09:22
1 260
Rusiyanın Kiyevə zərbəsi nəticəsində ölənlərin sayı 19 nəfərə yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin (FHDX) səhər məlumatında bildirilib.
"İyulun 6-na keçən gecə Rusiyanın endirdiyi zərbə nəticəsində Kiyevdə həlak olanların sayı 19 nəfərə çatıb. Darnitsa rayonunda xilasedicilər dağıntılar altından daha bir cəsəd çıxarıblar. İşlər davam edir", — deyib.
Gecə saatlarında xilasedicilərin dağıntılar altından iki nəfərin cəsədini çıxardığı bildirilmişdi.
Bundan əvvəl Ukrayna FHDX-nin rəhbəri Andrey Danik jurnalistlərə bəyan etmişdi ki, Kiyev və Kiyev vilayətində aparılan axtarış və qəza-xilasetmə tədbirləri zamanı əsas qüvvələr paytaxtın iki rayonuna və Vişnyovoye şəhərinə yönəldilib.
İyulun 6-da hadisə yerlərinə FHDX-nin 1000-dən çox mütəxəssisi və 250 ədəd texnikası cəlb olunub. Danik xilasedicilərin bütün dağıntılar tam təmizlənənədək işləyəcəklərini dəqiqləşdirib.
Xatırladaq ki, iyulun 6-na keçən gecə Rusiya Ukrayna ərazisinə kütləvi raket və dron zərbələri endirib.
Məryəm Quliyeva