Ukrayna aviasiyası hava limanına zərbələr endirib Dünya

Ukrayna aviasiyası hava limanına zərbələr endirib

Donetskdə antiterror əməliyyatı davam etdirilir

Ukrayna ordusu silahlı separatçı və terrorçuların soxulduğu Donetsk beynəlxalq hava limanında aviasiyanın iştirakı ilə antiterror əməliyyatı keçirib.
APA-nın Ukrayna xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hökumət qüvvələri əvvəlcə terrorçulara silahı yerə qoymaq barədə ultimatum ünvanlayıblar, bu məqsədlə iki ədəd "Su-25" hərbi təyyarəsi xəbərdarlıq atəşi açıb. Təyyarə bütün növ silahlardan atəşə tutulduqdan sonra əməliyyat başlayıb.
İki ədəd "MiQ-29" təyyarəsi silahlı qrupa zərbələr endirib, bundan sonra silahlılar hava limanının ərazisinə dağılışıblar. Əməliyyata 4 ədəd "Mi-24" hərbi helikopteri də qoşulub. Terrorçuların zenit qurğusu hava zərbələri ilə məhv edilib. Helikopterlərdən hava limanı ərazisinə desant endirilib. Bütün jurnalistlər aeroportdan uzaqlaşdırılıb. Əməliyyat davam edir.
Özünü "Donetsk Xalq Respublikası" adlandıran qrupun nümayəndələri "Twitter"də yazıblar ki, hava limanındakı terminallardan birində yanğın başladığı bildirilir.