Nyu-Yorkda nüvə müzakirələri keçirilir Dünya

Nyu-Yorkda nüvə müzakirələri keçirilir

Ötən gün Nyu-Yorkda İranla "altılıq" ölkələri arasında ekspertlər səviyyəsində növbəti nüvə müzakirələri işə başlayıb.
APA-nın "Radiofərda"ya istinadən verdiyi məlumata görə, tərəflər arasında danışıqlar 2013-cü il noyabrın 24-də Cenevrədə əldə olunmuş nüvə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı yekun addımlarla bağlı fikir mübadiləsi aparmaq və yekun razılaşmanın əldə olunması məqsədilə yerdə qalan məsələlərin həlli naminə keçirilir.
Bir həftə davam etdiriləcək danışıqlarda İran nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin beynəlxalq və siyasi məsələlər idarəsinin müdiri Həmid Bəidinejad rəhbərlik edir.
Qeyd edək ki, İranla "altılıq" ölkələri arasında növbəti nüvə müzakirələri yekun nüvə razılaşmasının mətninin hazırlanması məqsədilə mayın 13-16-da Vyanada keçiriləcək. Bu danışıqlar Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin rəhbərliyi altında baş tutacaq.