Qırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş Dünya

Qırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş

Qırğızıstan-Tacikistan sərhədində kütləvi iğtişaş baş verib, nəticədə onlarla adam xəsarət alıb.
APA-nın "24.kg" və "fergana.ru" saytlarına istinadən verdiyi məlumata görə, hadisə mayın 7-də axşam saatlarında qeydə alınıb.
Kütləvi davada Qırğızıstanın Orto-Boz və Tacikistanın Xocalı kəndlərinin sakinləri iştirak edib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları vəziyyəti nəzarətə götürmək üçün silahdan istifadə etmək məcburiyyətində qalıblar.
Qırğızıstan sərhəd xidmətinin yaydığı məlumata görə, iğtişaşlar nəticəsində Tacikistan vətəndaşları Qırğızıstan ərazisində yerləşən yanacaq-doldurma məntəqəsini, habelə mağaza və iki yük avtomobilini yandırıblar.
Qırğızıstan tərəfi 30 nəfərin, Tacikistan tərəfi isə 60-dan çox adamın xəsarət aldığını bildirib.
Versiyaların birinə görə, münaqişəyə səbəb taciklərin Qırğızıstan vətəndaşının olduğu maşına daş atmaları olub. Digər versiyaya əsasən, sərxoş qırğızlar tacik əsilli sakinin maşınını daşqalaq ediblər.