"Referendumun ümumiyyətlə təyin olunmaması riski mövcuddur" Dünya

"Referendumun ümumiyyətlə təyin olunmaması riski mövcuddur"

Ermənistanda yeni Konstitusiyanın qəbulu ilə bağlı referendumun baş tutmaması və ya parlamentdə yetərli səs toplanmadığına görə təyin edilməməsi, ya da səsvermədə xalq tərəfindən rədd edilməsi həm ölkənin daxili siyasətində, həm də Azərbaycanla sülh prosesində ciddi nəticələrə gətirib çıxara bilər.

Bunu xalqcebhesi.az-a politoloq Bakir Həsənbəyli deyib.

"2026-cı ilin noyabrında açıqlanan rəsmi mövqelərə və analitik dəyərləndirmələrə əsasən, mümkün ssenarilərin ola bilər. Bakı sülh sazişini imzalamaq üçün Ermənistan Konstitusiyasının preambulasından 1990-cı il Müstəqillik Bəyannaməsinə və onun vasitəsilə Qarabağın birləşdirilməsinə olan istinadın çıxarılmasını əsas şərt kimi irəli sürüb. 2026-cı il noyabrın 23-də dərc olunan yeni layihədə bu istinad çıxarılsa da, referendum baş tutmasa, köhnə Konstitusiya qüvvədə qalacaq" -o, qeyd edib.

B.Həsənbəyli deyib ki, Baş nazir Nikol Paşinyan yeni Konstitusiyanın qəbulunu Azərbaycanla institusional və dönməz sülhün zəmanəti adlandırıb. Referendumun uğursuzluğu 2025-ci ilin avqustunda paraflanmış sülh sazişinin rəsmi imzalanmasını və ratifikasiyasını qeyri-müəyyən müddətə təxirə sala, regionda münasibətlərin normallaşmasını və kommunikasiyaların açılmasını bloklaya bilər.

Paşinyan 2026-cı ilin noyabrında verdiyi açıqlamalarda referendumda xalq yeni Konstitusiyanı rədd edərsə, baş nazir postundan istefa verəcəyini bəyan etdi. Həm müxalifətin parlamentdə referendumun təyin olunmasına mane olması, həm də referendumun xalq tərəfindən rədd edilməsi ölkədə növbədənkənar parlament seçkilərinə gətirib çıxara bilər:

"Paşinyan həmçinin bildirib ki, seçicilər layihəni rədd edib o istefa verərsə, növbəti seçkilərdə namizədliyini irəli sürməyəcək. Sənədin referenduma çıxarılması üçün Ermənistan parlamentindəki 105 deputatdan azı 70-nin yəni üçdə iki səs çoxluğunun dəstəyi tələb olunur. Hakim Vətəndaş Müqaviləsi partiyasının parlamentdə 64 yeri var və referendumu təyin etmək üçün müxalifətdən ən azı 6 deputatın səsinə ehtiyac duyulur.

Müxalifət qüvvələri layihəni Azərbaycan və Türkiyəyə güzəşt kimi qiymətləndirərək onu dəstəkləməkdən imtina etdiyi üçün referendumun ümumiyyətlə təyin olunmaması riski mövcuddur. Bəzi erməni politoloqlar referendumun uğursuzluğa düçar olmasının ölkə üçün dövlətçilik itkisi riski yaratdığını bildirir. Baş nazir Paşinyan isə xalqa müraciətində mövcud Konstitusiyanın ölkəni həssas vəziyyətdə saxladığını və yeni sənədin qəbul edilməməsinin sülh imkanını əldən verəcəyini vurğulayır.

Paşinyan bu bəyanatla siyasi mübarizə qaydalarını dəyişməyə çalışır, lakin referendumun baş tutmaması ölkədə ciddi hakimiyyət böhranı və siyasi qeyri-müəyyənlik yarada bilər. Parlament maneəsini aşmaq üçün nəzərdə tutulan digər hüquqi mexanizm vətəndaşların təşəbbüsü ilə 200 min imzanın toplanmasıdır. Lakin bu halda belə parlament layihəni rədd edərsə, referendumun keçirilməsi üçün yenə də deputatların beşdə üçünün dəstəyi tələb olunur. Referendum baş tutmasa, yekun sülh müqaviləsinin imzalanması qeyri-müəyyən müddətə təxirə düşəcək. Sülh sazişinin imzalanmaması və Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddialarının qüvvədə qalması regionu gələcək təhlükəsizlik təhdidlərinə sürükləyə bilər. Mövcud konstitusiyanın dəyişdirilməməsi təkcə Bakı ilə deyil, həm də Türkiyə ilə münasibətlərin normallaşması, sərhədlərin açılması və Ermənistanın regional nəqliyyat layihələrinə inteqrasiyası proseslərini bloklayacaq.

Ermənistanda konstitusiya referendumu baş tutmasa və ya yeni layihə qəbul edilməsə, Azərbaycan yekun sülh müqaviləsini imzalamayacaq. Bakının mövqeyinə görə, Konstitusiya dəyişmədən sülh sazişi imzalanarsa, gələcəkdə Ermənistanda hakimiyyətə gələ biləcək istənilən qüvvə Konstitusiya Məhkəməsi vasitəsilə həmin sazişi ləğv edə və yenidən ərazi iddiaları qaldıra bilər. 2025-ci il avqustun 8-də Vaşinqtonda sülh sazişinin mətni paraflansa da, rəsmi Bakı yekun imza üçün konstitusiya dəyişikliyini əsas şərt kimi saxlayır. Sülh sazişi imzalanmayacaqsa Azərbaycan öz milli maraqlarına uyğun şəkildə təhlükəsizlik tədbirlərini davam etdirəcək.

Referendumun sülh müqaviləsi üçün ilkin şərt kimi qalması fonunda prosesin dalana dirənməsi regional nəqliyyat-kommunikasiya layihələrinin, o cümlədən Vaşinqton bəyannaməsində yer alan TRIPP marşrutunun tam işə düşməsini gecikdirə bilər. Lkain yekun sülh sazişi olmasa belə, sərhədlərin delimitasiyası üzrə ikitərəfli işlərin məhdud çərçivədə davam etdirilməsi ehtimalı nəzərdən keçiriləcək. Referendumun baş tutmaması Ermənistanda dərin daxili siyasi böhrana və hakimiyyət dəyişikliyinə səbəb ola bilər ki, bu da Bakının yeni danışıqlar strategiyası müəyyənləşdirməsini zəruri edəcək".

Cavid