Almaniyadan Rusiyaya sanksiyalar layihəsiylə bağlı çağırış Dünya

Almaniyadan Rusiyaya sanksiyalar layihəsiylə bağlı çağırış

Almaniya Avropa Birliyini çağırıb ki, Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyaları ilə mübarizə aparsın. Çağırışı Almaniyanın iqtisadiyyat naziri iyulun 31-də edib.
Bu sanksiyalar Qərb şirkətlərinin Rusiyada biznes qurmasını əngəlləyəcək.
Rusiyanın enerji şirkətlərinə yeni sanksiyalar Konqresin ötən həftə qəbul etdiyi qanunvericiliyə salınıb və prezident Donald Trampın onu imzalayacağı gözlənir.
Rusiyanın "Gazprom" şirkəti Rusiyayla Almaniya arasında Baltik dənizi ərazisiylə "Şimal Axını 2" qaz kəməri tikir, onunla işləyən Qərb şirkətlərinə sanksiyalar gözlənir.
Avropa liderləri deyirlər ki, sanksiyalar onların enerji təhlükəsizliyini hədələyir və iqtisadiyyatlarına ziyan vurar.
"Bunu beynəlxalq hüquqa zidd sayırıq", – Almaniyanın iqtisadiyyat naziri Brigitte Zypries "Funke Mediengruppe" qəzetinin iyulun 31-də dərc etdiyi müsahibəsində deyib.
"Amerikanlar alman şirkətlərini başqa bir ölkədə biznes maraqları olduğuna görə cəzalandıra bilməzlər", – Zypries deyib.
"Əlbəttə, ticarət müharibəsi istəmirik. Ancaq Avropa Komissiyasının indi əks-tədbirləri nəzərdən keçirməsi vacibdir", – nazir söyləyib.
Zypries-in sözlərinə görə, Berlin Vaşinqtondan dəfələrlə xahiş edib ki, Avropa şirkətlərinə təsir göstərəcək maddələri qanun layihəsinə salmasın.
"Təəssüf ki, indi məhz buna gedirlər. Bu o deməkdir ki, Avropa Komissiyası da haqlı olaraq əks tədbirləri gözdən keçirməlidir", – nazir bildirib.
Sanksiyalar Rusiyaya ötən il ABŞ-da prezident seçkisinə iddia olunan müdaxiləsinə görə qoyulur. Daha bir səbəb Moskvanın Ukraynanın Krım vilayətini qanunsuz ilhaq etməsidir.
Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker ötən həftə xəbərdarlıq edib ki, "narahatlığımız yetərincə nəzərə alınmasa, bir neçə günə buna uyğun addımlar atmağa hazırıq".
Birləşmiş Ştatlar illərdir "Şimal Axını 2" layihəsinə qarşı çıxır, bu kəmərin Avropanın Rusiyadan təbii qaza görə asılılığını artıracağını bildirir. ABŞ bildirir ki, Qərbdəki müttəfiqləri enerji mənbələrini diversifikasiya etməlidirlər.
Sanksiyalar layihəsiylə Vaşinqton ilk dəfə olaraq kəmərə müxalif mövqeyini avropalı müttəfiqlərinə cəza tədbirləri qoymaqla reallaşdırıb.
"Adamda belə bir hissi yaranır ki, Birləşmiş Ştatlar öz iqtisadi maraqlarının qeydinə qalır", – Almaniya Sənaye və Ticarət Palatasının rəhbəri Volker Triere ötən həftə söyləyib.
Ölkənin xarici işlər naziri Sigmar Gabriel isə ötən həftə xəbərdarlıq edib ki, Almaniya "Şimal Axını" layihəsində iştirak edən Avropa şirkətlərinə qarşı sanksiyalara dözməyəcək.
Bəzi alman şirkətləri isə təklif edir ki, Tramp sanksiyaları imzalasa, Birləşmiş Ştatlara əks- sanksiyalar qoyulsun.