb. Nazir Slavyansk və Kramatorsk sakinlərini evlərindən bayıra çıxmamağa və pəncərələrə yaxınlaşmamağa çağırıb.
Qeyd edək ki, Slavyansk şəhəri son həftələrdə Ukraynanın şərqində separatçı qüvvələrin əsas dayaq nöqtəsinə çevrilib.
Moskvada və Sankt Peterburqda isə Ukraynanın müdafiəsinə icazəsiz mitinqlər keçirilib.
Ukraynanın Donetsk şəhərində isə maskalı naməlum şəxslər Horlivka şəhərində prokurorluq binasını ələ keçirib.
Yerli informasiya agentliklərinin yazdıqlarına görə maskalılar binadan kompüterləri çıxarıblar. Binanın önündə isə cinayət işləri və prokurorluğa aid digər sənədlərin yandırıldığı tonqal qalanıb.
Ötən gün yayılımış məlumatlarda deyilir ki, Donetskdə Rusiyameyilli qüvvələr Donetsk prokurorluğuna hücum edərək binanı ələ keçiriblər. Milislə toqquşma zamanı daş və "Molotov kokteyli"ndən istifadə olunub. "İnterfaks"ın yaydığı məlumata görə, 26 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Tibbi yardım üçün müraciət edənlərdən 4-ü güllə yarası alıb.
Hazırda Ukraynada prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turçinov "hökumətin müdafiə qabiliyyətini artırmağa dair ölçülər"lə bağlı fərman imzalayıb.
Bu sənəd, əsasən, silahlı qüvvələrin çağırışını yenidən bərpa etməyi nəzərdə tutur.
Artıq bir neçə həftədir ki, Ukraynanın cənub-şərqində gərginlik davam edir. Rusiya meyilli qüvvələr burada hökumət binalarını ələ keçirirlər. Bu gərginliyə son qoymaq məqsədilə hökumət "antiterror əməliyyatlara" start verib.
Ukrayna prezidenti Aleksandr Turçinovun fərmanına görə, Ukraynada təxirə salınmış hərbi səfərbərlik bərpa olunub.
Fərmanın mətni dövlət başçısının rəsmi saytında yerləşdirilib. Sənəddə bildirilir ki, ölkənin cənubunda və şərqində vəziyyət pisləşdiyinə görə, silahlı qüvvələrə və başqa hərbi birləşmələrə müddətli hərbi xidmətə çağırışlar gerçəkləşdiriləsək. Yaşı 18-dən 25-ə kimi olan sağlam kişilər orduya çağrılacaq.
Daha önsə Ukrayna hökumətinin qəbul etdiyi qərara görə, ölkədə orduya müddətli çağırışlardan imtina edilmişdi.
Orduda aparalacaq islahatlar nəticəsində hazırda sayı 184 minə çatan Ukrayna ordusunu peşəkarlardan təşkil olunmuş 122 minlik orduya çevirmək nəzərdə tutulurdu.
Ekspert Hüseynbala Səlimovun fikrincə, Ukraynada vəziyyət dramatik xarakter alır: "Ukraynanın şərq regionları özlərini rusiyapərəst etirazçılara sürətlə və o asanlıqla təslim edirlər ki, yəqin ən iflic olmuş dövlətin də təcrübəsində belə hallara təsadüf olunmayıb. Adam sözün həqiqi mənasında bilmir buna nə izah tapsın - bütün bunları bir siyasi təxribat hesab etsin, yoxsa rusiyapərəst separatçıların gücünü etiraf etmək məcburiyyətində qalsın? Üstəlik, Rusiya da pusquda dayanıb. Kreml birmənalı bəyanat vermir ki, dövlətlər və insanlar Rusiyanın Ukraynaya birbaşa müdaxiləsinin sovuşduğuna əmin olsunlar. Düzdür, bu günlərdə Rusiyanın müdafiə naziri amerikalı həmkarını əmin etməyə çalışdı ki, ölkəsinin Ukraynaya müdaxilə etmək fikri yoxdur. Amma bununla belə o, NATO qüvvələrinin şərqi Avropada cəmləşməsindən narahat olduğunu da ifadə etdi - "narahat" Rusiya isə buz üstünə çıxmış dana kimidir, özünü hara çırpacağını heç kim müəyyənləşdirə bilməz..."
Ekspertin sözlərinə görə, əslində NATO qüvvələrinin haradasa cəmləşməsi Rusiya müdafiə nazirini narahat etməməli idi - Qərbin Rusiya ilə vuruşmaq fikri olsaydı bunu Krım ilhaq olunarkən edərdi. Amma Qərb ölkələri ictimai qınaq və dinc sanksiyalar yolunu tutdular: "Üstəlik, hər bir dövlətə sanksiyaları müstəqil şəkildə müəyyənləşdirmək hüququ verildi. Bu isə o demək idi ki, ABŞ Avropa ölkələrinin Rusiyadan enerji asılılığını nəzərə alır. Bəs, Rusiyanı nə narahat edir?
