Avronestin Siyasi komitəsinin iclası keçirilib Dünya

Avronestin Siyasi komitəsinin iclası keçirilib

Parlamentarlar Xocalı soyqırımı ilə bağlı yeni nəsillərin məlumatlandırılmasının vacibliyini vurğulayıblar
Belçikanın paytaxtı Brüsseldə Avronest Parlament Assambleyasının komitə iclasları keçirilib. Milli Məclisin üzvləri Ceyhun Osmanlı, Fuad Muradov və Asim Mollazadə qurumun Siyasi komitəsinin iclasında iştirak ediblər. Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda "Şərq tərəfdaşlığı" ölkələrində cari vəziyyət və komitədə hazırlanmış məruzə müzakirə olunub.
A. Mollazadə çıxışında təklif edib ki, "Şərq tərəfdaşlığı" məkanında separatizmin qəbuledilməz olduğu komitənin məruzəsində öz əksini tapsın. O, fikrini belə əsaslandırıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ssenarini quruma digər üzv ölkələrdə də tətbiq etməyə çalışan qüvvələr var. Bu məsələdə Avropa Birliyi "Şərq tərəfdaşlığı" ölkələrini dəstəkləməlidir.
Fuad Muradov təşkilata üzv ölkələrdə baş verən hadisələrə, o cümlədən Ukraynada olanlara Avropa Birliyinin gec mövqe bildirdiyini, gözləmə mövqeyini tutduğunu söyləyib. O, yalnız digər qüvvələrin reaksiyasından sonra təşkilatın mövqe açıqlamasının heç də düzgün olmadığını ifadə edib. Deputat AB-ni "Şərq tərəfdaşları" ilə paralel olaraq Mərkəzi Asiya regionuna da xüsusi diqqət yetirməyə, qurum çərçivəsindəki proseslərə bu ölkələri də daxil etməyə çağırıb. Onun bu fikirləri AB xarici siyasət xidmətinin Rusiya, "Şərq tərəfdaşlığı" və Mərkəzi Asiya departamentinin rəhbəri Qunnar Vieqand tərəfindən müsbət dəyərləndirilib.
İclasda çıxış edən Ceyhun Osmanlı bəzi tərəfdaş dövlətlər tərəfindən Avropa Birliyinə ancaq maliyyə resursu kimi baxılmasının düzgün olmadığını söyləyib. O, birliyin dəyərlər inteqrasiyası olduğunu qeyd edərək, bu prosesdə tərəqqipərvər dəyərlərin mübadiləsinin prioritet sayılmasının vacibliyini bildirib. Deputatın bu yanaşması komissiya təmsilçiləri tərəfindən dəstəklənib.
Müzakirələr zamanı azərbaycanlı parlamentarlar Xocalı soyqırımının öyrənilməsinin və gələcəkdə bu cür halların bir daha baş verməməsi üçün yeni nəsillərin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.