Böyük Britaniya Ukraynanın bərpasına əlavə olaraq 380 milyon dollar ayırıb Gündəm

Böyük Britaniya Ukraynanın bərpasına əlavə olaraq 380 milyon dollar ayırıb

Böyük Britaniya hökuməti Ukraynanın bərpası üçün əlavə olaraq 290 milyon funt-sterlinq (380 milyon dollar) vəsait ayırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Krallığın xarici işlər naziri Ivett Kuper məlumat verib.

Yeni yardım paketinə Ukraynanın dövlət şirkəti "Enerqoatom"u nüvə yanacağı ilə təmin etmək üçün Britaniyanın "Urenco" şirkəti ilə imzalanmış 210 milyon funt-sterlinqlik müqavilə daxildir. Bundan əlavə, Britaniya tərəfi "Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Ukraynanın bərpa olunan enerji və bank sektorundakı layihələrinə 65 milyon funt-sterlinqədər vəsait ayıracaq". Böyük Britaniya XİN-in bəyanatında deyilir: "Bu investisiyalar çərçivəsində iki külək elektrik stansiyasının tikintisi və 'Lvov' bankı vasitəsilə biznesin dəstəklənməsi planlaşdırılır".

Bununla yanaşı, Britaniya şirkətləri Lvov hava limanının modernləşdirilməsində iştirak edəcəklər. Vəsaitin bir hissəsi isə Ukraynada korrupsiya ilə mübarizə, məhkəmə və dövlət idarəçiliyi sahələrindəki islahat proqramlarının icrasına yönəldiləcək. Kuper bu barədə Qdanskda keçirilən Ukraynanın bərpası üzrə konfransda çıxışı zamanı bildirib. Beləliklə, 2022-ci ildən bəri Böyük Britaniyanın Ukraynaya qeyri-hərbi məqsədlər üçün ayırdığı yardımın ümumi həcmi 5,6 milyard funt-sterlinqə (7,4 milyard dollar) çatıb.

Məryəm Quliyeva