08:37
889
"Rusiya elə zənn edir ki, dünyaya o nəzarət edir, hamı ona boyun əyməlidir, bütün dövlətləri özündən asılı etmək üçün elə bir çirkin siyasət həyata keçirir ki... "
Bunu xalqcebhesi.az-a Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov Rusiya Xarici işlər naziri Lavrovun son müsahibəsində səsləndirdiyi fikirlərə münasibətində deyib.
Xatırladaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov TASS-a ilin son müsahibəsində hədələyici fikirlər söyləyib.
O, Avropanın Rusiyaya hücum edəcəyi halda köhnə qitənin dəhşətli zərbələrlə üzləşəcəyini bildirib:
"Əgər kimsə Rusiyaya hücum etməyə cəsarət edərsə, cavab sarsıdıcı olacaq" .
QHT sədri deyib ki, Lavrov lideri Vladimir Putin kimi Avropanı qorxutmağa çalışır: "Putinin işğalçılıq siyasəti onun gözünü kor edib. 2014-cü ildə Ukraynada hakimiyyət xalq üsyanı ilə dəyişəndən sonra Rusiya bu ölkənin Krım yarımadasını zəbt edərək martın 18-də özünə birləşdirib, Donetsk və Luqansk vilayətlərinin isə bir hissəsində separatçı rejimlər qurub.
2022-ci il fevralın 21-də Rusiya Ukrayna torpağında qurulmuş “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanıyıb, hər iki separatçı rejimlə dostluq və qarşılıqlı yardım haqqında müqavilələr imzalanıb.
Moldovanın Dnestryanı bölgəsi 1990-cı ildə ölkədən ayrıldığını elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub və o zamandan bəri ərazini nəzarətdə saxlayır.
Qarabağ və Şərqi Zəngəzurun da işğalında Ermənistana dəstək olub, Gürcüstanın Cənubi Osetiya və Abxaziya respublikalarını işğal edib, indi də Ukraynaya göz dikib. Bu azmış kimi Avropanı hədələyir, hərdən də qonşu ölkələrin sərhədlərini pozaraq əzələ nümayiş etdirir. Ancaq Kreml işğalçılıq siyasətini sonadək davam etdirə bilməyəcək".
Cavid