

Misirin Şarm əl-Şeyx şəhərində İsrail və HAMAS-ın nümayəndə heyətləri arasında bir başa təmas olmadan danışıqlar gedir.
Bu barədə yerli “Al Qahera News” nəşri mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, danışıqlar zamanı girovlar və məhbusların dəyişdirilməsi mexanizmi də müzakirə olunur.
İsrail tərəfinə Ron Derman, HAMAS nümayəndə heyətinə isə Qəzzada qruplaşmanın rəhbəri Xalil əl-Hayya başçılıq edir. ABŞ, Misir və Qətər diplomatları da bir başa təmas olmadan aparılan danışıqlarda iştirak edir.
Bu danışıqlar, HAMAS-ın ABŞ-ın təklif etdiyi planın bəzi elementlərini qəbul etməsindən sonra baş tutub. Plana görə, HAMAS 48 nəfərlik qalan girovları (təxminən 20 nəfərin sağ olduğu güman edilir) üç gün ərzində azad etməlidir. Eyni zamanda, HAMAS hakimiyyətdən imtina etməli və silahlarını təhvil verməlidir.
Qeyd edək ki, “Qəzzadakı münaqişənin başa çatdırılması üzrə Prezident Donald Trampın tam planı” adlı sənəd 20 bənddən ibarətdir. Sənədə görə, Qəzza sektoru terrorizm və radikalizmdən azad bir zona olmalı və "öz qonşuları üçün təhlükə yaratmamalıdır".