

“Ukrayna Prezidenti Volodimir Zelenksi Litvada baş tutan B9 sammitində müxtəlif bəyanatlar səsləndirib. Onlardan biri Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi məsələsidir, eyni zamanda, İstanbul danışıqlarına toxunub. B9 NATO-nun şərq qanadının ölkələrindən, o cümlədən NATO-ya yeni qoşulmuş şimali Avropa ölkələrini özündə ehtiva edir, yəni Rusiya ilə sərhəddə olan ölkələri. Onlar bu sammitdə əsasən Rusiya təhdidi məsələsini müzakirə etmək üçün toplandılar. Çünki Rusiya ilə birbaşa qonşuluqda yerləşdiklərinə görə Rusiyanın mümkün hücumundan ən çox narahat güclər də məhz bu dövlətlərdir. Buraya Polşa, Rumıniya, Baltikyanı ölkələri və s. aiddir. Zelenski qeyd etdi ki, Belarusda Rusiyanın hərbi təlimləri olacaq. O, bu təlimlər bəhanəsi altında Rusiyanın Avropaya mümkün hücumuna işarə etdi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.
Politoloq indiki halda Rusiya NATO müharibəsinin baş tutacağını düşünmədiyini bildirib: “Belarusdan hara hücum baş verə bilər? Ya Polşaya, ya da Baltikyanı ölkələrə. Bunların hər biri NATO üzvləridir və NATO Nizamnaməsinin 5-ci maddəsində qeyd olunub ki, bir üzv ölkəyə qarşı hücum bütün üzvlərə hücuma bərabərdir. Ona görə Rusiya bunlardan hansısa birinə hücum etsə, birbaşa NATO-nun 32 üzvü ilə müharibəyə başlayacaq. İndiki halda da Rusiyanın buna imkanları yoxdur. Yəni tək Ukrayna ilə hələ 3 ildir bacara bilməyib, ABŞ başda olmaqla 32 ölkə ilə necə bacaracaq? Ona görə də Rusiyanın NATO ilə müharibəyə daxil olması üçün ona ciddi müttəfiqlər lazımdır. Burada söhbət Şimali Koreya və İrandan getmir. Onların yardımı kifayət deyil, ən azı Çin kimi bir ölkəni öz tərəfinə çəkməlidir ki, NATO ilə birbaşa hərbə daxil olsun. Ona görə də indiki halda mən bunun baş verəcəyini düşünmürəm. Bu, qeyri-praqmatik addım olardı. Sadəcə Belarusiyada hərbi təlimlər həyata keçirməklə Rusiya öz çəkindirici gücünü nümayiş etdirmək istəyir. Yəni bir növ Qərbə mesaj ötürür ki, əgər Belarusiyaya qarşı hansısa bir hücum olarsa biz Belarusiyanı qorumağa hazırıq. Bundan əlavə mən yaxın zamanda NATO-ya hansısa bir hücum olacağını düşünmürəm”.
Röya İsrafilova