“Şagirdlər məktəbə məktəbli formasında getməlidir” Gündəm

“Şagirdlər məktəbə məktəbli formasında getməlidir”

“Azərbaycan xalqı heç zaman hicab taxmayıb. Bizdə başıbağlı, çadralı qadınlar olub. Onlar da keçən əsrin ortalarında çadranı atıblar. Çadra nəyə lazım idi? Çadranı örtən qadınlar çadranın altına qapanıb, evin bir küncündə qorxusundan otururdu və nə cəmiyyətə çıxa, nə təhsil ala, nə də inkişaf edə bilirdi”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov bildirib.

Xalq artisti o dövrün artıq keçdiyini vurğulayıb: “Azərbaycan dünyada inkişaf etmiş ölkələrlə bir səviyyədə olan ölkədir. Bizə keçmişə, qaranlığa qayıtmaq yaraşmaz, irəli gedib, inkişaf etməliyik. Həmçinin Azərbaycan çox tolerant ölkədir, burada İslam, xristian, yəhudi və digər dinlər var. Azərbaycanda heç vaxt dini təriqət, münaqişələr baş verməyib. İnsanın qəlbində Allaha sevgisi olmalıdır. Qadınlar ziyarət yerlərinə gedəndə başlarını örtürlər. Elə də olmalıdır. Bizim müqəddəs Qurani-Kərimdə də qız uşaqlarının məktəbə hicabla getməsi yazılmayıb. Belə bir şey yoxdur, olmayıb, ola da bilməz. Dövlətimiz, hakimiyyətimiz sağ olsun ki, bu məsələyə çox ciddi yanaşır. Bu, Azərbaycana qarşı böyük bir təhlükədir”.

H.İsmayılovun sözlərinə görə, hicabı orta məktəb, təhsil ocaqlarına gətirmək, bununla qarşıdurma, münaqişə yaratmaq doğru deyil: “Biz ziyalı, sənət adamları hamımız bir yerdə dövlətimizin, hökumətimizin yanındayıq, şagirdlər məktəbə məktəbli formasında getməlidir. Evinə qayıdandan sonra istəsə evində namaz qıla bilər, Allaha dua da edə bilər. Bunu heç kim onun əlindən almır. Mən inanıram ki, bu məsələ bir kampaniyadır. Məqsəd isə Azərbaycan xalqı arasında qarşıdurma, ayrı-seçkilik yaratmaqdır. Məktəbli forması şagirdlər üçün vahid bir geyimdir”.

Röya İsrafilova