Putinin Türkiyədə bu sazişi imzalamamasının səbəbi Dünya

Putinin Türkiyədə bu sazişi imzalamamasının səbəbi

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı S-400 raket sistemlərinin satışı ilə bağlı müqavilənin imzalanma mərasiminin baş tutmaması ondan xəbər verir ki, tərəflər əllərində olan səhmləri saxlamaqla kifayətləniblər. İki dövlət arasında bəzi məqamlarda yaxınlaşma olsa da, strateji hakimiyyətin daha sıx əlaqə qurmaq məsələləri hələ də müşkül olaraq qalır.
Bu sözləri Tofiq Abbasov deyib. O bildirib ki, Rusiyadan S-400 raket sistemlərinin alınması Türkiyə tərəfindən əzələ nümayişini xatırladır, digər tərəfdən də onun bölgədəki geosiyasi çəkisinin artmasına hesablanıb:
"Problemlərin ən böyüyü ABŞ və Qərb ölkələrinin Rusiya ilə Türkiyənin hərbi-texniki sahədə yaxınlaşmasını birmənalı qarşılamamasıdır. Digər tərəfdən Türkiyə ordusunun silah-sursat təchizatı NATO xətti ilə həyata keçirilir. Silah bazarında hazırda çox böyük sıxlıq var. ABŞ birinci mövqedədir, onun ardınca Çin Xalq Respublikası, Fransa gəlir. Rusiyanın da burada fəallıq göstərməsi başadüşüləndir, çünki Rusiya silah bazarında ilk üçlükdə yerini möhkəmləndirməyə çalışır. Bu baxımdan Türkiyə Rusiya üçün həm strateji tərəfdaş, həm qonşu dövlət, həm də ixracatçı kimi maraqlıdırsa, Türkiyənin burada başqa niyyətləri var idi. Türkiyənin əsas məqsədi ABŞ-a özünün manevrli, çevik bir oyunçu olmasını sübut etmək istəməsidir. Çünki bir çox məsələlərdə, xüsusilə Yaxın Şərq və Orta Asiya problemləri çərçivəsində rəsmi Ankara ilə Vaşinqtonun arasında böyük narazılıqlar, ixtilaflar və anlaşmazlıqlar yaşanır. Bu baxımdan ABŞ kürd yaraqlılarını silahlandırmasını Türkiyə böyük qıcıqla qarşılayır".
Politoloq qeyd edib ki, Türkiyə özünün azad fikirli, müstəqil, ABŞ-dan asılı olmamasını təsdiqləmək üçün Rusiya ilə hərbi-sənaye sahəsindəki əməkdaşlığını genişləndirməyə çalışır:
"Ancaq son vaxtlar Türkiyənin NATO-dan çıxması ilə bağlı dolaşan söz-söhbətlər, şayiələr və məlumatlar bir növ özünü təsdiqləmir. Çünki Türkiyə Qərbə çox bağlı dövlətdir və onun buradan uzaqlaşması absurd görünür. Əgər Türkiyə buradan uzaqlaşmağı istəsə, bu çox ağrılı şəkildə baş verə bilər. Məhz bu səbəbdən də ABŞ Türkiyənin Qərbdən uzaqlaşmasına mane olmaq istəyir. Çünki Rusiya biznesinin, təmsilçilik baxımından imkanlarının Türkiyə bazarında artması ABŞ-ı narahat etməyə bilməz. Rəsmi Vaşinqton çalışır ki, əlaqələrin möhkəmlənməsi baş tutmasın".
Politoloq vurğulayıb ki, S-400-lərin Rusiyadan alınması prosesinin müsbət həllində xeyli problemlər, əngəllər var:
"Türkiyə Rusiyanın qarşısında şərt qoydu ki, S-400-ləri birgə istehsal edəcəyimiz təqdirdə almağa hazırıq. Rusiya isə buna birmənalı şəkildə yox demişdi. Bu baxımdan bəlli olur ki, bu prosesin yaxın vaxtlarda öz həllini tapacağı inandırıcı görünmür".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı S-400 raket sistemlərinin satışı ilə bağlı müqaviləni imzalamaqdan son anda imtina edib. O, jurnalistlərə açıqlamasında kredit proseduru yekunlaşdıqdan sonra S-400-lə bağlı imzalanma mərasimi olacağını bildirib.