Birincisi, Rusiya Ukraynanın onun nüfuz sferasından çıxması ilə heç cür barışa bilmir, bütün vasitələrlə bunun qarşısını almağa cəhd edir. Ona görə də birmənalı bəyanat vermir, ukraynalıları təşvişdə saxlamağa çalışır. Təşviş üçün əsas isə yox deyildir. Sadəcə, təqdirəlayiqdir ki, Ukrayna rəhbərliyi də bütün baş verənlərə rəğmən öz kursundan dönməyəcəyini bəyan edir.
İkincisi, NATO məsələsi Rusiya üçün az qala paranoik xarakter alıb. Soyuq müharibə bitəndən sonra alyans bir neçə dəfə bəyan etdi ki, daha Rusiyanı rəqib qismində görmür.
Bu illər ərzində Rusiyaya tam üzvlükdən tutmuş birgə əməkdaşlıq Şurası yaratmağa qədər bir neçə əməkdaşlıq formulu təklif olundu. Amma Rusiya NATO-dan həmişə "xüsusi status" tələb etdi.
Artıq Gürcüstana müdaxilə zamanı NATO Rusiya ilə münasibətlərini təftiş etmək yolunu tuta bilərdi. Amma gözlədilər. Yalnız Krım ilhaq olunandan sonra Atlantika Bloku Rusiya ilə əlaqələri dayandırdı və hətta Rusiya - NATO Şurasının fəaliyyətinə xitam verdi.
Rusiya isə özünü elə aparır ki, sanki heç nə olmayıb, sadəcə, NATO ölkələri ona qarşı qərəzli mövqe tutublar. Amma həqiqətdə belədirmi?
ABŞ prezidenti hətta Krımın ilhaqından sonra da bildirdi ki, əvvəlki kimi soyuq müharibə olmayacaq, ona görə ki, Rusiya heç bir ciddi hərbi blokun başında dayanmayıb və hansısa qlobal ideyanın daşıyıcısı deyil!
Bəs, Rusiyada buna nə reaksiya verdilər? Təsəvvür edin ki, "incidilər"! Dedilər ki, niyə bizi regional dövlət hesab edirlər?!"
Ekspert onu da vurğulayıb ki, Rusiyanın siyasi təbiətinə, onun geosiyasi iddialarına yalnız ictimai-siyasi aspektdən yanaşmaq bu ölkə haqqında heç nə deməmək, bəlkə də onun haqqındakı həqiqətləri bir qədər təhrif etmək olardı: "Bu iddiaların bəlkə də mental, etno-psixoloji kökləri də var. Məsələn, bir neçə dəfə alman siyasətçilərinin dilindən eşitmişik ki, onların ölkəsinin heç bir qlobal missiyası yoxdur. Bəlkə də bizim belə bəyanatlara inanmağımızı kimsə sadəlövhlük kimi qəbul edəcək. Ona görə ki, siyasətçilər dediklərini etmir, etdiklərini də demirlər. Amma bizim bu bəyanatlara şübhə etməyimiz üçün də ciddi əsasımız yoxdur. Kim olmasa da Almaniyada qlobal utopiyaların öz ölkələrini və eləcə də digərlərini hara sürüklədiyini görüblər.
Rusiya ictimai-siyasi və fəlsəfi fikir tarixi isə belə deyil. Onlar qlobal missiya daşıdıqlarına nəinki özlərini inandırıblar, hətta başqalarını da buna inanmağa və bununla hesablaşmağa təhrik edirlər.
Qlobal utopiyalara görə digər ölkələr utanc hissi keçirir. Amma Rusiya prezidenti bir neçə dəfə deyib ki, biz belə hissləri, xüsusən də baş verənlərə görə günah kompleksini özümüzə yaxın buraxmamalıyıq!
Bəli, Rusiyada hər il faşizm üzərində qələbəni böyük təntənə ilə qeyd edirlər - faşizm milyonlarla insanın həyatını aparıb. Amma kommunizm xülyası, utopiyası bundan azmı zülm edib insanlara? Təkcə düşərgələrdə yüz minlərlə insan tələf oldu. İ.Stalin deyirdi ki, problemləri ölüm həll edir - insan yoxdur, problem də yoxdur.
Bu, Rusiyanın çox da uzaq olmayan keçmişindən gələn sədadır. O keçmişdən ki, V.Putin ona görə qəti utanc hissi keçirməməyi, günah kompleksini özünə yaxın buraxmamağı tövsiyyə edir. Ona görə də nə baş verirsə-versin, bir sual aktuallığını daim saxlayır: Rusiyaya inanmaq olarmı?"