14:55
378
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) fəaliyyəti siyasiləşib, BCM-nin müstəqil organ kimi statusunu isə onun seçiciliyi və qərəzli olması sarsıdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Tacikistan xarici işlər nazirinin müavini İdibek Qalandar oktyabrın 1-də parlamentin aşağı palatasının deputatları qarşısında çıxış edərkən bildirib və onları "Beynəlxalq Cinayət Məhkəməsinin Statutunun qüvvədən düşməsi haqqında" qərar qəbul etməyə çağırıb.
Oktyabrın 1-də Tacikistan parlamentinin aşağı palatası bu qərarı təsdiqləyib. Bu addım ölkənin BCM-dən çıxması prosesinə start verir, çünki respublika qanunvericiliyinə əsasən, ratifikasiya olunmuş beynəlxalq müqavilələrin ləğvi (denonsasiyası) haqqında qərarı məhz parlamentin aşağı palatası qəbul edir.
"Təəssüf ki, Beynəlxalq Cinayət Məhkəməsi ətrafında baş verən son hadisələr beynəlxalq cinayət ədalətinin təmin edilməsi işində proseslərin mürəkkəbliyini və çoxşaxəliliyini, həmçinin məhkəmənin fəaliyyətinin artan siyasiləşməsini göstərdi. Bu tendensiyalar beynəlxalq cinayət ədalətini tədricən dövlətlərarası mübahisələrin həlli zamanı siyasi təzyiq alətinə çevirir və bununla da müəyyən edilmiş diplomatik çərçivələri görməzdən gəlir. Belə seçicilik və qərəzlilik Beynəlxalq Cinayət Məhkəməsinin müstəqil organ kimi statusunu sarsıdır", - deyə Qalandarın sözlərini parlamentin "Sadoi mardum" ("Xalq səsi") qəzeti sitat gətirir.
Məryəm Quliyeva