Kiyevə endirilən zərbələr: Ölənlərin sayı 19 nəfərə çatıb Gündəm

Kiyevə endirilən zərbələr: Ölənlərin sayı 19 nəfərə çatıb

Rusiyanın Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 19 nəfərə yüksəlib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) səhər məlumatında bildirilib.

"İyulun 6-na keçən gecə Rusiyanın endirdiyi zərbə nəticəsində Kiyevdə həlak olanların sayı 19 nəfərə çatıb. Darnitsa rayonunda xilasedicilər dağıntılar altından daha bir cəsəd çıxarıblar. İşlər davam edir", — deyib.

Gecə saatlarında xilasedicilərin dağıntılar altından iki nəfərin cəsədini çıxardığı bildirilmişdi.

Bundan əvvəl Ukrayna FHDX-nin rəhbəri Andrey Danik jurnalistlərə bəyan etmişdi ki, Kiyev və Kiyev vilayətində aparılan axtarış və qəza-xilasetmə tədbirləri zamanı əsas qüvvələr paytaxtın iki rayonuna və Vişnyovoye şəhərinə yönəldilib.

İyulun 6-da hadisə yerlərinə FHDX-nin 1000-dən çox mütəxəssisi və 250 ədəd texnikası cəlb olunub. Danik xilasedicilərin bütün dağıntılar tam təmizlənənədək işləyəcəklərini dəqiqləşdirib.

Xatırladaq ki, iyulun 6-na keçən gecə Rusiya Ukrayna ərazisinə kütləvi raket və dron zərbələri endirib.

Məryəm Quliyeva