Sarkisyandan Avrasiya İttifaqı açıqlaması Dünya

Sarkisyandan Avrasiya İttifaqı açıqlaması

Rəsmi İrəvan Qarabağla sərhədə gömrük məntəqəsi qoymaqdan imtina edir

"Ermənistanla Dağlıq Qarabağ arasında gömrük məntəqəsi olmayacaq". Ölkənin iqtisadiyyat naziri Karen Çşmarityan iyunun 2-də belə açıqlama verib.
"Media forum" saytının məlumatına görə, "Dağlıq Qarabağsız Avrasiya Birliyinə daxil olmaq Ermənistanı narahat etməlidirmi" sualına Çşmarityan belə cavab verib: "Bəyəm biz Qarabağla hansısa beynəlxalq təşkilata - Dünya Ticarət Təşkilatına, MDB-yə və ya harasa daxil oluruq? İndiki halda bu heç nəyi dəyişmir, Dağlıq Qarabağda istehsal olunan mallar MDB-də, Avropada və dünyanın digər yerlərində məhdudiyyətsiz dövr edə bilər".
Ermənistan prezidenti Serj Sarkisyan isə hakim partiyanın gənclər təşkilatının qurultayında deyib: "Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil və Qarabağ problemi Gömrük İttifaqında həll olunmur".
Qazaxıstan prezidentinin Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan prezidentinin məktubunu oxuyarkən səsləndirdiyi fikirlərə münasibət bildirən S.Sarkisyan Ermənistanın Gömrük İttifaqındakı üzvlüyünə hər hansı maneələrin olmadığını bildirib: "Kim deyib ki, biz Gömrük İttifaqına Dağlıq Qarabağla birlikdə qəbul olunacağıq? Belə bir şey olmayıb və ola da bilməzdi. Çünki ən azı qanunvericiliyimizə və baxışlarımıza əsasən, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil. Gömrük İttifaqındakı üzvlüyün Dağlıq Qarabağ probleminin həllinə təsir gücünə gəldikdə isə, bu, birmənalıdır. Əlbəttə ki, Nursultan Nazarbayevin səsləndirdiyi fikirlər xoş olmayıb. Lakin bu, bizə hansısa zərər verə bilməz".
Xatırladaq ki, Qazaxıstan prezidenti Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədləri çərçivəsində qoşula biləcəyini bəyan edib.