AB-dən Rusiyaya yeni sanksiya hazırlığı Dünya

AB-dən Rusiyaya yeni sanksiya hazırlığı

Avropa İttifaqı (AB), Rusiyaya qarşı xam neftin tavan qiymətinin aşağı salınmasını da əhatə edən 18-ci sanksiya paketinin hazırlanmasına başlayıb.

Xalqcebhesi.az xəbər verir ki, AB Komissiyasının sədri Ursula von der Leyen, ABŞ senatoru Lindsey Graham ilə Berlində keçirdiyi görüşdən sonra sosial media hesabında paylaşım edib. Graham ilə məhsuldar bir görüş keçirdiyini bildirən von der Leyen, “AB, xam neftin tavan qiymətinin azaldılmasını da əhatə edən 18-ci sərt sanksiya paketini hazırlayır. Bu addımlar ABŞ-ın tədbirləri ilə birlikdə atıldıqda, sanksiyalarımızın birgə təsiri əhəmiyyətli dərəcədə artacaq” deyə bildirib.

AB Komissiyasının açıqlamasında, Şimal Axını (Nord Stream) infrastrukturu, Rusiyanın bank sektoru və xam neftin qiymət tavanının endirilməsi də daxil olmaqla, Rusiyanın enerji gəlirlərini hədəf alan 18-ci sanksiya paketinin hazırlanmasına başlanıldığı vurğulanıb.

Rusiyanın neft daşımalarında istifadə etdiyi “kölgə donanması”na qarşı da tədbirlərin görüldüyü xatırladılaraq, Kremlə daxil olan maliyyə mənbələrinin azaldılmasının əsas məqsəd olduğu qeyd edilib.

AB indiyədək müharibə səbəbilə Rusiyaya qarşı 17 sanksiya paketi tətbiq edib. Bu çərçivədə ticarət, maliyyə, enerji (neft və kömür daxil olmaqla), sənaye, texnologiya, nəqliyyat, ikiqat istifadəli və lüks məhsullar, eləcə də qızıl və almaz kimi geniş sahələrə yayılmış məhdudiyyətlər qüvvədədir.

Dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının Rusiyadan AB-yə ixracına qadağa, bəzi Rusiya banklarının beynəlxalq ödəniş sistemi SWIFT-dən çıxarılması və bir çox media qurumlarının fəaliyyətinin dayandırılması da tətbiq edilən sanksiyalar arasındadır.

AB-nin sanksiya siyahısında 2000-dən çox şəxs və qurum yer alır. 2022-ci ilin sonunda AB ölkələri Rusiya neftinə dəniz yolu ilə idxal qadağası və barel başına 60 dollar tavan qiymət tətbiq etməyə başlamışdı.

Bu qaydalara əsasən, əgər Rusiya nefti müəyyən olunmuş qiymətdən baha satılarsa, G7 və AB ölkələrindəki şirkətlər bu neftin daşınması, sığortalanması və vasitəçilik xidmətlərini göstərə bilməz. Bu xidmətlərin təqdim oluna bilməsi üçün Rusiya nefti tavan qiymətin altında satılmalıdır.

AB, Rusiya neftinə tətbiq edilən tavan qiymətin aşağı salınmasını və ölkənin neft gəlirlərinin daha da azaldılmasını istəyir.

Məryəm Quliyeva