“Türkiyə vətəndaşlarına hansı haqlar verilirsə, qaçqınlara da o haqları veririk” Dünya

“Türkiyə vətəndaşlarına hansı haqlar verilirsə, qaçqınlara da o haqları veririk”

"Dünyanın ən böyük çətinliklərindən biri müharibə və insanların öz evlərində çıxmağa məcbur qalmasıdır. Ermənistan hücumları nəticəsində 1 milyona yaxın azərbaycanlı da evindən, yurdundan didərgin düşüb".
Bu sözləri Türkiyə Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca Türkiyədə səfərdə olan xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, eyni vəziyyət Suriyada və İraqda da var və bu ölkələrdə müharibə davam edir: "Oradan 3,5 milyon miqrant Türkiyəyə yerləşib. Onlar evindən, yurdundan olub, qaçmağa məcbur qalıb. Heç kəsə belə bir tale arzulanmamalıdır. Hazırda Türkiyə vətəndaşlarına nə haqlar verilirsə, onlara da o haqlar verilir. Onlar Türkiyədə istədikləri qədər qalacaqlar".
M. Akarca qeyd edib ki, miqrant böhranı zamanı Türkiyəyə heç bir ölkə ciddi kömək etməyib: "Onlar vəziyyətin ağırlığını anladıqlarını bildiriblər, lakin kömək etməyiblər. Türkiyə indiyə kimi düşərgələrdə mühacirlərin saxlanması üçün 25 milyard dollar xərcləyib. Avropa İttifaqı 4 milyard yardım edəcəklərini bildirib, lakin o pul bizə gəlib çatmayıb".
M. Akarcanın sözlərinə görə, Türkiyədəki mühacirlərdən 3,2 milyonu suriyalı, qalanı İraq, Afrika və bəzi Avropa ölkələrindəndir.