Şimali Koreya lideri öldürülən qardaşını əfv etməyib Dünya

Şimali Koreya lideri öldürülən qardaşını əfv etməyib

Malayziya hava limanında öldürülən Şimali Koreyanın lideri Kim Çen Inın qardaşı Kim Çen Nam ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Cənubi Koreya kəşfiyyatının təmsilçiləri onun 2012-ci ildə qardaşından əfv olunmasını xahiş etdiyini söyləyiblər. Cənubi Koreyanın Milli Kəşfiyyat İdarəsinin məlumatına görə, məhz 2012-ci ildə Kim Çen Nama ilk dəfə sui-qəsd cəhdi olsa da, uğurlu lınmayıb. Bundan sonra Kim Çen Nam Kim Çen Ina məktub yollayaraq onun və ailəsinin bağışlamasını istəyib.
"İstəyirəm ki, sən mənim və ailəmin cəzasını ləğv edəsən. Bizim getməyə yerimiz yoxdur, bilirik ki, yeganə şansımız qaçmaqdır – bu isə intihar etməkdir", - Kim Çen Namın qardaşına yazdığı məktubun mətninin təxminən belə olduğu bildirilir.
Koreya Xalq Demokratik Respublikasının liderinin böyük qardaşı ölkəni tərk edərək Makaoda yaşayıb, bizneslə məşğul olub. Kim Çen Nama sui-qəsd həftənin birinci günü Malayziya hava limanında, ailəsinin yaşadığı Makaoya uçuşdan əvvəl edilib. Müstəntiqlər ehtimal edirlər ki, Şimali Koreya liderinin qardaşının həyatına qəsddə iki qadın iştirak edib, sonra taksi ilə cinayət yerindən qaçıblar.
Cənubi Koreya kəşfiyyatı belə güman edir ki, ehtimal olunan cinayətkarlar hələ də Malayziya ərazisini tərk etməyiblər. Yaponiya mütəxəssisləri isə daxil olan məlumata əsaslanaraq bəyan ediblər ki, qəsddə şübhəli bilinənlər artıq öldürülüblər. "Reuters" agentliyinin məlumatına görə, ABŞ əmindir ki, Kim Çen Namı Şiumali Koreyanın xüsusi xidmətinin agentləri öldürüblər. Bundan əvvəlki məlumatda bildirilirdi ki, Kim Çen Namın Pekin və Makaoda yaşayan ailə üzvlərini Çin hakimiyyəti müdafiə altına götürüb.