“İsveçrə Almaniyanın iqtisadi “peyki” olub” Dünya

“İsveçrə Almaniyanın iqtisadi “peyki” olub”

“İkinci Dünya müharibəsi dövründə İsveçrə ilə Almaniya arasındakı neytrallıq anlaşmasını təkcə ticarət əlaqəsi kimi deyil, həm də hər iki tərəfin strateji sağqalma resurslarının idarə edilməsi baxımından qiymətləndirmək olar”.

Bu sözləri Hərbi ekspert Səxavət Məmmədov Xalqcebhesi.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Almaniya işğal etdiyi ölkələrdən topladığı qızılları və valyutaları İsveçrəyə göndərir, İsveçrə banklarında saxlayırdı və bunun əvəzində naviqasiya cihazları, müxtəlif texniki vasitələr alırdı ki, bunlar sonradan hərbi texnikada istifadə olunurdu: “İsveçrə faktiki olaraq Almaniyanın iqtisadi “peyki” rolunu oynayırdı. Neytrallıq sözdə qorunurdu, amma reallıqda İsveçrə Almaniya ilə iqtisadi baxımdan qarşılıqlı asılı vəziyyətdə idi. Hər iki tərəf bir-birinə lazım idi, İsveçrə isə Almaniyadan çəkinirdi ki, işğal ilə üz-üzə qalmasın”.

Ekspert əlavə edib ki, müharibənin sonunda ABŞ və Böyük Britaniyanın təzyiqi nəticəsində İsveçrə ticarəti dayandırmalı oldu və bu, ölkənin həm hərbi, həm də iqtisadi baxımdan neytrallığını faktiki olaraq qorumasına imkan verdi.

Günel Elxan