Avropa İttifaqı və ABŞ yeni ticarət sazişi barədə razılığa gəliblər Dünya

Avropa İttifaqı və ABŞ yeni ticarət sazişi barədə razılığa gəliblər

Avropa İttifaqı (Aİ) və ABŞ nümayəndələri ticarət sazişinin qanunvericiliklə tənzimlənməsi barədə razılıq əldə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Parlamentinin "Avropa Xalq Partiyası" fraksiyasının baş danışıqçısı, deputat Jelyana Zovko "X" sosial şəbəkəsində məlumat verib.

Avropa Parlamentinin üzvü yazıb: "Biz saziş bağladıq! Avropa transatlantik ticarətdə gərginliyin dağıdıcı şəkildə artmasından yayındı və Atlantik okeanının hər iki tayındakı Avropa şirkətlərini, investisiyalarını və milyonlarla iş yerini qorudu".

Zovko əlavə edib ki, o, lap əvvəldən Aİ-nin Avropa ölkələrinin ən yaxın strateji və iqtisadi tərəfdaşı olan ABŞ ilə ticarət müharibəsinə yol verə bilməyəcəyi mövqeyindən çıxış edib.

"Dünyada artan qeyri-sabitlik şəraitində sınaqdan keçmiş dostlar düşmənə çevrilməməli, tərəfdaş olaraq qalmalıdırlar", – deyə Zovko vurğulayıb.

Məryəm Quliyeva